Polis əməkdaşları təcili yardım təlimi zamanı xəstəxananın yaxınlığında ADS MK6 əks-dron sistemindən istifadəni nümayiş etdirirlər, Nantou, Tayvan, 2 iyul 2026 (foto: “Reuters”)
Bu, Tayvan üçün ən qorxulu ssenari idi: Çinin dəniz blokadası, Pekinin xaos yaratmaq üçün istifadə etdiyi güclü zəlzələ, televiziya yayımının ələ keçirilməsi, infrastrukturun sabotajı, banklarda panika, vətəndaş iğtişaşları və nəhayət, tammiqyaslı hərbi müdaxilə.
Məhz belə mərhələli böhran ssenarisi bu həftə Tayvanın mərkəzində keçirilən təlimlər zamanı 370-dən çox hökumət nümayəndəsinə və hərbçiyə təqdim olunub. Təlimlər prezident Lay Tsintenin Çin tərəfindən artan hərbi təzyiq fonunda adanın müdafiə hazırlığını gücləndirmək strategiyasının tərkib hissəsidir.
“Reuters” agentliyi qapalı formatda keçirilən bu təlimləri izləmək üçün nadir eksklüziv imkan əldə edib. Təlimlərdə ilk dəfə olaraq Nantou dairəsinin yerli hakimiyyətinin hərbi müdaxilə şəraitində mərkəzi hökumətlə və hərbi qurumlarla koordinasiyalı şəkildə fəaliyyətini davam etdirə bilib-bilməyəcəyi yoxlanılıb.
Son illər Tayvan “dayanıqlılığın artırılması təlimləri” adlandırılan yeni proqramı genişləndirib. Məqsəd əhalini və dövlət qurumlarını təbii fəlakətlərdən tutmuş müharibə şəraitinədək müxtəlif böhran ssenarilərinə hazırlamaqdır. Bu proqram əvvəllər formal xarakter daşıdığı və real vəziyyəti əks etdirmədiyi üçün tənqid olunan köhnə təlimləri əvəz edir.
Təlimlərə rəhbərlik edən xüsusi (portfelsiz) nazir Çi Lyan-çen “Reuters”-ə deyib ki, “Rəqibimiz sərhədin o tayındadır – Tayvan boğazının digər sahilində. Bu, çox yaxın məsafədir”.
Nazirin sözlərinə görə, ölkənin müdafiəsi ilk növbədə öz vətəndaşlarının üzərinə düşür.
“Əgər siz öz ölkənizi müdafiə etmirsinizsə, bunu sizin əvəzinizə kim edəcək? Düşünürəm ki, insanlar bunu getdikcə daha yaxşı anlayırlar”.
Nazir etiraf edib ki, hazırlıq sistemində hələ də çoxlu çatışmazlıqlar mövcuddur və real fəlakət zamanı mövcud resurslar kifayət etməyə bilər.
Çin Tayvan üzərində nəzarəti bərpa etmək üçün gücdən istifadə variantından heç vaxt imtina etmədiyini dəfələrlə bəyan edib. Tayvan hökuməti isə bildirir ki, adanın gələcəyinə yalnız onun sakinləri qərar verə bilər.
Təlimlərin başa çatdığı gün – iyulun 2-də Tayvan Müdafiə Nazirliyi Çinin ada ətrafında növbəti “birgə döyüş hazırlığı patrulu” keçirdiyini açıqlayıb. Məlumata görə, əməliyyatda hərbi gəmilər və nüvə silahı daşımaq qabiliyyətinə malik H-6 bombardmançıları da daxil olmaqla, azı 22 hərbi təyyarə iştirak edib.
Çin hökumətinin Tayvan İşləri İdarəsinin nümayəndəsi Çju Fenlyan isə prezident Lay Tsinteni gərginliyi qəsdən artırmaqda ittiham edib.
“Bu, Tayvanı yalnız müharibə və qarşıdurma təhlükəsinə sürükləyəcək. Lay Tayvan boğazında sülhün əsas dağıdıcısı, böhranın yaradıcısı və müharibənin təhrikçisidir”.
“Bahalı müharibə uğursuzluqla nəticələnə bilər”
Təlimlər əvvəlcə yeddi saat davam edən qərargahda toplantı simulyasiyasıyla başlayıb, ertəsi günsə sahə mərhələsinə keçib. Bu mərhələdə elektrik stansiyasını hədəfə alan Çin pilotsuz aparatının zərərsizləşdirilməsi, ərzaq paylama məntəqələrinin yaradılması və digər əməliyyatlar məşq etdirilib.
Ssenariyə 6,8 bal gücündə zəlzələ də daxil edilib. Zəlzələ nəticəsində 12 nəfərin həlak olduğu qəbul olunub və bu, rəsmiləri eyni vaxtda həm təbii fəlakətin nəticələrini aradan qaldırmağa, dağıdılmış infrastrukturu bərpa etməyə, ictimai narazılığı idarə etməyə, həm də mümkün hərbi əməliyyatlara hazırlaşmağa məcbur edib.
Təlim mərkəzində yerləşən böyük ekranlarda ABŞ ordusu tərəfindən hazırlanmış taktiki xəritələşdirmə və rabitə sistemi nümayiş etdirilib. Sistem düşmən hədəflərinin yeri barədə real vaxt rejimində məlumat təqdim edib.
