İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş yüksək vəzifəli komandanı Məhəmməd Baqir Zülqədr İranın Təhlükəsizlik Şurasının katibi təyin edilib.


Bu barədə İran Prezident Administrasiyasının Kommunikasiya və informasiya şöbəsinin direktor müavini Seyid Mehdi Təbatəbai məlumat verib.

İranın dövlət idarəçiliyində və hərbi iyerarxiyasında ən nüfuzlu şəxslərdən biri sayılan Məhəmməd Baqir Zülqədr martın 16-da sui-qəsd nəticəsində öldürülən Əli Laricaninin yerinə gətirilib.

SEPAH-ın “siyasi beyni”

Zülqədr SEPAH-ın ideoloji və strateji əsaslarını quran şəxslərdən biridir.

1979-cu il inqilabından dərhal sonra qurumun formalaşdırılmasında birbaşa iştirak edib.

İran-İraq müharibəsi dövründə SEPAH-ın xarici əməliyyatlarına və kəşfiyyat üzrə ixtisaslaşmış “Ramazan” qərargahına rəhbərlik edib. Bu təcrübə ona regional proksi-şəbəkələrlə (məsələn, İraqdakı şiə qruplaşmalarıyla) işləmək bacarığı qazandırıb.

Uzun illər SEPAH-ın Baş Qərargah rəisinin müavini postunda çalışıb, qurumun hərbi doktrinasının hazırlanmasında əsas söz sahibi olub.

Mahmud Əhmədinejadın prezidentliyi dövründə daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini vəzifəsinə gətirilib. Bu, SEPAH-ın mülki idarəçiliyə birbaşa müdaxiləsinin başlanğıcı sayılır.

Həmin vəzifəni icra etdiyi müddətdə ölkə daxilindəki etiraz hərəkatlarının qarşısının alınması və bu işə “Bəsic” qüvvələrinin də cəlb edilməsi mexanizmlərini təkmilləşdirib.

Sonrakı illərdə Məhkəmə Hakimiyyəti sədrinin strateji məsələlər üzrə müavini vəzifəsində çalışıb, Məsləhət Şurasının katibi olub və ali rəhbər Xameneinin birbaşa etimadını qazanan azsaylı generallardan birinə çevrilib.

Daha çox diplomatik manevrləri və “orta yol” taktikasıyla tanınan Əli Laricanidən fərqli olaraq Zülqədr kəskin hərbi ritorikasıyla seçilir.
Hesab olunur ki, həm SEPAH-da, həm hökumətdə, həm də məhkəmə sistemində dərin əlaqələrə malik olduğu üçün daxili cəbhədə parçalanmanın qarşısını almaq gücündədir.

Zülqədrin Təhlükəsizlik Şurasına rəhbər təyin edilməsi İranın daha aqressiv addımlar atmağa hazırlaşdığı kimi də qiymətləndirilir.

“Politfm”