Foto: “lentv24.ru”

 


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı açıq məktubda müharibəyə son qoyulması üçün birbaşa danışıqlar aparmağı və ikisi arasında görüş keçirməyi təklif edib. Putin ertəsi gün təklifə cavab verərək hazırkı şəraitdə belə bir görüşdə “məna görmədiyini” bildirib.

İyunun 4-də dərc olunan məktubunda Zelenski Putinə müraciətlə yazıb ki, dörd ildən artıqdır davam edən müharibəyə son qoymağın vaxtı çatıb və bunun üçün dövlət başçıları səviyyəsində siyasi qərarlar qəbul edilməlidir. Ukrayna lideri hər hansı neytral ölkədə – İsveçrədə, Türkiyədə və ya ərəb dövlətlərindən birində görüş keçirməyi təklif edib (“Reuters”).

“İndi seçim sizindir. Vuruşmaq bəs edər. Müharibəsiz həyatın sonsuz dərəcədə daha yaxşı olduğunu bilirik və buna nail olmaq istəyirik” – Zelenski məktubunda belə yazıb.
O həmçinin qeyd edib ki, Kiyev danışıqlar boyunca tam atəşkəsə razıdır. Ukrayna prezidenti “hamının hamıya” prinsipi əsasında əsir mübadiləsi etməyi, Rusiyaya aparılmış ukraynalı mülki şəxslərin və uşaqların geri qaytarılmasını da təklif edib.

Zelenski məktubunda Putinin 26 illik hakimiyyət dövrünü də sərt tənqid edib. O bildirib ki, Rusiyada getdikcə daha çox insan müharibədən, iqtisadi çətinliklərdən, inflyasiyadan və Ukraynanın raket-dron hücumlarının yaratdığı təhlükələrdən yorulur. Ukrayna liderinin fikrincə, Rusiyanın özündə də sülhə tələbat artır.

“Rusiya yorulanda ölkədə dəyişikliklər baş verdiyini siz yaxşı bilirsiniz. Bu, Rusiya tarixində bilinən faktıdır” deyə, Zelenski vurğulayıb.

O bildirib ki, hazırda Vaşinqtonun diqqətinin İran ətrafındakı hadisələrə yönəldiyi bir vaxtda Tramp administrasiyasının yenidən Ukraynadakı müharibəyə fokslanacağını gözləmək düzgün olmazdı.

Bildirilir ki, məktubun nüsxələri ABŞ da daxil olmaqla, bir neçə ölkəyə göndərilib.
Kremlin sözçüsü Dmitri Peskov bu gün – iyunun 5-də jurnalistlərə açıqlamasında deyib ki, məktub Putinə təqdim olunub.

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxış edən Rusiya prezidenti isə Zelenskinin təklifinə publik şəkildə cavab verərək Ukrayna liderinin məktubunu tənqid edib, hazırkı şəraitdə onunla görüşmək üçün əsas görmədiyini bildirib.

“Mən belə bir görüşdə məna görmürəm” deyən Putin qeyd edib ki, əvvəlcə danışıqlar üçün zəruri şərtlər formalaşdırılmalıdır, uzunmüddətli razılaşmalarsa siyasi bəyanatlar vasitəsilə yox, mütəxəssislərin işi nəticəsində hazırlanmalıdır.

Rusiya prezidenti son günlər Ukraynanın həyata keçirdiyi dron hücumlarına işarə edərək bildirib ki, belə şəraitdə birbaşa təmaslardan danışmaq çətindir. Bununla yanaşı, Putin Moskvanın prinsip etibarilə danışıqlara qarşı olmadığını və müəyyən şərtlər daxilində diplomatik həll variantlarını nəzərdən keçirməyə hazır olduğunu deyib.

Zelenski Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı hücumundan sonra Putinə ilk dəfədir publik müraciət edir. Analitiklər hesab edirlər ki, məktubun əsas auditoriyası təkcə Kreml yox, həm də müharibədən yorulmuş Rusiya cəmiyyəti, Rusiya elitaları və beynəlxalq tərəfdaşlardır.

Bugünkü videomüraciətində Zelenski Putinin rədd cavabını belə şərh edib:

“Təəssüf ki, Rusiya tərəfi yenə də müharibəni seçir – bu gün hamı həmin cavabı eşitdi. Bu, zəif cavabdır. Putin müharibəni bitirmək istəmir. Düşünürəm ki, dünyada bir çox insan bu cavabdan məyus oldu. O, heç nəyi dəyişmək istəmir. Etiraf etmək istəmir ki, müharibəsi yalnız özünün və ondan pul qazananların xoşuna gəlir. Bu gün onların hamısı çox məmnun idi, üzləri gülürdü. Deməli, Rusiyanın pulu daha az olmalı, ona təzyiq daha da artırılmalıdır”.

Ukrayna pfrezidenti müraciətini bu sözlərlə bitirib:

“Bizə kömək edən hər kəsə təşəkkür edirəm! Ukraynanın yanında olan, həqiqi sülh istəyən hər kəsə təşəkkür edirəm”.


“Politfm”