Foto: “Reuters”


 

 

İran Yaxın Şərqdəki ticarət yollarını, dəniz marşrutlarını və enerji infrastrukturunu təzyiq vasitəsinə çevirməklə Vaşinqtonu uzunmüddətli qarşıdurmada üstələyə biləcəyinə inanır.

Körfəz ölkələrinin rəsmilərinə və analitiklərinə istinadən “Reuters” belə yazır.

Onların sözlərinə görə, bu taktika qarşıdurmanın xərcini tədricən artırmağa hesablanıb. Başqa sözlə, Tehran qəti hərbi qələbə qazanmağa yox, münaqişənin miqyasını tammiqyaslı müharibəyə yol açmadan genişləndirməyə hesablanmış eskalasiya strategiyası həyata keçirir.

Analitiklərin fikrincə, Tehran Vaşinqtonu və onun müttəfiqlərini belə bir seçim qarşısında qoymağa çalışır: ya Hörmüz boğazı ilə bağlı İranın irəli sürdüyü tələbləri qəbul etmək, ya da böhranın daha da dərinləşməsinin yaratdığı xərclərlə üzləşmək.

İran hesab edir ki, Vaşinqton Hörmüz boğazında Tehrana daha geniş rol verən yeni status-kvonu qəbul etməyəcəyi təqdirdə qarşıdurma Körfəzlə məhdudlaşmayacaq və daha geniş coğrafiyaya yayılacaq. İran rəsmiləri düşünürlər ki, strateji dəniz keçidlərini və enerji infrastrukturunu risk altında saxlamaq gələcək danışıqlarda onun əlini gücləndirəcək.

Vaşinqton İnstitutunun əməkdaşı Maykl Nayts “Reuters” agentliyinə bildirib ki, “İran ən başından etibarən eskalasiya imkanlarını genişləndirməklə Birləşmiş Ştatları üstələməyə çalışıb. Beləliklə, hər həftə yeni bir element – yeni coğrafiya, yeni silah növü və ya yeni hədəf meydana çıxır”.

Onun sözlərinə görə, İranın əsas üstünlüyü ABŞ-yə və ya İsrailə birbaşa zərbə endirmək imkanında deyil: “Əsas üstünlüyü region ölkələrinə və qlobal iqtisadiyyata zərər vurmaq potensialına malik olmasıdır”.

İran “Hörmüz kartı”ndan istifadəyə davam edir

Müharibədən əvvəl dünya üzrə istehlak olunan neftin təxminən beşdə birinin daşındığı Hörmüz boğazında gəmiçiliyi iflic etmək imkanını nümayiş etdirən Tehran bununla artıq heç bir strateji dəniz keçidinin toxunulmaz olmadığını göstərməyə çalışır.
Qırmızı dənizə və Səudiyyə Ərəbistanının enerji infrastrukturuna yönələn təhdidlər də bu strategiyanın tərkib hissəsi hesab olunur. Məqsəd təkcə Vaşinqtonun dözümlülüyünü sınağa çəkmək deyil, həm də qlobal ticarət marşrutlarının təhlükəsizliyinin təmin edilməsinin xərcini artırmaqdır.

Körfəz ölkələrindəki mənbələrdən birinin sözlərinə görə, bu yanaşma İnqilab Keşikçiləri komandanlığının daha çox nəticə əldə edə biləcəklərinə inamından irəli gəlir. Onlar Donald Trampın noyabrda keçiriləcək aralıq seçkilər ərəfəsində Yaxın Şərqdə yeni hərbi münaqişəyə dərindən cəlb olunmaq istəməməsini özləri üçün fürsət hesab edirlər.

“İranlılar hesab edirlər ki, müharibəni genişləndirib təzyiqi artırmaqla Tramp sonda geri çəkilməyə məcbur olacaq. Tramp düşünür ki, iranlılara ağır zərbə vurmaqla onları danışıqlar masasına gətirə biləcək. Ancaq onlar geri çəkilməyəcəklər” – həmin mənbə belə deyib.

Tehranın hazırkı dialoq strategiyasının əsasını məhz bu yanaşma təşkil edir.
Hörmüz boğazının açılması üçün razılaşma əldə olunacağı ümidi ilə planlaşdırılan hücumu ləğv etdiyini açıqlayan Tramp bazar ertəsi İranla danışıqlar olacağını bildirib. Tehransa hazırda Birləşmiş Ştatlarla heç bir danışıq aparmadığını bəyan edib.

Yüksək rütbəli İran rəsmisinin sözlərinə görə, Tehran rəhbərliyi əvvəlki güzəşt cəhdlərinin Vaşinqtonun təzyiqini yalnız artırdığı qənaətinə gəlib. Buna görə də orda hesab edilir ki, səmərəli danışıqlar üçün ölkənin təzyiq imkanları gücləndirilməlidir. Mənbə bildirib ki, Tehran Trampın hər cür güzəşti zəiflik kimi qəbul etdiyini və yalnız təzyiqə reaksiya verdiyini düşünür.

