Foto: “Reuters”/Kevin Lamarque

İrandakı müharibə Prezident Donald Trampın nüfuzuna xələl gətirmək təhlükəsi yaratsa da, bu vəziyyət həm də onun iki əsas köməkçisi — vitse-prezident Cey Di Vens və Dövlət katibi Marko Rubio üçün siyasi riskləri yüksəldir. “Reuters” agentliyinin məqaləsində belə deyilir.


Agentlik həmçinin qeyd edir ki, bir çoxları onları Trampın potensial varisləri hesab edirlər. Onlar Respublikaçılar Partiyasının artıq Trampdan sonrakı dövrü düşündüyü bir vaxtda hələ yekunlaşmamış sülh danışıqlarının mərkəzində qalıblar.

ABŞ-nin uzunmüddətli hərbi müdaxilələrinə şübhəylə yanaşan Vens ehtiyatlı mövqe tutub. Rubio isə əksinə, Trampın “qırğı” siyasətinə tam uyğunlaşıb və İrandakı hərbi kampaniyanın ən qızğın müdafiəçilərindən birinə çevrilib.

Tramp bildirib ki, onların hər ikisi İranı ABŞ-nin tələblərini (nüvə və ballistik raket proqramlarını ləğv etmək, Hörmüz boğazında neftin maneəsiz hərəkətinə şərait yaratmaq) qəbul etdirmək cəhdlərində iştirak edir.

Amerikada növbəti prezident seçkiləri 2028-ci ildə keçiriləcək. Müddət məhdudiyyəti Trampın yenidən namizəd olmasına imkan vermir. Məlumatlı mənbələrin dediyinə görə, o, varislik məsələsini müttəfiqləri və məsləhətçiləriylə şəxsi söhbətlərdə müzakirə edir, onlardan “Cey Di, yoxsa Marko?” deyə soruşur.

Siyasi analitiklərin və Respublikaçılar Partiyası nümayəndələrinin fikrincə, Amerikanın İranda artıq beşinci həftədir davam edən hərbi əməliyyatının nəticəsi hər iki namizədin 2028-ci il perspektivlərinə təsir edə bilər. Müharibənin sürətlə ABŞ-nin xeyrinə başa çatması Trampın həm də milli təhlükəsizlik üzrə məsləhətçisi olan və böhran dövründə etibarlı müttəfiq kimi görünən Rubionun mövqeyini möhkəmləndirə bilər.

Münaqişənin uzanması isə Vensə fürsət verəcək ki, prezidentlə münasibətləri açıq şəkildə pozmadan Trampın antimüharibə mövqeyində olan tərəfdarlarının ovqatını əks etdirdiyini iddia etsin.

Trampın nüfuzu təhlükə altındadır

Hazırda Trampın öz nüfuzu da təhlükə altındadır. “Reuters/Ipsos”-un keçən həftə keçirdiyi dördgünlük sorğunun nəticələrinə görə, yanacaq qiymətlərinin kəskin artması və İrandakı müharibəyə qarşı genişmiqyaslı narazılıq səbəbindən onun reytinqi 36%-ə düşüb. Bu, Trampın ikinci prezidentliyi dönəminin ən aşağı göstəricisidir.

Bəzi respublikaçılar bildirirlər ki, İran münaqişəsi genişləndikcə Trampın bu iki şəxsdən hansına üstünlük verdiyini diqqətlə izləyirlər. Bəziləri Trampın Rubioya meyilləndiyinə dair əlamətlər görsələr də, onun fikrinin qəfil dəyişə biləcəyini də qeyd edirlər.
“Hamı Trampın Rubioyla danışan zaman müşahidə olunan bədən dilinə diqqət yetirir, Venslə danışında vəziyyət fərqli olur” – Ağ Evlə sıx əlaqələri olan bir respublikaçı belə deyib.

