Foto:” Getty Images”

 

 

Sentyabrın 10-na keçən gecə Rusiya Ukraynaya 149 pilotsuz uçuş aparatı ilə hücum edib. Eyni gecə Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqalada dəniz limanı yaxınlığında partlayışlar qeydə alınıb, liman infrastrukturunda və teatr binasında yanğınlar baş verib.

İntensivləşən hava hücumları Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün raket ehtiyatlarının kritik həddə azaldığı bir vaxta təsadüf edir. “The Economist” yazır ki, F-16 qırıcılarında istifadə olunan AIM-120 və AIM-9 raketləri, eləcə də “Patriot” sistemləri üçün PAC-3 önləyiciləri, demək olar ki, tükənib. Avropanın təklif etdiyi alternativlər isə yaxın müddətdə yaranmış boşluğu tam doldura bilməyəcək.

Mahaçqalada liman infrastrukturu yanıb

“Ukrainskaya Pravda”nın Rusiyanın ASTRA nəşrinə, “Exilenova+” monitorinq səhifəsinə və Dağıstan rəhbərliyinə istinadən yaydığı məlumata görə, sentyabrın 10-na keçən gecə Mahaçqalada PUA hücumu zamanı bir sıra partlayışlar baş verib.

Dağıstan rəhbərinin səlahiyyətlərini icra edən Fyodor Şçukin bütün hava hədəflərinin məhv edildiyini, PUA qalıqlarının düşməsi nəticəsində liman infrastrukturunda və Həmzət Tsadasa adına Avar Musiqili Dram Teatrında yanğın başladığını açıqlayıb. Onun sözlərinə görə, yanğınlar qısa müddətdə söndürülüb, ölən və yaralanan olmayıb. Bu, Rusiya tərəfinin rəsmi versiyasıdır. Ukrayna qurumları hücumla bağlı açıqlama verməyiblər.

Mahaçqala limanı Rusiyanın Xəzər dənizindəki yeganə donmayan dərin su limanı hesab olunur və il boyu fəaliyyət göstərir. Ümumi uzunluğu 900 metrdən çox olan altı yanalma körpüsündə eyni vaxtda altı gəmi qəbul edilə bilər. Limanda quru yük, neft, taxıl, konteyner, dəmir yolu və avtomobil-bərə terminalları fəaliyyət göstərir.

Limanın rəsmi statistikasına görə, 2026-cı ilin yanvar–avqust aylarında yük dövriyyəsi 2,9 milyon tondan çox olub. Bunun 2,08 milyon tondan çoxu neft, 820,1 min tonu isə quru yüklər olub. Taxıl üzrə tarixi aylıq rekord avqustda qeydə alınıb: həmin ay 71,7 min ton taxıl yüklənib-boşaldılıb.

Ukrayna Rusiyanın hərbi və enerji obyektlərini də hədəf alıb

Bir gün əvvəl isə Ukrayna qüvvələri Rusiyanın Qara dəniz sahilindəki hərbi və neft infrastrukturuna kompleks zərbə endirdiklərini açıqlayıblar. Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, Novorossiysk hərbi-dəniz bazası, hərbi liman obyektləri, “Kalibr” qanadlı raketlərini daşıyan bir neçə Qara dəniz donanması gəmisi, mazut anbarları və neftin gəmilərə yükləndiyi “Şesxaris” terminalının infrastrukturu vurulub. Bazada və mazut terminalında yanğınların, gəmilərin dayandığı ərazilərdə isə partlayışların qeydə alındığı bildirilib (SBU-nun rəsmi açıqlaması).

Ukrayna hərbi kəşfiyyatı 11356 layihəli “Admiral Essen” freqatının da zərbə aldığını və gəminin göyərtəsində yanğın başladığını açıqlayıb. Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi isə Anapada Su-33 göyərtə qırıcısının və Mi-8 helikopterinin məhv edildiyini, Gelencik yaxınlığında iki radar sisteminin vurulduğunu bildirib.

