Foto: Xarq adasına hücumla bağlı ABŞ Prezidenti Donald Trampın sosial şəbəkədə paylaşdığı videodan skrinşot
ABŞ və İran iyuldan bəri ilk dəfə yenidən bir-birinə hərbi zərbələr endirib. Bölgədə qarşıdurmanın genişlənəcəyi ilə bağlı narahatlıq artarkən ABŞ Prezidenti Donald Trampın Xarq adası haqqında paylaşımı da qalmaqala səbəb olub. Tramp İranın əsas neft ixrac mərkəzinin dağıdıldığını iddia etsə də, bunu təsdiqləyən dəlil ortaya çıxmayıb.
Bu barədə “Reuters” məlumat yayıb.
Xarq videosu: güclü partlayış görüntüləri, təsdiqlənməyən hücum
Tramp “Truth Social” platformasında güclü partlayışların göründüyü video paylaşıb. O, paylaşımına “Xarq adası darmadağın edilir!!! Prezident DJT” yazıb, lakin əlavə məlumat verməyib.
“Reuters” süni intellektlə hazırlanmış və ya dəyişdirilmiş videoları müəyyənləşdirən proqramla görüntüləri yoxlayıb. Agentliyin qənaətinə görə, video, böyük ehtimalla, süni intellektlə yaradılıb. Paylaşımın üzərindən bir neçə saat keçsə də, Xarka hücum edildiyini göstərən dəlil olmayıb.
Ağ Ev və Pentaqon agentliyin sorğularına cavab verməyib. İran Milli Neft Şirkətinin rəhbəri isə Trampın iddiasını gülünc adlandırıb. O, Xarkda vəziyyətin sakit olduğunu və adadakı neft obyektlərinin işlədiyini bildirib.
Müharibədən əvvəl İranın neft ixracının 90 faizi Xarkqadasından həyata keçirilirdi. Adaya hücum ölkənin neft satışını ciddi şəkildə poza və iqtisadiyyatına ağır zərbə vura bilər.
Pezeşkian: “Təcavüz qarşısında susmayacağıq”
İran prezidenti Məsud Pezeşkian Qırğızıstana səfəri ərəfəsində ölkəsinin müharibə istəmədiyini, lakin istənilən hücuma qətiyyətlə cavab verəcəyini bildirib.
“Heç bir təcavüz qarşısında susmayacağıq. Təcavüzkarlara qətiyyətlə cavab verəcəyik” deyə, o vurğulayıb.
Pezeşkianın bu sözləri Trampın paylaşımından əvvəl, yoxsa sonra söylədiyi məlum deyil.
Larakdan İordaniyaya uzanan qarşılıqlı zərbələr
Avqustun 30-da ABŞ qüvvələri İranın Hörmüz boğazındakı Larak adasında yerləşən raket qurğularını vurub. ABŞ rəsmisinin “Reuters”-ə bildirdiyinə görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qüvvələri raketlər vasitəsilə boğaza dəniz minaları atmağa hazırlaşırdı.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) əməliyyatın məhdud miqyasda keçirildiyini və konkret hədəflərə zərbə endirildiyini açıqlayıb. Komandanlıq hədəf alınan qüvvələrin boğazda bilavasitə təhlükə yaratdığını bildirib.
İran mediasının məlumatına görə, Tehran Larakdakı zərbələrə cavab olaraq İordaniyada yerləşən iki ABŞ bazasına hücum edib. İran Xarici İşlər Nazirliyi həmin bazalardan Larak əməliyyatında istifadə olunduğunu iddia edib.
İordaniya dövlət televiziyası ölkənin silahlı qüvvələrinin hava məkanına daxil olan səkkiz raketi zərərsizləşdirdiyini xəbər verib. “Fox News” müxbiri də atılan raketlərin demək olar ki, hamısının qarşısının alındığını yazıb.