Ağ Ev isə Trampın öz mövqeyini bu yolla nümayiş etdirməsi barədə ehtimalları rədd edib. Mətbuat katibi Stiven Çenq bildirib ki, “Mediada vitse-prezident Vens və dövlət katibi Rubioyla bağlı spekulyasiyalar administrasiyanın Amerika xalqı uğrunda mübarizə missiyasını dayandıra bilməz”.

Trampın rəqiblərindən tutmuş ehtimal olunan varislərə qədər
41 yaşlı Vens İraqda xidmət etmiş keçmiş dəniz piyadasıdır və uzun müddətdir ki, ABŞ-nin xarici müharibələrdə iştirakına qarşı çıxış edir. Onun İranla bağlı publik şərhləri məhdud və təmkinlidir, Trampsa onlar arasında “fəlsəfi fərqlərin” olduğunu qeyd edib.
Əvvəllər özünü “Trampın əleyhdarı” adlandıran Vens 2023-cü ildə “Wall Street Journal” nəşrinə yazdığı məqalədə qeyd etmişdi ki, Trampın ən uğurlu xarici siyasəti ilk prezidentliyi dövründə (2017-2021) heç bir müharibəyə başlamaması olub.

Ağ Ev prezident və vitse-prezident arasındakı fikir ayrılığını kiçiltməyə çalışır. Vens martın əvvəlində Oval kabinetdə – Trampın yanında çıxış edərkən demişdiki ki, prezidentin müharibəylə bağlı qərarlarını dəstəkləyir və İranın nüvə silahı əldə etməməsi mövzusunda onunla həmfikirdir.

Vəziyyətlə tanış olan mənbənin sözlərinə görə, Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner danışıqlarda kifayət qədər irəliləyişə nail olsalar, Vens prosesdə daha yaxından iştirak edə bilər.

“Vitse-prezident Vens Prezident Trampın cəsarətli rəhbərliyi altında Amerikanın təhlükəsizliyi və rifahı naminə inanılmaz uğurlar qazanmış yüksək səmərəli komandanın üzvü olmaqdan qürur duyur” – Vensin mətbuat katibi belə deyib.

Bu həssas mövzuda sərbəst danışa bilmək üçün anonim qalmaq istəyən yüksək rütbəli Ağ Ev rəsmisi bildirib ki, köməkçiləri ona sadiq qaldıqları müddətcə Tramp ideoloji fərqlərə dözə bilir. O həmçinin qeyd edib ki, Vensin skeptik baxışları Trampa öz seçici kütləsinin bir hissəsinin hansı tərəfdə olduğunu anlamağa kömək edib.

Vensin mövqeyinə bələd olan mənbə “Reuters”-ə bildirib ki, vitse-prezident 2028-ci ildə namizəd olub-olmayacağına dair qərar vermək üçün noyabrda keçiriləcək aralıq seçkilərinin bitməsini gözləyəcək.

Vens irəlidədir

Vens Mühafizəkar Siyasi Fəaliyyət Konfransının (CPAC) illik toplantısında keçirilən ilkin sorğuda qalib gəlib: səsvermədə iştirak edən 1600-dən çox iştirakçının təxminən 53%-i Respublikaçılar Partiyasının növbəti namizədi kimi məhz onu dəstəkləyib. Martın 28-də dərc olunan nəticələr Rubionun da nüfuz qazandığını göstərib — o, keçən ilki 3%-lə müqayisədə bu il 35% toplayaraq ikinci yeri tutub.

54 yaşlı Rubio bildirib ki, Vens prezidentliyə namizədliyini irəli sürsə, o, namizəd olmayacaq. Rubionun baxışlarına bələd olan mənbələr vitse-prezidentliyə namizəd olmaqdan da məmnun qalacağını deyirlər. Amma Vensin hansısa tərəfdən zəif mövqedə olması Rubionu və digər respublikaçıları seçkilərdə iştiraka sövq edə bilər.

