ABŞ Prezidenti Donald Tramp dünən – mayın 19-da jurnalstlərlə Ağ Evdəki söhbəti zamanı deyib ki, İran rəhbərliyi razılaşmanın baş tutması üçün onlara yalvarır:
“Bu müharibəni çox tez bitirəcəyik. İranda razılaşma bağlamağı çox istəyirlər, yorulublar” (“Reuters”).

Amma Tramp ardınca bunu da əlavə edib ki, saziş imzalanmasa, yaxın günlərdə ABŞ İrana yeni hücum həyata keçirəcək.

“Yəni iki və ya üç gün ərzində – bəlkə cümə, şənbə, bazar günü və ya buna bənzər bir vaxtda, bəlkə, gələn həftənin əvvəlində. Söhbət məhdud zaman kəsiyindən gedir, çünki onların yeni nüvə silahı əldə etməsinə imkan verə bilmərik. ABŞ İranın nüvə silahına sahib olmasına qarşıdır və biz vəziyyətin tez və mədəni şəkildə başa çatacağına ümid edirik. Amma mümkündür ki, onlara qarşı yenidən böyük zərbə endirməli olaq. Hələ əmin deyiləm”.

“Reuters” Tramp administrasiyasının dünən İranla əlaqəli şirkətlərə və fiziki şəxslərə qarşı dünənki sanksiyalar paketi barədə də yazıb. Siyahıya 28 təşkilat, 19 tanker və 4 fiziki şəxs əlavə olunub.

ABŞ Senatı isə Trampın Konqresin icazəsi olmadan İrana qarşı hərbi əməliyyat aparmaq səlahiyyətlərini məhdudlaşdırmağa dair qətnamənin prosedur mərhələsini təsdiqləyib, yəni bu dəfə sənədi bloklamayıb (“AzadlıqRadiosu”).

Senatdakı demokratların səkkizinci cəhdi dörd respublikaçının dəstəyi sayəsində uğurla nəticələnib. Digər respublikaçılar səsvermədə iştirak etməyiblər. Prosedur səsverməsi zamanı qətnamə 50-47 səs fərqiylə qəbul olunub.

İranın xarici işlər naziri Abbas Əraqçi Yaxın Şərqdə hərbi əməliyyatlar təkrar başlayacağı halda Vaşinqtona “yeni sürprizlər” vəd edib.

“İranla müharibənin başlamasından aylar sonra ABŞ Konqresi milyardlarla dollar dəyərində onlarla təyyarənin məhv edildiyini etiraf edir. Güclü silahlı qüvvələrimiz onların təriflədikləri “F-35”-ləri vuran ilk qüvvə oldu. Öyrənilən dərslər və əldə olunan biliklər fonunda müharibəyə qayıdış onlar üçün daha çox sürpriz gətirəcək” – Əraqçi “X” platformasındakı paylaşımında belə yazıb.

İranın BMT-dəki nümayəndəliyi isə bəyan edib ki, ABŞ BMT-nin Təhlükəsizlik Şurasında Tehran və onun dinc nüvə proqramı barədə yalan və dezinformasiya yayır:
“Cinayətkar və oğru prokuror və hakim rolunda çıxış edir”.
Nümayəndəlik Vaşinqtonu qeyri-qanuni dəniz blokadalarında və İsrailin regiondakı fəaliyyətinə dəstək verməkdə də ittiham edib.

 

“Politfm”