Foto: Getty İmages
“The Wall Street Journal” nəşrinin ABŞ rəsmilərinə istinadən yaydığı məlumada bildirilir ki, İran ABŞ və İngiltərənin Hind okeanında yerləşən strateji Dieqo Qarsiya adasındakı hərbi bazasına raket zərbəsi endirməyə cəhd edib.
Hərbi ekspertlər bunu ciddi bir eskalasiya və texniki sürpriz kimi qiymətləndiriblər.
Dieqo Qarsia adası ABŞ və Böyük Britaniyanın birgə istifadə etdiyi, strateji bombardmançı təyyarələr və sualtı qayıqların yerləşdirilmiş bazadır.
Məlumatda bildirilir ki, İran adaya iki ballistik raket atıb. Raketlərin hədəfə çatmadığı bildirilir. Raketlərdən birinin uçuş zamanı mühərrik nasazlığı səbəbindən düşdüyü, digərininsə ABŞ-ın SM-3 raketdən müdafiə sistemi tərəfindən zərərsizləşdirildiyi iddia olunur.
Dieqo Qarsiya adası İrandan təxminən 4000 kilometr uzaqlıqda yerləşir. İran indiyə qədər raketlərinin maksimum mənzilinin 2000 km olduğunu bəyan edirdi. Bu hücum İranın daha uzaqmənzilli silahlara malik olduğunu göstərir.
Ekspertlərin fikrincə, İran bu addımıyla ABŞ-nin ən uzaq bazalarının belə toxunulmaz olmadığını nümayiş etdirməyə çalışıb.
İsrail və Qərb rəsmiləri qeyd edirlər ki, 4000 km-lik məsafəyə atıln raket İranın Berlin, Paris və Roma kimi Avropa paytaxtlarını da vura biləcəyi anlamına gəlir.
“Politfm”



