Foto: “Shipspotting” saytından
ABŞ-nin faktiki neft blokadası tətbiq etdiyi bir dövrdə Rusiya bayrağı altında üzən və sanksiya qoyulmuş “Anatoli Kolodkin” tankeri Kuba sularına daxil olaraq Matanzas limanına yan alıb.
“The New York Times” nəşri yazır ki, Vaşinqton bu tankerin keçidinə bilərəkdən mane olmayıb. ABŞ-nin yüksək rütbəli rəsmisinə istinadən bildirilir ki, bu addım Kubada baş verə biləcək humanitar fəlakətin və tam enerji kollapsının qarşısını almaq məqsədi güdür. Ağ Ev rəsmiləri hesab edirlər ki, Kubada elektrik sisteminin tamamilə çökməsi ABŞ sərhədlərinə doğru yeni bir miqrasiya dalğasına səbəb ola bilər.
“Anatoli Kolodkin” təxminən 700.000 barel Rusiya xam nefti (“Urals” markası) daşıyır. Bu miqdar Kubanın elektrik stansiyalarının bir neçə həftəlik fasiləsiz işləməsini təmin edə bilər.
Gəmi Baltik dənizindəki Primorsk limanından yola düşüb, Atlantik okeanını keçəndə bir neçə dəfə transponderini (siqnal ötürücüsünü) söndürərək “qaranlıq rejimdə” hərəkət edib. Bu, sanksiyalardan yayınmaq üçün tez-tez istifadə olunan taktikadır.
Gəmiizləmə radarlarının məlumatlarına görə, tanker Florida boğazından keçərkən ABŞ-nin sahil mühafizəsi gəmiləri onu uzaq məsafədən izləsələr də, hər hansı fiziki müdaxilə və ya saxlama cəhdi olmayıb. Analitiklər bunu Vaşinqtonun Kubaya qarşı “sanksiya təzyiqi” ilə “regional sabitlik” arasında tapdığı kövrək balans kimi qiymətləndirirlər.
Kuba hazırda son onilliklərin ən ağır enerji böhranını yaşayır. Venesueladan gələn neft tədarükünün kəskin azalması fonunda Rusiya nefti yeganə xilas yolu kimi görünür. “Anatoli Kolodkin”lə çatdırılan neft ölkədə gündəlik 18-20 saatlıq işıq kəsintilərinin müvəqqəti azalmasına kömək edəcək.
Görünən odur ki, ABŞ-nin xarici siyasət idarələri (XİN və Dövlət Departamenti) bəzən “istisna halları” tətbiq etməyə məcbur olur. İrandakı gərginlik və qlobal neft qiymətlərindəki qeyri-sabitlik fonunda Vaşinqton Karib hövzəsində əlavə gərginlik ocağı yaranmasını istəmir.
“Politfm”



