Foto: “myanmaritv.com”
Qlobal ticarət sistemi son 80 ilin ən böyük sarsıntısıyla üzləşəcək.
Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Baş direktoru Nqozi Okonjo-İveala dünən – mayın 18-də Tokioda, NHK telekanalına müsahibəsində belə deyib.
O qeyd edib ki, gömrük rüsumları tətbiq edən ABŞ ilə yanaşı, digər ÜTT üzvləri də müəyyən addımlar atıblar.
Okonjo-İvealanın sözlərinə görə, bunun səbəbi “sistemin islahat aparmaması və dövrün tələblərinə uyğunlaşmamasıdır”.
Təşkilatın əsas problemlərindən biri odur ki, qərarların qəbulu üçün bütün üzvlərin razılığı – konsensus tələb olunur. ÜTT hələ mart ayında nazirlər səviyyəsində toplantı keçirsə də, təşkilat iş planını qəbul edə bilməyib.
Okonjo-İveala bu uğursuzluğu üzvlər arasındakı fikir ayrılıqlarıyla əlaqələndirib, amma müəyyən irəliləyişlər olduğunu da vurğulayıb. O, qlobal ticarətin dörddə üçünün ÜTT-nin qaydaları əsasında həyata keçirildiyini qeyd edərək təşkilatın hələ də əhəmiyyətli olduğunu deyib.
Təşkilatın rəhbəri Hörmüz boğazının bağlanmasının qlobal ticarət sisteminə, xüsusilə də Şərqi Asiyaya “əhəmiyyətli dərəcədə” təsir etdiyini bildirib.
ÜTT sədri həmçinin qeyd edib ki, Yaponiyanın çoxtərəfli ticarət sistemini gücləndirmək prosesinə digər dövlətləri də cəlb etmək istəyir.
“Politfm”



