Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov (foto: Sergey Bobılyov/TASS)

 

 

“Rusiya ilə NATO hərbi alyansı arasında toqquşma riski artır və bunun nəticələri fəlakətli ola bilər”.

Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov TASS dövlət xəbər agentliyinə verdiyi müsahibədə belə deyib.

Ryabkov Finlandiyanın ölkəyə nüvə silahı gətirilməsinə icazə vermək niyyətini, həmçinin Fransa və Polşanın Baltik dənizində Rusiyadakı hədəflərə nüvə zərbələrini məşq etmək planlarını şərh edərkən bildirib ki, Rusiyanın avropalıların bu cür hazırlıqlarına qarşı münasibəti son dərəcə mənfidir.

O, Avropa paytaxtlarında Rusiya ilə müharibə təhlükəsi barədə bəyanatların getdikcə çoxalğını deyib.

“Gərginlik bu cür artdığına görə, o cümlədən nüvə sahəsindəki açıq-aşkar təxribatçı addımlar nəticəsində strateji risklər çoxalır. Eyni zamanda, NATO ilə ölkəmiz arasında birbaşa toqquşma təhlükəsi və bunun yarada biləcəyi bütün potensial fəlakətli nəticələr də artmaqdadır” deyə, Ryabkov əlavə edib.

“Politfm”