Respublikaçı strateq Ron Bonjan deyir ki, “Trampın yaddaşı güclüdür. O, Vensi sadiqlik nümayiş etdirməməkdə günahlandıra bilər. Əgər Tramp MAGA tərəfdarları arasında populyarlığını qoruyub saxlasa, bu, Vensə zərər verə bilər, çünki belədə prezident onu dəstəkləməyəcək”.

Tramp Vens və Rubionun birlikdə namizəd ola biləcəyi ideyasını irəli sürərək deyib ki, bu variantda onları məğlub etmək çətin olar. Ağ Evin yüksək rütbəli rəsmisi isə bildirib ki, “Tramp heç kimi vəzifəyə təyin etmək istəmir”.

“Reuters/Ipsos”-un mart ayında keçirdiyi sorğunun nəticələri göstərib ki, respublikaçıların 79%-i Vensə müsbət, 19%-i isə mənfi münasibət bəsləyir. Rubionun reytinqi isə 71% müsbət, 15% mənfi olub. Müqayisə üçün qeyd edək ki, respublikaçıların 79%-i Trampa müsbət, 20%-i mənfi yanaşır.

Prezidentlik ambisiyası 2016-cı ildə – Trampla kəskin qarşıdurmadan sonra puça çıxan Rubio artıq prezidentlə aralarındakı bütün fikir ayrılıqlarını bir kənara qoyub. Dövlət Departamentinin sözçüsü Tommi Piqott bildirib ki, Rubionun Trampın komandasıyla həm peşəkar, həm də şəxsi müstəvidə “mükəmməl münasibətləri” var.

Rubionun ABŞ-ni müharibəyə İsrailin cəlb etdiyi barədə dedikləri Trampın bəzi mühafizəkar tərəfdarlarının qəzəbinə səbəb olmuş, o özü və Ağ Ev bu açıqlamanın vurduğu ziyanı minimuma endirməyə çalışmışdılar. Amma ötən həftələr ərzində Tramp Rubionun fəaliyyətini tərifləyib. “Rubio uzanan müharibənin onun siyasi gələcəyinə zərər verəcəyindən narahatdırmı” sualına Dövlət Departamentinin yüksək rütbəli rəsmisi belə cavab verib: “O, bu barədə bir saniyə belə düşünməyib”.

Təsəvvürlərdəki fərqlər

CPAC-ın rəhbəri, mühafizəkar lider Mett Şlapp bildirib ki, İrana qarşı kampaniyanın ciddi siyasi nəticələri olacaq: “Əgər bu, tapşırığın uğurlu icrası kimi qəbul edilərsə, düşünürəm ki, insanlar doğru addım atdıqlarına görə siyasi baxımdan mükafatlandırılacaqlar. Amma əgər bu, sonsuzadək davam edərsə, düşünürəm ki, siyasi vəziyyət mürəkkəb olacaq”.
“Reuters/Ipsos”-un sorğu nəticələri göstərir ki, respublikaçılar 75%-i hələ də ABŞ-nin İrana zərbələrini dəstəkləyir.

Nazirlər Kabinetin martın 26-da televiziyayla yayımlanan iclasında Rubio və Vens arasındakı fərq aydın görünüb. Rubio Trampın İrana hücumunu qətiyyətlə müdafiə edərək deyib ki, “O, belə bir təhlükəni cavabsız qoymayacaq”.

Vens isə daha təmkinli danışıb və diqqəti İranı nüvə silahından məhrum etmək variantlarına yönəldib, çıxışının sonundada xristianlara və Fars körfəzindəki Amerika qoşunlarına xeyir-dualı Müqəddəs Həftə və Pasxa arzulayıb. O, hərbçilərə müraciətlə deyib ki, “Biz hələ də sizin yanınızdayıq və hər addımda sizə kömək edəcəyik”.

“Politfm”

(“Reuters”-in materialı əsasında)