Foto: AFP


Böyük Britaniyanın Baş naziri Kir Starmer tərəfdaşlarla G7 sammitindəki görüşü zamanı Rusiyaya qarşı yeni enerji sanksiyalarının tətbiq olunacağını və qarşıdakı iki il ərzində Ukraynanın atom elektrik stansiyalarına enerji daşıyıcıları tədarük ediləcəyini açıqlayıb.

Yeni sanksiyalar paketi Rusiyanın qeyri-qanuni “kölgə donanması”na, eləcə də sanksiyalardan yayınmaq və Rusiya ordusunu təmin etmək üçün istifadə olunan maliyyə şəbəkələrinə qarşı yönələcək. Rusiyanın sanksiya altında olan mayeləşdirilmiş təbii qazını daşıyan bir sıra gəmilərə embarqo tətbiq ediləcək (“politico.eu”).

Starmer Böyük Britaniyanın ixrac maliyyələşdirməsi fondundan 210 milyon funt sterlinq ayrılmasını nəzərdə tutan razılaşmanı alqışlayıb. Vəsait Britaniyanın “Urenco” şirkətinə məxsus zənginləşdirilmiş uranın Ukraynanın dövlət nüvə enerjisi operatoru “Enerqoatom” şirkətinə tədarükünü dəstəkləmək üçün istifadə olunacaq. Sövdələşmə Starmerlə Ukrayna Prezidenti Volodimir Zelenskinin son görüşü zamanı razılaşdırılıb.

“Rusiyanın təcavüzü təkcə Ukraynanı deyil, bütün Avropanın təhlükəsizliyini təhdid edir. Məhz buna görə də Böyük Britaniya səylərini artırır – Putinin müharibəsini maliyyələşdirən gəlir mənbələrini bağlayır və qarşıdakı qış aylarında Ukraynanın ehtiyac duyduğu resurslarla təmin olunmasına kömək edir” – baş nazir belə deyib.

Bu qərarlar G7 sammitinin işə başlaması fonunda verilib. Sammitin ilk sessiyası Ukrayna və Avropa üçün sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə həsr olunub.
Rəsmilərin sözlərinə görə, Starmer sessiyadakı çıxışında Ukraynanın layiq olduğu ədalətli və davamlı sülhün təmin edilməsi üçün G7 ölkələrinin əlavə addımlar atmalı olduğunu deyəcək.

“Politfm”