Üllüstrasiya: Sİ
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri indeksi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artıb.
Yemək, geyim və xidmət sahələrindəki qiymət dinamikası ayrı-ayrı kateqoriyalar üzrə fərqli göstəricilərlə diqqət çəkir.
Ümumi qiymət indeksi və aylıq dinamika
Yanvar-avqust aylarımda istehlak qiymətləri ümumilikdə 5,7% artıb, o cümlədən qida, alkoqollu içkilər və tütün məmulatları 6,9%, qeyri-qida məhsulları 3,7%, xidmətlər sektoru isə 5,6% bahalaşıb.
Avqust ayı iyul ayı ilə müqayisədə ümumi qiymətlərdə 0,2%, 2025-ci ilin avqust ayına nəzərən isə 5,7% artım qeydə alınıb.
Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatlarında avqust ayında qiymətlər əvvəlki aya nisbətən 0,3%, keçən ilin avqust ayına nəzərən isə 7,2% yüksəlib.
Bahalaşan məhsullar sırasında qarabaşaq və yulaf yarması, mal və qoyun əti, təzə balıq, süfrə marqarini, günəbaxan və qarğıdalı yağı, albalı, gilas, ərik, şaftalı, çiyələk, ağ kələm, göyərti, pomidor, sarımsaq və soğan da var.
Ucuzlaşan məhsullar makaron məmulatları, kərə yağı, banan, alma, armud, gavalı, qarpız, yemiş, üzüm, qoz, fındıq, xiyar, şirin bibər, badımcan və kartof olub.
Digər qida məhsullarının qiymətində ciddi dəyişiklik baş verməyib.
Qeyri-qida məhsulları
Qeyri-qida sektoru üzrə qiymətlər avqustda iyul ayına nisbətən 0,1%, 2025-ci ilin avqust göstəricisinə nisbətən isə 3,7% artıb.
Bahalaşan qeyri-qida məhsulları divar kağızı, kərpic, alçı lövhə, elektrik avadanlıqları, şəxsi gigiyena vasitələri və zərgərlik məmulatlarıdır.
Ucuzlaşan qeyri-qida məhsulları isə bunlardır – yay geyimləri, yuyucu və təmizləyici vasitələr, fərdi kompüterlər və planşetlər. Digər qeyri-qida mallarının qiymət səviyyəsi sabit qalıb.
Ödənişli xidmətlər sektoru
Avqust ayında əhaliyə göstərilən ödənişli xidmətlər əvvəlki ayla müqayisədə 0,2%, ötən ilin avqust ayı ilə müqayisədə isə 5,0% artıb.
Bahalaşan xidmətlərə istirahət turları və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətləri daxildir.
Sektor üzrə digər xidmətlərin qiymətlərində mühüm dəyişiklik müşahidə olunmayıb.
“Politfm”