Vaşinqton İnstitutunun baş elmi işçisi Maykl Sinq isə hesab edir ki, Tehran hələ də təşəbbüsün öz əlində olduğuna inanır. Onun fikrincə, bunun əsas səbəblərindən biri Tramp administrasiyasının hərbi baxımdan hansı həddə qədər irəliləməyə hazır olduğunu dəqiq müəyyənləşdirə bilməməsidir.

“İranlılar üstünlüklərini möhkəmləndirməyə çalışırlar. Onlar Hörmüz boğazı üzərində daha geniş suveren hüquqlar əldə etməkdə və bu strateji su yoluna nəzarəti gücləndirməkdə maraqlıdırlar” deyə, Sinq əlavə edib.

Sabiq ABŞ diplomatı və İran üzrə ekspert Alan Eyr hesab edir ki, Tehran Vaşinqtonu blokadanı aradan qaldırmağa və hərbi əməliyyatları dayandırmağa məcbur etmək üçün çəkindirmə strategiyasından istifadə edir.

“Onlar münaqişənin gedişini ABŞ-nin müəyyən etməsini istəmirlər” – Eyr belə deyib.
Mübahisənin əsas mövzularından biri də Hörmüz boğazının gələcək idarəçiliyidir.

Regiondakı mənbələrin “Reuters”-ə bildirdiyinə görə, Oman su yolunun idarə edilməsini, o cümlədən könüllü istifadə haqlarının tətbiqini nəzərdə tutan, Körfəz ölkələrinin də dəstəklədiyi təkliflə İrana müraciət edib.

Tehran Hörmüz boğazı üzərində inzibati səlahiyyətlər əldə etməyə və gəmilərdən xidmət haqqı toplamaq hüququ qazanmağa çalışır. Vaşinqton isə boğazın İranın nəzarətində olmayan beynəlxalq su yolu statusunu qorumasında israr edir və hər hansı rüsumun tətbiqini qəbul etmir.

İranın çəkindirmə strategiyası işə yarayır 

İranın son aylarda həyata keçirdiyi strategiya artıq müəyyən nəticələr verməyə başlayıb. Təhdidlər Hörmüz boğazının hüdudlarını aşdıqca, region ölkələri və Qərb dövlətləri diqqətlərini İrana qarşı təzyiqi artırmaqdan daha çox, ticarət marşrutlarının və enerji infrastrukturunun təhlükəsizliyini təmin etməyə yönəldirlər.

Bu dəyişikliyin ən bariz nümunəsi Səudiyyə Ərəbistanının təşəbbüsü ilə yaradılan yeni dəniz koalisiyasıdır. Körfəz ölkələrindəki mənbələrin sözlərinə görə, bu təşəbbüs İrana qarşı birbaşa hərbi qarşıdurmaya yox, kommersiya gəmilərinin müşayiətinə, kəşfiyyat məlumatlarının mübadiləsinə və dəniz yollarının mühafizəsinə hesablanıb.

Vaşinqton İnstitutunun əməkdaşı Maykl Nayts bu təşəbbüsü Avropa İttifaqının Qırmızı dənizdə ticarət gəmilərini qorumaq üçün yaratdığı “Aspides” missiyası ilə müqayisə edir. Onun fikrincə, məqsəd hərbi balansı dəyişmək deyil, beynəlxalq ticarətin fasiləsizliyini təmin etməkdir.

Analitiklərin qənaətinə görə, bu vəziyyət Tehran üçün müəyyən üstünlük yaradır. ABŞ ilə birbaşa hərbi qarşıdurmada üstünlük qazana bilməyən İran ona qarşı olan hökumətləri və hərbi-dəniz qüvvələrini müdafiəyə daha çox vəsait və resurs ayırmağa məcbur edir.
İstər Hörmüz boğazında, istər Bab Əl-Məndəb boğazında, istərsə də digər strateji bölgələrdə yaranan hər yeni təhdid qlobal ticarət marşrutlarının təhlükəsizliyini təmin etmək üçün əlavə resursların cəlb olunmasını zəruri edir.

Tehranın hesab edir ki, uzunmüddətli qarşıdurmada iqtisadi təzyiqlərə rəqiblərindən daha çox tab gətirə bilər. Bu strategiyanın diplomatik hədəfi də var. İran lazım gəldikdə böhranı daha da genişləndirə biləcəyini nümayiş etdirməklə gələcək danışıqlarda mövqeyini gücləndirməyə çalışır.

“Əgər danışıqlar baş tutacaqsa, iranlılar şərtləri özləri müəyyən etməyə çalışacaqlar. Hazırda hər iki tərəf eskalasiyaya yeni eskalasiya ilə cavab verir” – Xarici Əlaqələr Şurasının əməkdaşı və ABŞ Dövlət Departamentinin İran üzrə keçmiş müşaviri Rey Takeh belə deyib.

Hələ ki tərəflərdən heç biri geri çəkilməyə hazır görünmür. Vaşinqton və Tehran bir-birinin iradəsini sınağa çəkməyə davam etdikcə, maksimum üstünlük qazanmağa hesablanmış bu strategiyanın daha genişmiqyaslı münaqişəyə çevrilməsi ehtimalı artır.

“Politfm”