İspaniya hərbçiləri NATO-nun “Dynamic Mariner 25″ hərbi təlimində iştirak edirlər, Barbate, İspaniya, 28 mart 2025 (foto: Jon Nazca/”Reuters”)
“Reuters” agentliyi adını açıqlamadığı ABŞ rəsmisinə istinadən xəbər verir ki, Pentaqon NATO-ya daxili elektron poçt vasitəsilə göndərildiyi məktubda ABŞ-nin İran əleyhinə kampaniyanı dəstəkləməyən müttəfiqləri, o cümlədən İspaniyanı cəzalandırmaqla bağlı tədbirlər təklif edib.
Məktubda həmçinin təklif olunub ki, Atlantik okeanın cənubunda yerləşən, Böyük Britaniyanın və eyni zamanda Argentinanın da iddia etdiyi Folklend adalarına ABŞ-nin mövqeyinə yenidən baxılsın.
NATO-nun nümayəndəsi BBC-yə bildirib ki, təşkilatın təsis müqaviləsində “üzvlüyün dayandırılması və ya alyansdan çıxarılma barədə heç bir müddəa yoxdur”.
ABŞ və İsrail İranla müharibəyə başlayandan və Hörmüz boğazı blokadaya alınandan sonra Amerika prezidenti Donald Trump NATO müttəfiqlərini prosesdə daha fəal iştirak etmədiklərinə görə dəfələrlə tənqid edib.
Bu müddət ərzində İspaniya ABŞ-yə öz ərazisindəki aviabazalardan İrana qarşı hücumlarda istifadə etməyə icazə verməyib.
Amerikanın bu ölkədə iki hərbi bazası var — “Rota” hərbi-dəniz bazası və “Moron” aviabazası.
“Politfm”



