Foto: internet
2026-cı ilin ilk 4 ayında Azərbaycana 912 milyon 447 min dollar dəyərində yeyinti məhsulları idxal edilib – ötən ilin eyni dövrüylə müqayisədə 46 milyon 324 min dollar və ya 5,35% çox.
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Yanvar-aprel aylarında yeyinti məhsullarının ümumi idxaldakı payı 16,52% olub. Ötən ilin eyni dövründə bu göstərici 10,65% təşkil edib.
Bu idxalın yüksək səviyyədə qalması və artması rəsmi hökumət hesabatlarında bir neçə faktorla izah olunur:
– yerli məhsulların istehsal xərcləri (mayalandırma, logistika, yem və gübrə təminatı) bəzi hallarda xaricdən gətirilən analoji məhsulların qiymətindən daha çox olur, ona görə də idxal mallarına üstünlük verilir;
– ölkədə kənd təsərrüfatının böyük hissəsi xırda ailə təsərrüfatlarının payına düşdüyünə görə irimiqyaslı, sənaye üsullu və intensiv təsərrüfatçılığa keçid ləngiyir;
– intensiv texnologiyaların zəif tətbiqi yerli istehsalın daxili bazarda artan tələbi tam qarşılayacaq səviyyədə artımına imkan vermir;
– son illərdə qlobal iqlim dəyişiklikləri səbəbindən yaranan regional quraqlıq və su ehtiyatlarının məhdudluğu kənd təsərrüfatı istehsalına mənfi təsir göstərir, torpaq və su resurslarının çatışmazlığı yerli təklifi məhdudlaşdıraraq xaricdən asılılığı artırıb;
-ölkə əhalisinin təbii artımı və istehlak mədəniyyətinin dəyişməsi, eləcə də post-pandemiya dövründən sonra iaşə sektorunun canlanması ərzaq məhsullarına olan ümumi daxili tələbatı davamlı olaraq artırır.
Müstəqil ekspertlər isə idxaldan asılılığın artmasını struktur islahtların ləngiməsi, inhisarçılıq və aqrar sektordakı effektivlik problemiylə əlaqələndirirlər.
Gübrə, toxum, damazlıq heyvanlar və texnika xaricdən gətirilir. İdxal olunan hazır məhsullar yerli məhsullarla müqayisədə daxili bazarda daha ucuz olur. Bu da yerli fermeri sıradan çıxarır və sahibkarları idxala yönəldir.
Ekspertlər bildirir ki, dövlət tərəfindən hər il kənd təsərrüfatına milyonlarla manat subsidiya ayrılsa da, bu vəsaitlər tam hədəfə çatmır, subsidiyaların paylanmasında şəffaflıq problemi yaranır. Vəsaitlər innovativ texnologiyalara və məhsuldarlığın artırılmasına deyil, əsasən ekstensiv (sahənin böyüdülməsi) üsullara xərclənir. Nəticədə rəqəmlər böyüsə də, real məhsul bolluğu yaranmır.
Müstəqil təhlillərdə ən çox qabardılan məqamlardan biri də iri holdinqlərin və inhisarçı qrupların daxili bazardakı roludur. Ekspertlər hesab edir ki, böyük inhisarçı qruplar daxili istehsalın inkişafında maraqlı deyillər. Kiçik və orta fermerlərin isə böyük supermarket şəbəkələrinə və logistika mərkəzlərinə çıxış imkanları məhduddur.
Müstəqil ekspertlər bildirir ki, aqroparklar böyük resurslara sahib olsalar da, onların istehsal etdiyi məhsullar əsasən ixraca yönəlir. Daxili ərzaq təhlükəsizliyini təmin etməli olan kiçik fermerlər isə örüş yerinin azlığı və su qıtlığı ilə üzləşir ki, bu disbalans da ərzaq idxalını artırır.
Ekspertlər bu artımın bir səbəbini də “idxal inflyasiyası” ilə əlaqələndirirlər. Azərbaycan xammalı xaricdən aldığı üçün tərəfdaş ölkələrdəki istənilən qiymət artımı idxal statistikasını böyüdür.
İlham Hüseyn