İran ordusu avqustun 31-nə keçən gecə Birləşmiş Ərəb Əmirliklərindəki “Əl-Minhad” aviabazasına pilotsuz uçuş aparatları ilə hücum etdiyini açıqlayıb. Rəsmilərin bildirdiyinə görə, Larakdakı itkilərə cavab olan bu hücumda ABŞ hərbçilərinin və helikopterlərinin yerləşdiyi obyektlər hədəf seçilib. BƏƏ Müdafiə Nazirliyi isə aviabazaya hücum barədə xəbərləri təkzib edib.
“Mehr” agentliyi SEPAH-a istinadən yazıb ki, hava hücumundan müdafiə raketləri ilə ABŞ-yə məxsus dron da vurulub. Məlumata görə, aparat Körfəz sularına düşüb. Bu hücumlar barədə açıqlamalar tərəflərin iddiaları kimi təqdim olunur.
Vaşinqton iqtisadi təzyiqi də artırır
Hərbi qarşıdurma ilə yanaşı, ABŞ İrana və onunla əməkdaşlıq edən qurumlara iqtisadi təzyiqi də gücləndirir.
ABŞ-nin maliyyə naziri Skott Bessent “Reuters”-ə müsahibəsində bildirib ki, İranla iş görən xarici qurumlara qarşı hər həftə yeni sanksiyalar tətbiq edilə bilər. Onun sözlərinə görə, ilk növbədə banklar hədəfə alınacaq. Sonrakı addımlardan biri müəyyən maliyyə qurumlarının dollarla işləyən maliyyə sistemindən tam kənarlaşdırılması ola bilər.
ABŞ Maliyyə Nazirliyi avqustun 28-də Misirin “Banque Misr” bankının BƏƏ-dəki filiallarının Amerika bankları ilə müxbir hesablar vasitəsilə əməliyyat aparmasının qadağan edilməsini təklif edib. Vaşinqton bunu həmin filialların İranla ehtimal olunan maliyyə əlaqələri ilə əsaslandırır. Məhdudiyyət hələ təklif mərhələsindədir.
Hörmüzdə gəmiçilik təhlükə altındadır
Hörmüz boğazında hücum təhlükəsi gəmi hərəkətini kəskin azaldıb. Gəmiçilik məlumatlarına görə, boğazdan keçidi izləmə sistemlərində qeydə alınan yük gəmilərinin sayı həftəsonu bir gündə beşə enib.
Faktiki say daha çox ola bilər. Bəzi gəmilər hücumdan yayınmaq üçün avtomatik identifikasiya sistemlərini söndürür və buna görə izləmə məlumatlarında görünmür.
İran dövlət televiziyası SEPAH-a istinadən bildirib ki, boğazın cənubunda iki dəniz minasına toxunan supertankerdə yanğın baş verib və gəmi hərəkətsiz qalıb. Yanğınını nəticələri və heyət barədə məlumat açıqlanmayıb.
SEPAH tankerin boğazdan icazəsiz keçməyə çalışdığını iddia edib. Qurum İranın müəyyənləşdirdiyi keçid qaydalarını pozan digər gəmiləri də eyni aqibətlə hədələyib.
Tramp ötən həftə demişdi ki, boğazın beynəlxalq sularındakı bütün minalar zərərsizləşdirilib və ya çıxarılıb. O, dəfələrlə Hörmüzün açıq olduğunu bildirib. SEPAH-ın Hərbi Dəniz Qüvvələri isə bunun “açıq-aşkar yalan” olduğunu və İranın icazəsi olmayan gəmilərin keçidinə yol verilmədiyini bəyan edib.
Müharibədən əvvəl dünya üzrə xam neft və mayeləşdirilmiş təbii qaz daşımalarının təxminən beşdə biri Hörmüz boğazından keçirdi. Bu yolun bağlı qalması və yeni hücum təhlükəsi böhranın təsirini İranın hüdudlarından çox uzağa yayır.
“Politfm”



