Foto: Gürcüstan hökumətinin Mətbuat Xidməti

 

Azərbaycandan Gürcüstana təbii qaz və enerji satışı sazişlərinin müddəti uzadılıb.

Bu sazişlər dünən – mayın 18-də Prezident İlham Əliyevlə Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında Bakıda keçirilən görüş çərçivəsində imzalanmış sənədlər paketinə daxildir. Tərəflər həmçinin Gürcüstana elektrik enerjisinin təchizatı və “Bakı–Tbilisi–Qars” dəmir yolu layihəsi üzrə əməkdaşlığa dair sənədlər də imzalayıblar.

Yeni müqavilələrə əsasən, Azərbaycan Gürcüstana qaz tədarükünü 2044-cü, elektrik enerjisinin ötürülməsini isə 2046-cı ilə qədər davam etdirəcək.

Gürcüstan uzun illərdir ki, Azərbaycan qazının əsas alıcılarından biridir. Ölkənin qaz tələbatının böyük hissəsi SOCAR vasitəsilə və “Şahdəniz” layihəsi çərçivəsində təmin olunur. Mövcud mexanizmə əsasən, Gürcüstan Azərbaycan qazının Türkiyə və Avropaya tranziti müqabilində müəyyən həcmdə qazı güzəştli qiymətlə əldə edir.

Ötən ilin dekabrında Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanla yeni razılaşma əldə olunacağına ümid etdiklərini bildirmişdi.

“Bizim olduqca yaxşı münasibətlərimiz var və bu da nikbinlik üçün əsas verir. Ümid edirik ki, hər iki tərəf üçün faydalı olan bir razılaşma əldə olunacaq” – Kobaxidze belə demişdi.
O həmçinin qeyd etmişdi ki, tərəflər arasında bununla bağlı danışıqlar gedir.

Azərbaycandan Gürcüstana Cənub Qaz Dəhlizi vasitəsilə qaz tədarükünə dair mövcud sazişin müddəti bu ilin sonunda başa çatır.

Gürcüstan 2026-cı ildə Azərbaycandan toplam 2,93 milyard kubmetr qaz alacaq. Bu həcm ölkənin ümumi qaz idxalının əsas hissəsini təşkil edir.

Azərbaycanın gömrük statistikasına əsasən, ötən il Gürcüstana ixrac olunan qazın orta qiyməti hər 1000 kubmetr qaz üçün təxminən 107 dollar olub. Bu göstərici Türkiyə və Avropaya ixrac qiymətlərindən aşağıdır.

Gürcüstan Rusiya qazının ilk 250 milyon kubmetrini 215 dollara, sonrakı həcmi isə 185 dollara alır.

Yeni saziş üzrə konkret tariflər və kommersiya şərtləri açıqlanmasa da, Gürcüstan mediasında Azərbaycanın bu ölkə üçün ən sərfəli və stabil qaz mənbəyi olaraq qaldığı, enerji təhlükəsizliyi baxımından prioritet mənbə olduğu vurğulanır.

“Politfm”