Foto: ABŞ Mərkəzi Komandanlığı (SETCOM)


Müharibələr ölkələrin iqtisadiyyatına ciddi təsir göstərən, milyardlarla dollar vəsaitin xərclənməsini tələb edən olduqca bahalı prosesdir. ABŞ və İsrailin İranla müharibəsi də bahalı əməliyyatdır və araşdırmalar göstərir ki, xərclər sürətlə artır.

“Epik Qəzəb” (“Epic Fury”) əməliyyatının başladığı 28 fevral 2026-cı il tarixindən etibarən ABŞ-nin hərbi xərcləri milyardlarla dolları keçib.

Müxtəlif mərkəzlərin (CSIS, “Anadolu” agentliyi və s.) məlumatlarına görə, müharibənin ilk 6 günündə təxminən 11.3 – 12.7 milyard dollar, ilk 10-12 günündə isə 16.5 milyard dollar vəsait xərclənib. Martın sonunda ümumi xərclərin artıq 25-27 milyard dolları keçdiyi təxmin edilir.

Müharibənin ilk günlərində gündəlik xərc 2 milyard dollar idisə, hazırda bu rəqəm gündə ortalama 1 milyard dollar civarında sabitləşib.

Xərclərin böyük hissəsi yüksək texnologiyalı sursatların və müdafiə sistemlərinin sərfiyyatına aiddir. İranın raket və dron hücumlarını dəf etmək üçün istifadə olunan THAAD“Patriot” raketləri ən baha başa gələn sursatlar olarq təxminən 5.7 milyard dollar vəsait “udub”.

“Tomahawk” qanadlı raketləri və dəqiq idarə olunan bombalar üçünsə 5.5 milyard dollardan çox vəsait sərf edilib. Regiondakı ABŞ bazalarına dəymiş ziyan və texnika itkiləri 1.4 milyard dollar civarında qiymətləndirilir.

“The Wahington Post” nəşrinin yaydığı məlumata görə, Pentaqon Konqresdən müharibə xərclərini qarşılamaq üçün 200 milyard dollar məbləğində əlavə büdcə tələb edib.

Bu, yalnız birbaşa hərbi xərclər üçün nəzərdə tutulan məbləğdir. Müharibənin qlobal neft qiymətlərinə təsiri, Hörmüz boğazının bağlanması və logistika zəncirindəki qırılmaların yaratdığı dolayı iqtisadi zərər yüz milyardlarla dollarla ölçülə bilər.

Başqa bir araşdırmaya görə, müharibə başlayandan sonra ABŞ Konqresi İsrail üçün “İran təhdidinə qarşı müdafiə paketi”ni təsdiqləyib. Məbləğin təxminən 14-17 milyard dollar olduğu bildirilir. İsrailin raket əleyhinə sistemini bərpa etmək üçün 4 milyard dollar, orta mənzilli raketlərin zərərsizləşdirilməsi üçünsə 2 milyard dollar ayrılıb.

ABŞ təkcə İsrailə yox, Körfəz ölkələrinə və İordaniyaya da dəstək verir. Məlumatda bildirilir ki, ABŞ İordaniyaya sərhəd təhlükəsizliyi və hava hücumundan müdafiə üçün 1.5 milyard dollar ayırıb.
Peyk və kəşfiyyat məlumatlarının vaxtında müttəfiqlərə ötürülməsi üçün xüsusi infrastruktur xərcləri 800 milyon dollar təşkil edib.

“Iran War Cost Tracker” və digər analitik mərkəzlərin martın sonuna olan məlumatına görə, əməliyyatın ümumi dəyəri artıq 30 milyard dolları keçib.

Başqa bir məlumata görə (“Al Mayadeen, “Tehran Times”, “Sputnik”), İranın cavab zərbələri nəticəsində ABŞ-nin Qətərdəki 1,1 milyard dollar dəyərindəki erkən xəbərdarlıqlı radar sistemi (AN/FPS-132) və bir neçə “MQ-9 Reaper” pilotsuz təyyarəsi məhv edilib.

Araşdırmalar göstərir ki, bir ABŞ aviadaşıyıcı zərbə qrupunun (CSG) gündəlik saxlanma xərci təqribən 6–8 milyon dollar civarındadır. Regionda iki belə qrupun olması (məsələn, USS “Abraham Lincoln” və USS “Gerald R. Ford”) bu rəqəmi avtomatik olaraq günlük 12–16 milyon dollara çatdırır.

“Politfm”