Həmin gün Ukraynanın Xüsusi Əməliyyat Qüvvələri Yamalo-Nenets Muxtar Dairəsində yerləşən iki mühüm enerji obyektini – Novıy Urenqoy kondensat hazırlama zavodunu və Purovski qaz-kondensat emalı zavodunu vurduqlarını açıqlayıblar. Bildirilir ki, PUA-lar hədəflərə çatmaq üçün 3 min kilometrdən çox məsafə qət edib. Novıy Urenqoy müəssisəsinin illik layihə gücü 19,5 milyon ton, Purovski zavodunun 2025-ci ildə emal etdiyi qaz kondensatının həcmi isə 13,4 milyon ton olub (“Ukrainskaya Pravda” – Yamal zavodları).

Rusiya rəsmiləri Novorossiysk limanındakı və Novıy Urenqoydakı sənaye obyektində yanğın baş verdiyini təsdiqləsələr də, bunu vurulmuş PUA-ların qalıqlarının düşməsi ilə əlaqələndiriblər.

Rusiya Ukraynaya 149 PUA buraxıb

Ukrayna Hava Qüvvələrinin məlumatına görə, hücum sentyabrın 9-u saat 18:00-da başlayıb və gecəboyu davam edib. Rusiya qüvvələri Millerovo, Kursk və Primorsko-Axtarskdan, habelə işğal altındakı Donetsk və Krımın Qvardeyskoye yaşayış məntəqəsindən ümumilikdə 149 zərbə dronu buraxıb.

Hücumda “Shahed” tipli PUA-lardan (təxminən yarısının reaktiv mühərrikli olduğu bildirilir), həmçinin “Gerbera” və “Parodiya” tipli imitasiya dronlarından istifadə edilib.
Hava hücumunun dəf olunmasına aviasiya, zenit-raket qoşunları, radioelektron mübarizə və pilotsuz sistem bölmələri, eləcə də mobil atəş qrupları cəlb olunub. 128 PUA vurulub və ya radioelektron mübarizə vasitələri ilə zərərsizləşdirilib. On üç məkanda zərbə, doqquz məkanda isə vurulmuş PUA-ların qalıqlarının düşməsi qeydə alınıb.

Ukraynada F-16 və “Patriot” raketləri tükənmək üzrədir

“The Economist”-in məlumatına görə, Ukraynanın F-16 qırıcılarında istifadə etdiyi ABŞ istehsalı AIM-120 və AIM-9 raketlərinin ehtiyatı, demək olar ki, tükənib. Bu raketlərdən həm adi qanadlı raketlərin, həm də sürətli reaktiv PUA-ların vurulması üçün istifadə olunur.

Nəşr bildirir ki, Rusiyanın saatda 600 kilometrədək sürət yığan “Geran-4” və “Geran-5” PUA-larının istehsalı ayda təxminən 3 min ədədə çatıb. Onların turboreaktiv mühərrikləri əsasən Çindən gətirilir. Mühərrik və aqreqatların bir qisminin isə Qərbdən qaçaq yolla gətirilmiş 3D printerlərdən istifadə edilməklə, Rusiyada hazırlandığı bildirilir.

Ukrayna reaktiv PUA-lara qarşı tutucu dronlar istehsal etsə də, ballistik raketlərdən müdafiə sahəsində vəziyyət ağırdır. “The Economist” yazır ki, avqustun ilk səkkiz günündə Ukraynaya buraxılan 57 ballistik raketdən yalnız birinin vurulduğu məlumdur.

“Patriot” sistemləri üçün PAC-3 raketləri də, demək olar, tükənib. Nəşr qeyd edir ki, İranla müharibə nəticəsində ABŞ-nin ehtiyatları azaldığı üçün Amerikadan iri həcmli yeni tədarük ehtimalı azdır.

Rusiya isə ballistik raket istehsalını ayda təxminən 100 ədədə çatdırıb. Bunun təxminən 60-nın “İsgəndər-M” və 40 RM-48U raketindən ibarət olduğu bildirilir.

