Gizli xidmətin əməkdaşları ABŞ prezidenti Donald Trampı Ağ Ev müxbirlərinin şam yeməyi tədbirindən çıxarırlar, Vaşinqton, 25 aprel 2026 (Foto: “Alamy Stock Photo”)
ABŞ-də president Donald Trampın da iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının (WHCA) illik qəbul mərasimində silahlı insident olub.
Hadisə 25 apreldə axşam saatlarında, Vaşinqtondakı “Washington Hilton” otelində baş verib. Silahlı şəxs mühafizə xidmətinin əməkdaşlarına atəş açaraq tədbirin keçirildiyi zala yaxınlaşmağa cəhd edib (“Reuters”).
Zalda panika yaranıb. Trampı, xanımı Melaniya Trampı, vitse-prezident C.D.Vensi və digər yüksək vəzifəli şəxsləri dərhal təxliyə ediblər.
İlkin məlumata görə, hücum edən şəxs tək olub, ov tüfəngi və tapançayla silahlanıb. O, təhlükəsizlik xidməti tərəfindən zərərsizləşdirilərək saxlanılıb.
Hadisə zamanı azı bir təhlükəsizlik əməkdaşı yaralanıb.
Hücumun mümkün hədəfinin prezident və administrasiya üzvləri ola biləcəyi, amma motivin hələ ki bilinmədiyi açıqlanıb. Bu barədə bazar günü ABŞ baş prokurorunun səlahiyyətlərini icra edən Todd Blanş məlumat verib.
O, “NBC News” kanalına müsahibəsində bildirib ki, saxlanılan şəxs, çox güman, Los-Ancelesdən Çikaqoya, oradan da Vaşinqtona qatarla gəlib.
Blanş əlavə edib ki, bazar ertəsi ona qarşı federal məmura hücum, odlu silahdan istifadə və federal məmuru qətlə yetirməyə cəhd ittihamları irəli sürüləcək. O həmçinin qeyd edib ki, hücumun İranla əlaqəsinin olub-olmadığı barədə informasiya yoxdur.
Hadisədən sonra Ağ Evdə keçirilən brifinqdə Donald Tramp jurnalistlərə açıqlamasında deyib ki, yaralanan əməkdaş gülləkeçirməz jilet sayəsində sağ qalıb və hazırda vəziyyəti yaxşıdır. Xidmətin sözçüsü Anthoni Qulyelmi onun artıq xəstəxanadan buraxıldığını bildirib.
Hadisəni törədən şəxsin – Koul Tomas Allenin yüksək texniki təhsilə malik olduğu bildirilir. O, Kaloforniya Texnolpgiya İnstitutunda mexanika mühəndisliyi üzrə təhsil alıb, daha sonra Domingez Hillz adına Kaliforniya Dövlət Universitetində kompüter elmləri üzrə magistr dərəcəsi əldə edib.
Müxtəlif dövrlərdə repetitor kimi çalışıb, eyni zamanda proqramçı və oyun tərbitatçısı olub. KİV-lərdə onun NASA ilə əlaqəsi barədə iddialar yer alsa da, bu məlumat rəsmi şəkildə təsdiqlənməyib, daha çox şəxsi profil məlumatlarına əsaslanır.
Rəsmilərin sözlərinə görə, Allen hadisədən bir neçə dəqiqə əvvəl ailə üzvlərinə electron məktublar göndərərək özünü “federal səviyyəli dost qatil” adlandırıb və Tramp administrasiyasının siyasətini kəskin tənqid edib (“thejournal.ie).
O, Tramp barədə dəfələrlə, amma adını qeyd etmədən yazıb. Administrasiyanın bir sıra qərarlarına, o cümlədən ABŞ-nin narkotik qaçaqmalçılığıyla məşğul olan gəmilərə qarşı zərbələrinə narazılıq ifadə olunub.
Müstəntiqlər bu yazışmaları, eləcə də sosial şəbəkələrdəki paylaşımlar zəncirini və ailə üzvlərinin dediklərini Allenin düşüncə tərzini və mümkün motivlərini müəyyən etmək baxımından güclü sübutlar kimi qiymətləndirirlər.
“Politfm”



