Dövləti sarsıdan və gücləndirən amillərlə bağlı bugünə qədər saysız-hesabsız fikirlər səsləndirilib, kitablar yazılıb, müzakirələr aparılıb. Və bugünə qədər xeyli mütərəqqi ideyalar, qayda-qanunlar, düsturlar meydana gəlib, idarəçiliyin fəlsəfəsi dərk olunub. Bu gün dünyanın inkişaf etmiş, sosial rifahın təmin olunduğu ölkələr də məhz mütərəqqi ideyaları reallaşdıra bilən ölkələrdi.

Düşünürəm ki, bir dövləti sarsıldan və gücləndirən əsas amil hökumətlərin məsuliyyəti, öz missiyalarını dərk etmələridir. Əgər bu missiya tam dərk edilməzsə, heç bir sərvət, əlverişli coğrafi mövqe inkişafa zəmanət ola bilməz.

Sosial siyasət- dövləti gücləndirən amil kimi

Sosial ədalət, vətəndaşa qayğı təkcə insanpərvərliyin, vətəndaşa sevginin nümayişi deyil. Bu həm də dövlətin bugününə və sabahına siyasi-mənəvi investisiya deməkdir. Çünki sosial vəziyyətin ağırlığı, sosial ədalətsizlik nəticə etibarilə dövlət-vətəndaş münasibətini zədələyir. Bu münasibətlər zədələndikdə, cəmiyyətin əsas sütunu olan etibar hiss də zədələnir. Bu zədələnmə davamlı xarakter alanfa vətəndaş dövləti özünün təhlükəsizlik və rifah qarantı kimi görmür. İqtisadi çətinliklər artanda və dövlət bu problemləri həll etməyəndə, vətəndaşın düşüncəsində “mən yalnızam”, “dövlət mənim qoruyucum deyil” qənaəti güclənir.
​Vətəndaş dövlətə “yad element” kimi baxanda “dövlətçilik”, “vətənpərvərlik” kimi anlayışlar da adiləşir.
Çünki vətəndaş kəskin təbəqələşməni müşahidə edir. Bir qrup adamın qayğıyla əhatələndiyini, bir qrup adam üçün hər yerdə “yaşıl işıq” olduğunu görən vətəndaş özünü “yad cism” kimi hiss edir. Vergi ödəmək, qanunlara tabe olmaq, nümunəvi vətəndaşa çevrilmək tələbatı aradan qalxır.
Nəhayət, vətəndaş xoşbəxtliyi ölkə xaricində axtarır, dövlətə olan bağlılığını fiziki olaraq sonlandırır. Bu isə dövlətin intellektual və işçi qüvvəsini itirməsi deməkdir.
​Deməli, uşaqpulu vermək, gənc ailələrə dəstək olmaq, sosial paketlər təqdim etmək, qiymətləri maaşa, təqaüdə adekvat tənzimləmək dövlətin dəyişməz strategiyası olmalıdır. Dövlət mühərrikinin daimi hərəkətdə olması, fərdin vətəndaşa çevrilməyi özünə borc hesab etməsi üçün “Dövlət atadır” şüarı əməldə özünü göstərməlidir.
Vətəndaşa “dövləti sev” əmri verə bilərsən, amma sevgi əmrlə icra edilən bir hiss deyil. Vətəndaşı “dövlət səni sevir” şüarına inandırmalısan.
Göründüyü kimi sosial ədalət, vətəndaşa qayğı adi bir məsələ deyil, dövlətin taleyinə və tarixinə ciddi təsir edəcək məsələdir.

Yağış xeyirdi, yoxsa şər?

Uzun illərdi ölkədə eyni problem həll olunmadan vətəndaş üçün kabusa çevrilib. Hər dəfə yağış yağanda bütün yarıtmazlıqlar üzə çıxır. Və hər dəfə yağışın yaratdığı fəsadlar müzakirə olunur, görülməli işlər müəyyən edilir, tapşırıqlar verilir. Amma növbəti dəfə yağış yağanda məlum olur ki, vəziyyət əvvəlkindən də faciəlidir. Aydın görünür ki, nəqliyyatın hərəkəti bərbad, yolların vəziyyəti rüsvayçı, kanalizasiya sistemi iflicdi. Ən dəhşətlisi isə budur ki, bu problemlərin həlli istiqamətində uzun illər ərzində onmilyardlarla manat vəsait xərclənib. Hər il büdcədən müəyyən məbləğ ayrılır və nəticə yekə bir sıfırdı.
Bəli, vətəndaş görür ki, dövlət onun ən elementar problemini həll etmir, yaxud həll etmək istəmir. Elə vəziyyət yaranır ki, insanlar təbiətin neməti olan yağışa, qara nifrət edir. Yanlış və yarıtmaz idarəçilik fəsillərin romantikasını yaşamağa imkan vermir.
Yağışa el arasında “bərəkət” də deyirlər. Çünki torpağa can verir, ağıllı idarəçilik yağış suyunu aktiv resursa çevirir. Yağış sularının idarə olunması həm ekoloji tarazlıq, həm də iqtisadi səmərəlilik baxımından dövlət səviyyəsində strateji əhəmiyyət kəsb edir.
Amma bizim ölkəmizdə yağış hər yeri dağıdır, batırır, cəhənnəm yaradır. Çünki yağışı yarıtmazlıq qəlibinə salmışıq.
Məsuliyyət və missiya dərk olunmayanda yağış xeyir ola bilmir, şərə çevrilir.
Dövlət suyun qiymətini qaldırmaq, suya limit qoymaq üçün yox, vətəndaşı suyun fəlakətindən qorumaq üçün səy göstərməlidir.

İlham Hüseyn