Foto: “Radio Svoboda”




Fransanın Evian şəhərində keçirilən G7 sammitində Ukraynaya həsr olunmuş “çox yaxşı” görüş baş tutub və iştirakçılar Rusiyaya təzyiqin artırılmasının vacibliyi barədə ortaq mövqedən çıxış ediblər.

Bu barədə “Reuters” agentliyinə adının açıqlanmasını istəməyən Fransa diplomatı məlumat verib. Onun sözlərinə görə, söhbət neft və qaz sektoruna yönəlmiş yeni sanksiyalardan gedə bilər.

Diplomat bildirib ki, görüş iştirakçılarının hamısı hazırda müharibədə təşəbbüsün Ukraynanın əlində olduğu fikriylə razılaşıb.

Sammitin səhər iclasında Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak edib. Daha sonra o, ABŞ Prezidenti Donald Trampla görüşüb. Görüşdə ABŞ dövlət katibi Marko Rubio da iştirak edib.

Zelenskinin komandası bunun tamformatlı görüş yox, sammit çərçivəsində baş tutan qısa söhbət olduğunu bildirib. Tramp söhbətin “çox yaxşı” keçdiyini, Ukrayna prezidentiylə daha sonra yenidən görüşəcəyini deyib.

Zelenski görüşdən sonra “Reuters”-ə müsahibəsində bildirib ki, G7 liderlərinin hamısı Rusiyanın müharibədə qalib gəlmədiyi fikriylə razılaşıb.
Onun sözlərinə görə, görüşdə Rusiyaya qarşı enerji və bank sektorlarını hədəf alan yeni sanksiyalar, eləcə də Ukraynaya hava hücumundan müdafiə sistemləri və raket tədarükü müzakirə olunub. Zelenski qeyd edib ki, Tramp yeni hava hücumundan müdafiə vasitələrinin göndərilməsi ideyasına müsbət yanaşıb.

Ukrayna prezidenti tərəfdaşları qış gəlməmiş Vladimir Putinlə görüş keçirməynə çağırıb. O bildirib ki, müharibə davam edərsə, qarşıdakı qış təkcə Ukrayna üçün deyil, Rusiya üçün də çətin olacaq. Zelenskinin sözlərinə görə, Rusiya əhalisinin 60 faizi müharibənin başa çatmasını istəyir, amma Putinin ətrafında yeni səfərbərliyə tərəfdar olanlar da var.

Hələlik sammit çərçivəsində hər hansı rəsmi qərarın qəbul edildiyi elan olunmayıb. Daha əvvəl Zelenski Ukraynanın sammitin əsas gündəm mövzularından biri olacağına ümid etdiyini bildirmişdi.

Tramp jurnalistlərlə söhbətində deyib ki, İran məsələsi həll olunduğuna görə ABŞ administrasiyası artıq diqqətini Ukraynadakı müharibənin başa çatdırılmasına yönəldib və Rusiyanı “razılığa gəlməyə” çağırıb.
O, iki gün əvvəl həm Putinlə, həm də Zelenskilyə danışığını xatırladaraq deyib ki, hər iki liderin müharibəni başa çatdırmaq üçün “nəsə etməyə” hazır olacağına ümid edir.

“Politfm”