Foto: SemyonSkrepetsky/”Telegram”
Vladimir Putini tənqid edən rusiyalı rəssam Polşanın şərqindəki Byala Podlaska şəhərində güllələnərək öldürülüb.
Lyublin dairə prokurorluğunun mətbuat katibi Marçin Kozakın bildirdiyinə görə, bazar ertəsi rəssama beş güllə atılıb, onlardan biri başına dəyib (“theguardian.com”).
“Hadisəylə əlaqədar iki Belarus vətəndaşı saxlanılıb, amma hələ ki onlara qarşı ittiham irəli sürülməyib” deyə, o əlavə edib.
Yerli media qurbanın Rusiya liderini tənqid edən rusiyalı rəssam və performans ifaçısı, “Semyon Skrepetski” təxəllüsüylə də tanınan Robert Kuzovkov olduğunu müəyyən edib.
Kozak prokurorların “Robert K.” kimi təqdim etdiyi qurbanın Rusiya hakimiyyətinin hazırkı fəaliyyətini tənqid edən bədii yaradıcılıqla məşğul olduğunu təsdiqləyib.
“Meduza” nəşrinin məlumatına görə, Skrepetski öldürülməsindən üç gün əvvəl 12 iyunda Berlinə səfər edib və orda Stalin və Putinin karikaturasıyla etiraz aksiyası keçirib.
Kozak qeyd edib ki, öldürülmüş şəxsin kimliyi istintaq üçün əsas element olacaq.
Rusiyanın Varşavadakı səfirliyindən hadisə barədə şərh almaq mümkün olmayıb.
“Politfm”



