Rusiya Prezidenti Vladimir Putin Novruz bayramı münasibətilə İran xalqını təbrik edib. 

Kremlin yaydığı məlumatda bildirilir ki, Putin iranlılara bu çətin sınaqdan üzüağ çıxmağı arzulayıb, bu ağır dövrdə Moskvanın Tehran üçün sadiq dost və etibarlı tərəfdaş olaraq qalacağını vurğulayıb.

Məlumatda həmçinin qeyd olunur ki, Putin Novruz bayramı münasibətilə İranın dini lideri Ayətullah Müctəba Xameneiyə və İran Prezidenti Məsud Pezeşkiana da təbrik məktubu göndərib.

Moskva Tehrana hərbi dəstək verməkdən çəkinir

Rusiya hesab edir ki, ABŞ və İsrailin İrana qarşı birgə hücumları Yaxın Şərqi uçuruma aparır və böyük qlobal enerji böhranını tətikləyir.

Moskva İranın dini lideri Ayətullah Əli Xameneinin öldürülməsini “xaincəsinə qətl” kimi qiymətləndirmişdi.

Bununla belə, Moskvanın Tehrana dəstəyinin real miqyası mübahisə mövzusudur. Bəzi İran mənbələri bildirirlər ki, 1979-cu ildə ABŞ-nin dəstəklədiyi şah rejimi devriləndən sonra ölkənin üzləşdiyi böhran zamanı Moskva Tehrana çox az yardım edib.

Rusiyayla İran arasında ötən ilin yanvarında imzalanmış strateji tərəfdaşlıq sazişində qarşılıqlı müdafiə maddəsi yer almır. Moskva dəfələrlə vurğulayıb ki, İranın nüvə silahı əldə etməsini istəmir, çünki bu, Yaxın Şərqdə nüvə silahlanması yarışına səbəb ola bilər.

Digər tərəfdən, Rusiya ABŞ və İsrailin İrana hücumları səbəbindən artan neft qiymətlərindən fayda əldə edib.

Rusiyanın ABŞ-yə “qarşılıqlı güzəşt” təklifi iddiası

Rusiyanın bugünlərdə Vaşinqtona “qarşılıqlı güzəşt” təklif etdiyi iddia olunur. “Politico” nəşrinin məlumatına görə, Putin ABŞ Prezidenti Donald Trampa belə bir mesaj göndərib: Vaşinqton Rusiyaya dair kəşfiyyat məlumatlarını Ukraynaya verməyi dayandırarsa, Kreml də ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektlərinin koordinatları kimi məlumatları İrana ötürməyəcək. ABŞ-nin bu təklifi rədd etdiyi iddia olunur.

ABŞ-Rusiya danışıqlarına yaxın iki mənbənin bildirdiyinə görə, ötən həftə Mayamidə keçirilmiş görüşdə Putinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kiril Dmitriyev bu təklifi Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffa və Trampın kürəkəni Cared Kuşnerə çatdırıb.

Ağ Ev bu məsələylə bağlı şərh verməkdən imtina edib, Dmitriyevsə bu məlumatı “uydurma” adlandırıb.

“Politfm”