Foto: “Instagram”

 

 

İran prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian uranın zənginləşdirilməsinə qarşı olmadığını, lakin bu məsələdə qərar verərkən fayda və zərəri ölçüb-biçmək lazım gəldiyini bildirib. “Xorasan” qəzeti ona sərt tənqidlə cavab verib.

Pezeşkian avqustun 29-da “Instagram”da yayımladığı dörd bəndlik açıqlamasında İranın Ali Milli Təhlükəsizlik Şurasının və ali rəhbərinin qəbul edəcəyi qərara tabe olacağını vurğulayıb. Bununla yanaşı, qərarın bütün tərəflərinin və mümkün nəticələrinin əvvəlcədən anlaşılmasını vacib sayıb:

“Ağıllı insan əvvəlcə bir işin xeyrini və zərərini ölçüb-biçər, sonra qərar verər”.

O, uranın zənginləşdirilməsini həyat məsələsi saymadığını yazıb:

“Həyatımız uranın zənginləşdirilməsindən asılı deyil. Uranı zənginləşdirməsək, ölmərik”.

Pezeşkian nüvə enerjisindən istifadə üçün uranı mütləq ölkə daxilində zənginləşdirməyin lazım olmadığını da qeyd edib. Buna nümunə olaraq Buşehr Atom Elektrik Stansiyasının yanacağının Rusiyadan gətirildiyini göstərib.

Onun fikrincə, təhlükəsizlik və idarəçilik üçün daha vacib texnologiyalar da var. Həmin texnologiyaların olmaması ölkədə ciddi problemlər yarada bilər. Lakin bu sahələr üzrə plan yoxdur və onlara zənginləşdirmə qədər həssas yanaşılmır.

Pezeşkian digər paylaşımında prezidentin icra məsələləri üzrə müavini Məhəmmədcəfər Qaimpənahın zənginləşdirmə barədə sözlərini müdafiə edib. Ona qarşı hücumları cəmiyyətin yetərincə inkişaf etməməsinin göstəricisi sayıb. Qaimpənahın fikri ilə razılaşmayanları etirazlarının səbəbini izah etməyə çağırıb.

Pezeşkian zənginləşdirmənin dinin əsaslarında olmadığını, ona namus məsələsi kimi yanaşılmamalı olduğunu bildirib. Onun sözlərinə görə, ölkənin varlığını qorumaq üçün hərbi güc həyati əhəmiyyət daşıyır, amma zənginləşdirmə ilə hərbi imkanları eyniləşdirmək olmaz.

O, əsas meyarın ölkənin maraqları olduğunu vurğulayıb: zənginləşdirmə fayda verirsə, davam etdirilməli, vermirsə, dayandırılmalıdır. Pezeşkian eyni yanaşmanın raketlərə və digər hərbi imkanlara da tətbiq olunmasını istəyib. O qeyd edib ki, belə məsələlər heç kimin haqqında danışmağa cəsarət etməyəcəyi tabulara çevrilməməlidir.

“Xorasan” qəzetinin bugünkü buraxılışında Pezeşkianın arqumentləri sərt tənqid olunub, yanlış və təhlükəli adlandırılıb. Nəşr qeyd edib ki, zənginləşdirmə yalnız iqtisadi məsələ deyil: milli təhlükəsizlik və rəqibi hücumdan çəkindirmək baxımından əhəmiyyətlidir.

“Xorasan”ın yazdığına görə, Pezeşkian hesab edir ki, İran uranın zənginləşdirilməsini dayandırsa belə, ABŞ və İsrail ondan əl çəkməyəcək, çünki qarşıdurmanın səbəbləri daha dərindir, dəyərlər və dünyagörüşü fərqlərilə bağlıdır.

Pezeşkian İranın uranı zənginləşdirmək hüququnun olduğunu vurğulasa da, qeyd edib ki, atom bombası bütün dünyanı narahat edir. Onun fikrincə, bu narahatlıq ölkələrin nüvə məsələsində ortaq mövqedən çıxış etməsinə şərait yaradır.

“Xorasan”ın məqaləsində iddia olunur ki, 12 günlük müharibədən sonra İranın uran ehtiyatlarının taleyinin qeyri-müəyyən qalması ABŞ-nin hücumlarını dayandıran amillərdəndir.

Qəzet Taker Karlsonla Co Kentin söhbətinə istinadla İrana nüvə zərbəsinin Pentaqonda müzakirə olunduğu iddiasını da xatırladır.

Məqalədə qeyd olunur ki, uranı zənginləşdirmək öz-özlüyündə nüvə çəkindirməsi yaratmır. Lakin nüvə hücumu zamanı İranın doktrinasını dəyişmək, “çirkli bomba” ilə cavab vermək imkanını saxlamaq  rəqibin hesablamalarına təsir edə bilər.

Qəzet Pezeşkianın müzakirəni məhdudlaşdırmamaq çağırışını da tənqid edib. Xatırladıb ki, prezident aparatı rəhbərinin media müşaviri olaraq dedikləri milli maraqlara uyğun deyil.

“Xorasan” Pezeşkianın ABŞ və İsrail barədə söylədiklərinin öz arqumentlərinə cavab olduğunu yazır və onu “düşmənin sözlərini təkrarlamaqda” günahlandırır.

“Politfm”