Foto: Getty Images
Ukrayna Prezidenti Volodimir Zelenski martın 23-dən 24-nə keçən ölkə boyu həyata keçirilən genişmiqyaslı hava hücumunu “Rusiyanın tipik terror taktikası” adlandırıb.
Zelenski deyib ki, bu hücum həm Ukraynanın daxili sabitliyinə, həm də davam edən beynəlxalq diplomatik təmaslara (xüsusilə Florida görüşlərinə) birbaşa təzyiq xarakteri daşıyır.
Zelenskinin, o cümlədən Ukrayna Hərbi Hava Qüvvələrinin verdiyi məlumata görə, Rusiya bu gecə rekord sayda pilotsuz uçuş aparatı və raketdən istifadə edib -Ukrayna ərazisinə 392 zərbə dronu (onlardan 250-si “Şəhid” tipli) və 34 raket (o cümədən “İskəndər-M”, “X-101” və “İskəndər-K”) atıb.
Ukrayna HHM sistemləri 365 dronu və 25 raketi məhv edib.
Poltava, Xarkov, Xerson və Zaporojyedə ümumilikdə 5 nəfər həlak olub, 27-dən çox mülki şəxs yaralanıb. Xarkovda dronun qatara hücum etməsi və bir sərnişinin həlak olması xüsusi diqqət çəkib.
Zelenski hücumun əsasən kritik infrastruktura yönəldiyini vurğulayıb. O bildirib ki, zərbələr Ukrayna AES-lərinin fəaliyyətini təmin edən qovşaqları hədəf alıb. Nəticədə bir neçə enerji bloku gücünü azaldıb, bir blok isə avtomatik rejimdə sönüb.
Moldova Prezidenti Maya Sandu hücum nəticəsində Moldovayla Avropa arasındakı əsas elektrik xəttinin kəsildiyini açıqlayıb.
Zelenski Rusiyanın qlobal geosiyasi vəziyyətdən istifadə etdiyini qeyd edib:
“Yaxın Şərqdəki gərginlik və İranla müharibə riski diqqəti Ukraynadan yayındırır və bu, Rusiyanı daha da cəsarətləndirir. Moskva ABŞ-nin sülh təşəbbüslərinə və ‘bir həftəlik hücum fasiləsi’ vədlərinə kütləvi zərbələrlə cavab verərək real sülh istəmədiyini nümayiş etdirir”.
Ukrayna prezidenti kəşfiyyat məlumatlarına istinadən bildirib ki, Rusiya Belarus ərazisində yeni uzaqmənzilli dron bazaları qurur və İranla kəşfiyyat məlumatlarının mübadiləsini intensivləşdirir.
“Politfm”



