Foto: internet

 

Ölkənin bank sektorunda problemli kreditlərin həcmində sürətli artım müşahidə olunur. Azərbaycan Mərkəzi Bankının 2026-cı ilin birinci yarısına dair məlumatına görə, ölkədə fəaliyyət göstərən bankların vaxtı keçmiş kreditlərinin həcmi 719,3 milyon manat olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə vaxtı keçmiş kreditlərin həcmi 36,4 faiz artıb. Problemli kreditlərdə ən böyük artım cari ilin ilk altı ayında qeydə alınıb. Müqayisə üçün qeyd edək ki, ötən ilin ilk altı ayında problemli kreditlərin həcmi cəmi 52,3 milyon manat və ya 11 faiz artdığı halda, cari ilin I yarısında sözügedən borcların həcmi 161,8 milyon manat yüksəlib. Beləliklə, əhalinin banklara qaytarılmayan borcları altı ay ərzində 29 faiz böyüyüb. Ən kəskin artım tempi isə bu ilin iyun ayında qeydə alınıb. Bir ay ərzində problemli kreditlər 84 milyon manat artıb.

Mərkəzi Bankın iyulun 1-nə olan məlumatına görə, ölkədə ümumi kredit portfelinin həcmi 33 milyard 881 milyon manat təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,1 faiz çoxdur.

Bir il ərzində ümumi kredit portfeli 12,1 faiz böyüdüyü halda, problemli kreditlərin 36,4 faiz artması riskli kreditlərin ümumi portfeldə xüsusi çəkisinin yüksəldiyini əks etdirir. Nəticədə problemli kreditlərin ümumi kredit portfelində payı 2,1 faizə çatıb.

Banklar tərəfindən verilən kreditlərin böyük hissəsi istehlak kreditlərinin payına düşür. İlin ilk altı ayının nəticələrinə görə, banklar ev təsərrüfatlarına 20 milyard 161,3 milyon manat kredit verib. Bu da ümumi kredit portfelinin 60,5 faizinə bərabərdir.

Kreditləşmədə növbəti yeri real sektor tutur. Bu sahədə ən böyük pay ticarət və xidmət sektorunun payına düşür. İyulun 1-nə olan məlumata görə, həmin sahəyə ayrılan kreditlərin həcmi 4 milyard 600 milyon manat olub ki, bu da ümumi kredit portfelinin 13,6 faizini təşkil edir.

Bankların sənaye və istehsal sektorunun maliyyələşdirilməsində payı isə cəmi 5 faizdir. Kommersiya bankları bu sahəyə 1 milyard 693,6 milyon manat kapital yönəldib.

Adətın, kredit götürənlərin əksəriyyətini dövlət sektorunda və sabit gəlirə malik şəxslər təşkil edir, amma son bir ildə yüksək inflyasiya fonunda əhalinin real gəlirlərinin zəifləməsi, əməkhaqqı artımının qiymət artımını kompensasiya etməməsi və gündəlik istehlak xərclərinin yüksəlməsi bir çox borcalanın maliyyə yükünü ağırlaşdırıb.

İstehlak kreditlərinin ümumi portfeldə 60 faizdən çox paya malik olması da bank sektorunu əhalinin ödəmə qabiliyyətində baş verən dəyişikliklərə daha həssas edir. Nəticədə kredit ödənişlərində gecikmələr artır və problemli kredit portfeli daha sürətlə genişlənir.

Problemli kreditlərin ümumi kredit portfelində payı (2,1 faiz) beynəlxalq praktikada riskli hesab olunan 5 faizlik həddi keçməsə də, narahatlıq doğuran məqam bu göstəricinin artım tempidir. Belə kreditlərin ümumi kredit portfelindən təxminən üç dəfə sürətlə artması kredit keyfiyyətinin pisləşməsinə işarə edir. Hazırkı artım sürəti ilin ikinci yarısında da davam edərsə, ilin sonuna qədər onların həcminin 1 milyard manatı ötməsi real riskə çevrilə bilər.

Beynəlxalq reytinq agentlikləri və maliyyə institutlarının yanaşmasına görə, bank sektorunun dayanıqlılığı həm də problemli kreditlərin artım dinamikasına görə qiymətləndirilir, bu artım kredit riskinin yüksəldiyini göstərən əsas indikatorlardan biri hesab olunur. Tendensiyanın davamlı xarakter alması bankları mümkün zərərləri qarşılamaq üçün daha çox ehtiyat vəsait ayırmağa, kredit siyasətini sərtləşdirməyə sövq edir. Nəticə etibarilə bu, həm əhalinin, həm də biznesin maliyyə resurslarına çıxış imkanlarını məhdudlaşdırır.

“Politfm”