Foto: “ru.themoscowtimes.com”
Müharibənin başa çatacağına dair ümidlərin doğrulmaması, internetin məhdudlaşdırılması və iqtisadi vəziyyətin pisləşməsi Rusiyada hakimiyyətdən narazılığı artırıb.
Rusiyanın Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (ÜİRÖM) keçirdiyi sorğunun nəticələrinə görə, aprelin sonuna daxili siyasətdən narazı olan vətəndaşların payı 36%-ə çatıb. Bu, 2021-ci ilin dekabrından bəri ən yüksək göstəricidir. Dörd ay ərzində narazıların payı 14% artıb və bu, 2018-ci illə müqayisədə rekord yüksəlişdir. Həmin il Kremlin pensiya islahatına başlaması göstəricini dörd ay ərzində 21%-dən 38%-ə yüksəltmişdi.
Eyni zamanda, müharibə başlayandan bəri ilk dəfədir ki, daxili siyasətdən narazı olanların sayı onu dəstəkləyənlərin sayından (33%) çoxdur.
ÜİRÖM-ün məlumatları göstərir ki, cəmiyyətdə narazılıq bütün istiqamətlər üzrə artıb. Rusiyanın xarici siyasətindən narazı olanların payı dekabr ayındakı 16%-dən 26%-ə yüksəlib. Bu göstərici statistikanın əhatə etdiyi son iki onillik üzrə (2007-ci ildən bəri) rekord hesab olunur.
İqtisadi siyasətdən narazı olanların payı isə 46%-ə çatıb. Halbuki dekabr ayında bu göstərici 31% idi. Dörd ay ərzində iqtisadi narazılığın 15% artması da 2018-ci ildə pensiya yaşının artırılmasından sonra qeydə alınan ən yüksək sıçrayış sayılır.
Sosioloq Oleq Juravlyov “The Moscow Times” nəşrinə deyib ki, Rusiya cəmiyyətində müharibədən yorğunluq artmaqdadır və gələcəklə bağlı qeyri-müəyyənlik bunu daha da dərinləşdirir. Onun sözlərinə görə, təxminən bir il əvvəl bir çox rusiyalı Donald Trampın Ukraynadakı müharibəni dayandıracağına ümid edirdi:“Amma bu baş vermədi, iqtisadi gələcək qeyri-müəyyən olaraq qalır: yeni vergilər tətbiq olunub, inflyasiya yüksəkdir”.
Sosioloq indiki vəziyyəti 2014-cü ilin yazıyla müqayisə edib. Həmin vaxt Rusiya Krımı ilhaq etmişdi.
“O zaman hamı xoşbəxt idi, Krım sakinlərinin əksəriyyəti də daxil olmaqla. Amma indi hətta müharibə tərəfdarı hesab olunanlar da sevinc hiss etmir” deyə, Juravlyov əlavə edib.
Siyasi analitik Andrey Kolesnikovsa nəşrə açıqlamasında deyib ki, cəmiyyətdə yığılan narazılıq hakimiyyətin repressiyaları səbəbindən hələ ki açıq etirazlara çevrilə bilmir. Amma insanlar arasında hökm sürən qorxuya baxmayaraq sosioloji sorğularda etirazını açıq ifadə edənlərin sayı artır.
“Levada” mərkəzinin məlumatına görə, apreldə respondentlərin 20%-i ölkədə həyat səviyyəsinin aşağı düşməsinə görə kütləvi etirazların mümkün olduğunu bildirib. Daha 14%-i isə siyasi tələblərlə aksiyaların baş verə biləcəyini istisna etməyib. Hər iki göstərici 2024-cü ilin iyulundan bəri rekord səviyyə sayılır.
Kolesnikovun fikrincə, cəmiyyətdə artmaqda olan narazılıq bir gün açıq şəkildə üzə çıxa bilər.
“Bu, gözlənilməz yerdə və gözlənilməz zamanda qəfil nəticə doğuran yeraltı yanğına bənzəyə bilər” – Kolesnikov belə deyib.
“Politfm”



