Foto: AP
3000-dən çox insanın ölümünə səbəb olan 7.2 və 7.5 bal gücündəki iki dağıdıcı zəlzələdən sonra Venesuaelada yaranmış humanitar böhran dərinləşir.
Müstəqillik gününə həsr olunmuş hərbi mərasimdə çıxış edən prezident Delsi Rodríges ABŞ tərəfindən dəstəklənən hökumətin 24 iyun fəlakətinə gec və qeyri-kafi reaksiya verməsiylə bağlı ittihamları rədd edib, minlərlə dövlət məmurunun və xilasetmə qrupunun sağ qalanları dağıntılar altından çıxarmaq üçün səfərbər olunduğunu vurğulayıb (“The Guardian”).
“Burada heç bir sosial iğtişaş olmayacaq, bizim burada gördüyümüz şey böyük sosial həmrəylikdir” – Rodriges belə deyib.
İnformasiya Nazirliyinin son məlumatına görə, fəlakət nəticəsində ölənlərin sayı 3 342-yə yüksəlib, yaralıların sayı isə 16 700-ü keçib.
İtkin düşənlərin sayı 31-50 min arasında dəyişir. Hakimiyyət orqanları hələ ki konkret rəqəm açıqlamasalar da, bəzi mənbələrə görə itkinlərin axtarışı üçün yaradılan rəqəmsal platformalara 31 mindən çox, digər mənbələrə görəsə 50 minə yaxın müraciət daxil olub.
Latın Amerikasında son illərin ən böyük seysmik fəlakətlərindən biri sayılan bu zəlzələ xüsusilə paytaxt Karakasın şimalındakı sahil zonası olan La Quayrada minlərlə insanı evsiz qoyub.
Zəlzələdən 11 gün keçməsinə baxmayaraq beynəlxalq xilasetmə missiyaları öz fəaliyyətlərini yekunlaşdırırlar, amma yerli əhali hələ də doğmalarının cəsədlərini tapmağa çalışır. Mövcud infrastrukturun çökməsi insanları çarəsiz vəziyyətdə qoyub.
Mühafizəçisi olduğu binanın uçması nəticəsində həlak olan 25 yaşlı Joze Antonio Toledonun ailəsinin yaşadıqları fəlakətin miqyasını göstərir. Toledonun cəsədi xəstəxanaya aparılsa da, orda yer olmadığı üçün geri qaytarılıb və müvəqqəti olaraq açıq avtomobil dayanacağına qoyulub. Maddi imkansızlıq ucbatından dəfn xərclərini (450 dollar) ödəyə bilməyən ailə meriyanın son anda ayırdığı pulsuz yer sayəsində övladlarını gecə yarısı qəbiristanlıqda dəfn edə bilib.
“O, insanlara kömək etməyi sevən, nümunəvi bir gənc idi. Onun nəşini kütləvi məzarlıqdan çətinliklə xilas etdik” – anası Rosa Lopes göz yaşları içində belə deyib.
“Kütləvi məzarlıqların yaradılması qaçılmazdır”
Ekspertlər fəlakət bölgəsində ölü sayının kəskin artacağını proqnozlaşdırırlar. Dağıntılar altından çıxarılan cəsədlərin tanınması və saxlanması prosesi böyük problemə çevrilib. Yeddi gündür fasiləsiz işləyən məhkəmə eksperti Joel Mirabalın sözlərinə görə, cəsədlərin yalnız 60-70%-ni qohumları və ya qonşuları tanıya bilir:
“Cəsədlər real həyatda olduqlarının 10%-nə belə bənzəmirlər. İnsanlar yaxınlarını yalnız döymə, çapıq və ya geyim detallarına görə tanıyırlar”.
Şəxsiyyəti müəyyən edilə bilməyən cəsədlər La Quayra limanındakı xüsusi mərkəzə göndərilir. Özəl şirkətlər tərəfindən ianə edilən böyük soyuducu konteynerlər də artıq kifayət etmir.
Mirabal vəziyyətin kritik olduğunu vurğulayaraq xəbərdarlıq edib: “Dağıntı kütləvidir və cəsədlər layların altındadır. Aydındır ki, tezliklə kütləvi məzarlıqların yaradılmasına başlanılacaq”.
Məhkəmə-tibb ekspertləri bölgədə cəsədlərin toplanması və identifikasiyası prosesinin ən azı daha üç ay davam edəcəyini düşünürlər.
“Politfm”



