Foto: “Armenpress”
Ermənistan Mərkəzi Seçki Komissiyası dünən – iyunun 7-də keçirilmiş parlament seçkilərində verilmiş səslərin hesablanmasını yekunlaşdırıb. İlkin nəticələrə görə, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası inamlı üstünlüklə birinci yeri tutub.
MSK-nın məlumatına əsasən, Vətəndaş Müqaviləsi Partiyası səslərin 49,8-ini qazanıb.
İkinci yerdə erməni əsilli rusiyalı iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” blokudur (23,3%). Parlamentə həmçinin sabiq prezident Robert Koçaryanın lideri olduğu Ermənistan bloku (9,9%) və Çiçəklənən Ermənistan Partiyası (4%) də daxil olur.
Ermənistanın seçki sisteminin xüsusiyyətlərinə görə, bu nəticələr Paşinyanın partiyasına parlamentdə çoxluq qazandırır – 4%-lik baryeri keçə bilməyən partiyaların səsləri parlamentə düşən siyasi qüvvələr arasında yenidən bölüşdürülür. Nəticədə daha çox səs toplamış partiyalar əlavə mandatlar əldə edir.
Bu səbəbdən Vətəndaş Müqaviləsi Partiyası səslərin mütləq əksəriyyətini qazanmasa da, mandatların yenidən hesablanmasından sonra Ermənistan parlamentində təxminən 60% yer əldə edəcək.
Nikol Paşinyan seçkilərin nəticələri açıqlanmazdan əvvəl Vətəndaş Müqaviləsi Partiyasının qalib gəldiyini və hökuməti təkbaşına formalaşdıracağını bildirib.
“Partiyamızın bütün üzvlərinə təşəkkürümü bildirirəm. Biz gecə-gündüz çalışdıq. Bu, tarixi qələbədir. Bu qələbə erməni xalqına məxsusdur” – Paşinyan belə deyib.
O, Ermənistanın sülh gündəliyinə sadiq qaldığını vurğulayıb:
“Ermənistan xalqı sülhün, regional rifahın və əməkdaşlığın tərəfdarıdır. Ümid edirəm ki, bu mesaj həm Azərbaycanda, həm də Türkiyədə müsbət qarşılanacaq”.
Paşinyanın sözlərinə görə, yeni hökumətin əsas vəzifələrindən biri Azərbaycanla sülh prosesinin institusionallaşdırılması, paraflanmış sülh sazişinin imzalanması və ratifikasiyası olacaq.
“Politfm”



