Foto: internet
2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda xarici ticarət iştirakçılarının sayı 22 082 nəfər olub.
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Ötən ilin eyni dövründə bu göstərici 31 963 nəfər təşkil edib.
İllik müqayisədə xarici ticarət iştirakçılarının sayı hüquqi şəxslər üzrə 12 pillə artaraq 8 049-a yüksəlib, fiziki şəxslər üzrə isə 9 893-dən 14 033-ə düşüb.
Azalmanın səbəbi nədir?
İqtisadçıların bir hissəsi və kiçik sahibkarlar bu prosesi məhz bazardakı böyük oyunçuların xeyrinə olan təmizləmə kimi qiymətləndirirlər. Onların əsas arqumentləri budur ki, iri holdinqlər və məmurlarla əlaqəli olduğu iddia edilən böyük şirkətlər gömrükdəki sənədləşmələri, rəsmi rüsumları, hüquqi və logistik xərcləri asanlıqla həll edə bilirlər. Kiçik sahibkar üçün isə bu xərclər gəlirliliyi sıfıra endirir. Fiziki şəxslərin (fərdi ticarətçilərin) sıradan çıxması rəqabəti azaldır. Bu isə qiymətləri iri şirkətlərin diqtə etməsinə şərait yaradır.
Müstəqil qtisadçılar qeyd edirlər ki, kiçik sahibkarlıq minlərlə ailə üçün dolanışıq mənbəyidir. Onların xarici ticarətdən uzaqlaşdırılması bu şəxslərin iş yerlərini itirməsi deməkdir.
Rəsmi qurumların mövqeyi necədir?
Dövlət Gömrük Komitəsi və İqtisadiyyat Nazirliyi bu addımların inhisarçılıq yaratmaq deyil, kölgə iqtisadiyyatını tamamilə yox etmək məqsədilə atıldığını bildirirlər.
Əvvəlki illərdə iri, qeyri-şəffaf şirkətlər vergidən yayınmaq üçün tonlarla malı yüzlərlə kasıb və ya təsadüfi vətəndaşın (fiziki şəxsin) adına rəsmiləşdirib ölkəyə gətirirdilər. Bu, qanuni və vergisini ödəyən şirkətlərə qarşı qeyri-bərabər rəqabət yaradırdı. İndi bu süni sxemlər dağıdılır.
İnkişaf etmiş ölkələrin heç birində xarici ticarətin böyük hissəsi ayrı-ayrı şəxslərin çantasında və ya qeyri-rəsmi karqo ilə daşınmır. Ticarət şəffaf şirkətlər (MMC-lər) tərəfindən idarə olunmalıdır və rəsmi statistika da göstərir ki, hüquqi şəxslərin sayı artmaqdadır.
Dövlət rəsmiləri həmçinin bəyan edirlər ki, məqsəd hər hansı məmur şirkətini qorumaq deyil, hamı üçün vahid və şəffaf oyun qaydaları yaratmaqdır. Qaydalar hər kəs üçün eyni olanda, rəqabətə dözən kiçik şirkətlər də bazarda qala bilər.
İlham Hüseyn