Avropadan tədarük uzaq perspektivdədir

Ukrayna və Fransa prezidentlərinin iyulun 14-də imzaladığı birgə bəyannaməyə əsasən, yeni SAMP/T NG sistemləri istehsal edilənədək Fransa Ukraynaya müvəqqəti olaraq iki SAMP/T kompleksi göndərməlidir. Fransa və İtaliya “Aster 30” raketlərinin tədarükünü 2026-cı ilin oktyabrınadək sürətləndirməyi də qərara alıblar.

Rəsmi sənəddə qeyd olunur ki, Ukrayna ilkin mərhələdə dörd SAMP/T NG sistemi sifariş edəcək və onların modulları 2027-ci ildən etibarən mərhələli şəkildə yerləşdiriləcək. “The Economist” isə gələn il səkkiz belə system veriləcəyini yazır.

Nəşrin hesablamasına görə, “Aster” raketinin qiyməti son ixrac versiyası təxminən 7 milyon dollar olan PAC-3 raketinin qiymətininin yarısından da azdır. Fransa ordusundakı mənbələr “Aster”in bəzi göstəricilərə görə “Patriot” tutucularından üstün olduğunu iddia edirlər. Bununla belə, SAMP/T NG hələ döyüş şəraitində özünü təsdiqləməyib, “Aster” istehsalının ildə 300 ədədə çatması isə yalnız 2028-ci ilə gözlənilir.

Almaniya sentyabrın 8-də Ukraynaya təcili şəkildə əlavə PAC-2 tutucuları və daha çox AIM-9 raketi göndərəcəyini açıqlayıb. PAC-2 ballistik raketlərə qarşı PAC-3-dən daha zəif system hesab olunur.

“The Economist” Almaniyada ildə təxminən 200 PAC-2 raketi istehsal ediləcəyini yazır. Bu raketlərin böyük hissəsinin Ukraynaya yönəldilməsi sifarişçi NATO dövlətlərinin razılığından asılı olacaq. Ukrayna tərəfi müttəfiqlərin və Avropa İttifaqı kreditinin köməyi ilə təxminən min “Patriot” raketinin alınması üçün müqavilələr üzərində işlədiyini açıqlayıb. Amma bu raketlərin böyük hissəsinin sonrakı illərdə çatdırılacağı gözlənilir.

“Freyja”: Ukraynanın rəhbərlik etdiyi ümumavropa layihəsi

“Freyja” Ukraynanın rəhbərlik etdiyi ballistik raketdən müdafiə layihəsidir. Təşəbbüs 10 dövlət və 12 müdafiə şirkətinin iştirakı ilə yaradılıb. Baş tərtibatçı Ukraynanın “Fire Point” şirkətidir.

Layihədə “Fire Point”-in FP-7 ballistik raketindən törəmə FP-7.X tutucu raketindən istifadə olunması nəzərdə tutulur. Radar, tuşlama, sensor və komanda-idarəetmə sistemlərini “Thales”, “Leonardo”, “Diehl Defence”, “Saab”, “Kongsberg”, “Hensoldt” və digər Avropa şirkətləri təmin etməlidir.

Məqsəd NATO standartlı radarlarla və məlumat ötürmə xətləri ilə işləyən, PAC-3-dən daha ucuz və böyük sayda istehsal oluna bilən tutucu sistem yaratmaqdır.

Sentyabrın 9-da Oslo şəhərində Ukrayna və Norveç rəhbərləri layihədə iştirak edən müdafiə şirkətlərinin nümayəndələri ilə növbəti addımları razılaşdırıblar. Bununla belə, “Freyja” hələ hazırlanma və inteqrasiya mərhələsindədir. “Fire Point” ilk uğurlu ballistik hədəf sınağını 2027-ci ilin ortalarınadək keçirməyi planlaşdırır. Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun mütəxəssisi isə sistemin ən yaxşı halda 2028-ci ildə məhdud əməliyyat imkanına çata biləcəyini düşünür.

Beləliklə, SAMP/T, “Aster”, PAC-2 və “Freyja” Ukraynanın HHM imkanlarını indi yox, gələcəkdə gücləndirə bilər. Amma mövcud raket qıtlığını qısa müddətdə aradan qaldıracaq həll planı hələ yoxdur.

“Politfm”