Foto: “Ukrainskaya pravda”
Ötən həftəsonu Rusiya və Ukrayna qarşılıqlı hava hücumlarını davam etdiriblər. Ukrayna rəsmiləri yaşayış binalarının, anbarların və poçt terminalının zədələndiyini, bir neçə bölgədə insanların yaralandığını bildirirlər. Rusiya hakimiyyəti isə Ukrayna dronlarının Yekaterinburqda evlərə və logistika mərkəzinə dəydiyini, Rostov vilayətində yanğınlar başladığını açıqlayıb.
Avqustun 30-na keçən gecə Ukrayna müdafiə qüvvələri Rusiya ordusunun hücum dronlarını saxladığı və havaya buraxdığı bir neçə obyektə zərbə endirib.
Oryoldakı “Tsimbulova” dron bazasında buraxılış qurğularından biri və hücum dronlarının saxlandığı sahə vurulub.
Rusiyanın Leninqrad vilayətinin Kirişi şəhərindəki “Kirişinefteorqsintez” neft emalı zavoduna da hücum edilib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı zavodun vurulduğunu və müəssisənin ərazisində yanğın başladığını bildirib.
Zavod Rusiyanın ən böyük neft emalı müəssisələrindən biridir və ildə təxminən 20 milyon ton neft emal etmək gücünə malikdir. Ukrayna Baş Qərargahının məlumatına görə, burada istehsal olunan yanacaq Rusiya ordusunun təchizatında da istifadə edilir (“ArmyInform”).
Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko da dron hücumundan sonra Kirişinin sənaye zonasında yanğın başladığını təsdiqləyib, amma zavodun adını çəkməyib (“Associated Press”).
Rusiyanın Sverdlovsk vilayətinin qubernatoru Denis Pasler avqustun 31-i səhər Yekaterinburqa dronlarla hava zərbələri endirildiyini, bir neçə yerdə yanğın başladığını, sakinlərin təxliyə olunduğunu açıqlayıb. İlkin məlumata görə, ölən olmayıb; yaralananların olub-olmadığı dəqiqləşdirilir bildirib (“İnterfaks”).
Paslerin sözlərinə görə, dronlar və onların qalıqları yaşayış binalarına və “Wildberris” şirkətinin logistika mərkəzinə düşüb.
Rusiya prezidentinin Ural Federal Dairəsindəki nümayəndəsi Artyom Joqa mərkəzə hücumun qarşısının alındığını və dron qalıqlarının binanın yaxınlığına düşdüyünü bildirib (“Meduza”).
Rusiya Müdafiə Nazirliyi Moskva vaxtı ilə avqustun 30-u saat 20:00-dan 31-i saat 08:00-dək 239 Ukrayna dronunun vurulduğunu açıqlayıb. Nazirliyin məlumatında Moskva ətrafı, Rostov, Voronej, Samara, Saratov və digər bölgələr, həmçinin Rusiyanın işğal etdiyi Krım və Qara dəniz üzərindəki hava məkanı göstərilir (“Kommersant”).
Rostov vilayətinin qubernatoru Yuri Slyusar gecə altı rayonda 30-dan çox dronun vurulduğunu bildirib. Onun sözlərinə görə, Şoloxov rayonunda dron qalıqlarının düşməsi nəticəsində iki meşə sahəsində yanğın başlayıb. Yaralanan olmayıb və alov yaşayış məntəqələrinə təhlükə yaratmayıb (“DON 24”).
Hücumlarda istifadə olunan və vurulan dronların sayı tərəflərin öz açıqlamalarına əsaslanır. Zərərin miqyası və yaralılar barədə məlumatlar dəqiqləşdirilir.
Rusiya Ukraynaya 121 dron və bir raket atıb, yaralananlar var
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, avqustun 30-u axşamdan 31-i səhərədək ölkəyə bir “X-59” raketi atılıb, 121 dron buraxılıb. Səhər saat 08:00-a olan məlumata əsasən, dronların 96-sı vurulub və ya radioelektron vasitələrlə zərərsizləşdirilib. Raket hədəfinə çatmayıb.
Komandanlıq 11 yerdə zərbə, səkkiz yerdə isə vurulan dronların qalıqlarının düşməsi barədə məlumat verib (“Ukrinform”).
Kiyev vilayətində səhər hücumu zamanı dörd nəfər yaralanıb. Vilayət hərbi administrasiyasının rəhbəri Timur Tkaçenkonun məlumatına görə, yaralılardan ikisi qəlpə xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Brovarı rayonunda anbarlar və ticarət obyekti, Borispil rayonunda isə üç anbar və çoxmənzilli yaşayış binası zədələnib. Kiyevin Desnyanski rayonunda da anbarlarda yanğın başlayıb (“Suspilne”).
Avqustun 31-i səhər saatlarında Rusiya qüvvələri Donetsk vilayətinin Slovyansk şəhərinə “FAB-500” aviabombası atıblar. Bomba çoxmərtəbəli binaya düşüb, dörd nəfər yaralanıb.
Odessada poçt terminalı, Xersonda tibb müəssisəsi vurulub
Odessa vilayətində bu səhər “Nova Poshta” çatdırılma şirkətinin terminalına zərbə dəyib. Vilayət hərbi administrasiyasının rəhbəri Oleq Kiper bildirib ki, terminalda başlayan yanğın söndürülüb. Onun açıqlamasına görə, həmin vaxtadək ölən və yaralananlar barədə məlumat daxil olmayıb (“Odeske Jıttya”).
Xarkov vilayətinin Bliznyukı qəsəbəsində gecə saat 03:50 radələrində dron poçt xidmətinin yük maşınına dəyib. Vilayət prokurorluğunun məlumatına görə, avtomobil yanıb, sürücü yaralanıb (“Gwara Media”).
Zaporojyedə gecə dron çoxmərtəbəli yaşayış binasına çırpılıb. Vilayət hərbi administrasiyasının rəhbəri İvan Fedorov biri yeniyetmə olmaqla iki nəfərin yaralandığını bildirib (“Faktı ICTV”).
Xersonda isə səhər saat 06:45 radələrində şəhərin mərkəzindəki tibb müəssisəsinin ərazisinə dronla hücum edilib. Şəhər hərbi administrasiyasının məlumatına görə, müəssisənin iki əməkdaşı – 69 yaşlı qadın və 62 yaşlı kişi yaralanaraq xəstəxanaya yerləşdirilib (“İntent”).
“Politfm”



