Son günlərin müzakirə mövzularından biri də dünyanın bir müddət internetsiz qala biləcəyi, yaxud internetin sürətinin əhəmiyyətli dərəcədə azalcağıyla bağlıdır.
Hörmüz boğazı təkcə neft daşınması üçün deyil, həm də qlobal rəqəmsal infrastruktur üçün “şah damarı” rolunu oynayır. Dünya internet trafikinin böyük bir hissəsi okeanların dibi ilə çəkilən fiber-optik kabellər vasitəsilə ötürülür. Hörmüz boğazı və ona yaxın olan Qırmızı dəniz regionu bu kabellərin ən sıx keçdiyi nöqtələrdir.
Avropa ilə Asiya arasındakı internet məlumatlarının təxminən 90%-i bu regiondan keçən kabellər vasitəsilə ötürülür.
Boğazda baş verə biləcək hərbi münaqişə və ya qəsdən törədilən təxribat bu kabellərin qırılmasına səbəb ola bilər.
Əgər Hörmüz boğazı və ya ətrafındakı sualtı kabellər zədələnsə, ciddi fəsadlar yarana bilər.
Mütəxəssislər hesab edir ki, sualtı kabellər zədələnsə, məlumat axını alternativ yollara yönləndiriləcək ki, bu da internetin sürətini həddindən artıq zəiflədəcək.
Digər tərəfdən, bank əməliyyatları, birja ticarəti və beynəlxalq ödənişlər dayana bilər.
“Google”, AWS və “Microsoft” kimi nəhənglərin xidmətlərində qlobal kəsintilər yaşana bilər.
Bu dar keçid coğrafi baxımdan elə bir yerdədir ki, alternativ yolların yaradılması həm çox baha başa gəlir, həm də texniki cəhətdən mürəkkəbdir.
Xatırladaq ki, bir neçə il əvvəl Qırmızı dənizdə lövbər atan gəmilərin təsadüfən kabelləri zədələməsi nəticəsində bəzi Yaxın Şərq və Afrika ölkələrində internet günlərlə kəsilmişdi.
“Politfm”



