Böyük Britaniyanın Baş naziri Kir Starmer Aksbricdə, Böyük Britaniya, 27 may 2026 (foto: Yek Teylor/ “Reuters”)
Böyük Britaniyanın Baş naziri Kir Starmer cümə axşamı bildirib ki, “X” platformasının sahibi, milyarder İlon Mask Britaniya siyasətinə müdaxiləni dayandırmalıdır.
Starmer bunu Maskın Britaniyada rezonans doğuran və etirazlara səbəb olan qətllə bağlı paylaşımından sonra deyib.
Ötən il 18 yaşlı Henri Novak bıçaq xəsarətlərindən can verdiyi anlarda Britaniya polisi tərəfindən qandallanmışdı. Buna səbəb qatilin polisə Novakı guya irqçi motivli hücumda ittiham etməsi olmuşdu. Həmin şəxs bu bazar ertəsi məhkəmə hökmüylə cəzalandırılıb.
Hökm çıxarılandan sonra yayılan videogörüntülərdə polis əməkdaşlarının ölümcül yaralanmış gəncin kömək çağırışlarına məhəl qoymadığı görünür. Kadrlar cəmiyyətdə ciddi narazılıq yaradıb və polisin müxtəlif etnik qruplara münasibətilə bağlı siyasi mübahisələri yenidən alovlandırıb.
Starmer qeyd edib ki, polis bu hadisə zamanı atdığı addımlara görə ciddi suallara cavab verməlidir. Bununla yanaşı, o, çərşənbə axşamı keçirilən, zorakılıq və iğtişaşlarla müşayiət olunan etiraz aksiyalarını pisləyib və ölüm hadisəsindən cəmiyyətdə gərginlik yaratmaq məqsədilə istifadə olunmasını “bağışlanmaz” adlandırıb.
“Son günlər İlon Mask yenidən siyasətimizə müdaxilə edərək cəmiyyətdə parçalanma yaratmağa çalışır. Bu, Britaniyanın dəyərlərinə uyğun deyil” – Starmer jurnalistlərə açıqlamasında belə deyib.
“X” şirkəti Starmerin açıqlamalarını şərh etməklə bağlı sorğuya dərhal cavab verməyib.
Mask isə Britaniya polisini qərəzli davranmaqda ittiham edib. O, “X” platformasındakı paylaşımında polisin ağdərili insanlara qarşı ayrı-seçkilik nümayiş etdirdiyini yazıb və hadisənin araşdırılması üsulunu tənqid edən digər istifadəçilərin paylaşımlarını yenidən yayıb.
“Qərb tamamilə şər üzərində qurulmuş bir dövlət dini yaradıb. Burada “irqçilik” ittihamı ən ağır cinayət hesab olunur, hətta zorlama və ya qətldən də ağır” – Mask çərşənbə günü belə yazıb.
Britaniya hökuməti və polis orqanları qərəzlilik ittihamlarını rədd ediblər.
Cümə axşamı Novakın ailəsi Starmerlə qapalı görüşdə polisin ona münasibətini “qeyri-insani və alçaldıcı” adlandırıb. Bununla belə, ailə məhkəmə hökmündən sonra yaydığı bəyanatda bildirib ki, Henri Novakın ölümü “nifrət, qarşıdurma və gərginliyin daha da körüklənməsi üçün istifadə edilməməlidir”.
Starmer Maskı ilk dəfə deyil ki, tənqid edir.
2025-ci ilin yanvarında Mask Starmeri ittiham etmişdi ki, 2008–2013-cü illərdə – Böyük Britaniyanın baş prokuroru olduğu dövrdə azyaşlı qızlara qarşı cinsi zorakılıq törədən, əsasən Cənubi Asiya mənşəli şəxslərdən ibarət qrupların cinayət məsuliyyətinə cəlb olunması üçün kifayət qədər iş görməyib.
Starmer buna etiraz edərək həmin dövrdəki fəaliyyətinin yetərli olduğunu bildirmişdi.
Baş nazir Leyboristlər Partiyasından olan bir deputatı da dəstəkləmişdi. Həmin deputat ona aid seksual xarakterli saxta görüntülərin yaradılmasında “Grok” süni intellekt platformasından istifadə edildiyini bildirərək Maskın “xAI” şirkətinə qarşı məhkəmə iddiası qaldırıb.
Starmer “Grok”-un bu cür görüntülər yaratmasını əvvəllər də tənqid etmişdi. Bunun ardınca “X “şirkəti Britaniya qanunvericiliyinin tələblərinə uyğunlaşmaq üçün müəyyən tədbirlər gördüyünü açıqlamışdı.
“Politfm”