Bununla yanaşı, Tayvan hökumətinin iki rəqəmsal platformasından da istifadə olunub. İnteraktiv xəritələr vasitəsilə təcili yardım maşınlarının və digər resursların hərəkəti vizuallaşdırılıb. Bu, təlimlərin əsas məqsədlərindən birinin mülki və hərbi strukturlar arasında inteqrasiyanı gücləndirmək olduğunu göstərib.
Milli Təhlükəsizlik Şurası baş katibinin müavini Lin Feyfan bildirib ki, ehtiyat hərbi qüvvələrin komandanlıqları artıq yerli hakimiyyət orqanları ilə birbaşa koordinasiya şəraitində fəaliyyət göstərirlər.
“Mesajımız rəqibimiz üçün aydındır: onlar Tayvan cəmiyyətinin buna hazır olduğunu görəndə, Tayvana qarşı belə bahalı müharibəyə başlamağın dəyərini çox ciddi şəkildə hesablamalı olacaqlar. Çünki bu müharibə uğursuzluqla nəticələnə bilər” – Feyfan belə deyib.
Ukrayna və Yaxın Şərq müharibələrinin təcrübəsi
Rəsmilər bildiriblər ki, təlimlər Ukrayna və Yaxın Şərqdəki müharibələrdən çıxarılan nəticələr əsasında – daha realist hazırlanıb.
Ssenarilərə xəstəxanaların yeraltı obyektlərə köçürülməsi, peşəkar hakerlərin hökumətin informasiya sistemlərinə kiberhücumları və dövlət şəbəkələrinin dayanıqlığının sınaqdan keçirilməsi də daxil edilib.
Ssenarilərdən birində Çin pilotsuz aparatının böhran idarəetmə mərkəzinə zərbə endirdiyi, nəticədə 75 dövlət məmurunun taleyinin naməlum qaldığı qəbul olunub. Bu halda ehtiyat əməliyyat mərkəzinin dərhal işə salınması planı hazırlanmalı idi.
Təlimdə iştirak edən və adının açıqlanmasını istəməyən məmur bildirib:
“Biz onları real müharibəyə daxil edə bilmərik. Ona görə də yalnız ssenarilərdən istifadə edirik ki, müharibənin son dərəcə qəddar olduğunu başa düşsünlər. Belə şəraitdə bütün qərarlar ağır və təcili olur”.
“Əgər sülh dövründə buna hazırlaşmamısınızsa, böhran zamanı düzgün reaksiya verə bilməyəcəksiniz” deyə, o əlavə edib.
Nantounu “arxa cəbhə” roluna hazırlayırlar
Təlimlərdə Nantou dairəsinə xüsusi strateji rol ayrılıb. Tayvanın dənizə çıxışı olmayan yeganə inzibati bölgəsi müharibə zamanı digər rayonlardan təxliyə olunan insanlar üçün təhlükəsiz sığınacaq və ön cəbhədə döyüşən qüvvələrin təminat bazası kimi fəaliyyət göstərməlidir.
Ölkənin müxtəlif bölgələrindəki onlarla yerli idarə də videobağlantı vasitəsilə təlimlərə qoşularaq böhran mərkəzindən gələn suallara operativ cavab veriblər.
Rəsmilərdən bir gecə ərzində neçə ehtiyat çağırışçının səfərbər edilə biləcəyindən tutmuş, uşaq yeməyinin sayına qədər çoxsaylı konkret suallara cavab vermələri tələb olunub.
Bu, kommunal xidmətlərdən qeydiyyat idarələrinədək çalışan yerli məmurların gündəlik fəaliyyətindən tamamilə fərqli tapşırıqlar idi.
Ssenarilər mürəkkəbləşdikcə böhran mərkəzində gərginlik də artıb. Bəzi hallarda rəhbərlərlə tabelikdə olan əməkdaşlar arasında kəskin müzakirələr yaşanıb və bəzi məmurlar suallara dərhal cavab verməkdə çətinlik çəkiblər.
Dezinformasiyaya qarşı mübarizə də sınaqdan keçirilib
Təlimlər zamanı yerli hakimiyyət orqanlarının informasiya müharibəsinə reaksiyası da yoxlanılıb. Ssenarinin davamında Çin mənşəli dezinformasiya və sabotaj əsas təhlükələrdən birinə çevrilib.
Ssenarilərdən birində yerli televiziyanın yayımı ələ keçirilərək Pekinin təbliğatıyla əvəz olunub, küçələrdə saxta məlumatlar əks etdirən vərəqələr yayılıb. Bu epizod Tayvanın 2025-ci ildə çəkilmiş “Sıfırıncı Gün Hücumu” (“Zero Day Attack”) teleserialındakı hadisələri xatırladıb.
Buna cavab olaraq rəsmilər imitasiya olunmuş mətbuat konfransları keçirərək iştirakçılara dezinformasiyanı müəyyənləşdirmə və ona operativ cavab vermə üsullarını öyrədiblər.
Nantounun Fövqəladə Hallara Cavab Qrupuna rəhbərlik edən 75 yaşlı başçısı Li İ-yuan bildirib ki, bu təlimlər ona saxta məlumatı həqiqətədən ayırd etməyi öyrədib.
“Əgər qarşı tərəf hücum etsə, yəqin ki, yalan məlumat yaymaq üçün süni intellektdən istifadə edəcək” deyə, o vurğulayıb.
“Politfm”



