Foto: Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti (DSNS)
Ukrayna sentyabrın 1-dən 2-nə keçən gecə Rusiyaya hava zərbələrini davam etdirib. Rusiya Müdafiə Nazirliyi 130 sabit qanadlı Ukrayna dronunun vurulduğunu açıqlayıb.
Nazirliyin məlumatına görə, dronlar Moskva bölgəsi, Belqorod, Bryansk, Voronej, Kaluqa, Kursk, Oryol, Rostov, Tambov və Tula vilayətləri, Krasnodar diyarı, Rusiyanın ilhaq etdiyi Krım və Qara dəniz üzərində zərərsizləşdirilib (“İnterfaks”).
Moskva meri Sergey Sobyanin paytaxta doğru uçan yeddi dronun vurulduğunu bildirib. Belqorod vilayətinin Şebekino şəhərində isə FPV dronunun avtomobilə hücumu nəticəsində bir nəfərin yaralandığı açıqlanıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya Ukraynaya 174 dron və dörd raketlə hücum edib.
Hücum zamanı iki “İsgəndər-M” ballistik raketindən, havadan buraxılan iki X-59/69 raketindən, həmçinin “Şahed”, “Gerbera”, “Parodiya” və S8000 “Banderol” tipli pilotsuz aparatlardan istifadə olunub. Dronların təxminən yarısının reaktiv mühərriklə işlədiyi bildirilib.
Hücumun əsas istiqamətləri Odessa və Kiyev vilayətləri olub. Ukrayna tərəfi 138 müxtəlif tipli dronun və üç S8000 “Banderol” aparatının vurulduğunu və ya elektron müdaxilə ilə sıradan çıxarıldığını açıqlayıb.
Raket və dronların 16 yerdə hədəfə dəydiyi, vurulan aparatların qalıqlarının isə dörd əraziyə düşdüyü bildirilib (“Ukrainska Pravda”).
Odessada yaşayış binaları və infrastruktur zədələnib, səkkiz nəfər yaralanıb (“Reuters”). Kiyevin Holosiivski rayonunda dron qalıqlarının açıq əraziyə düşməsi nəticəsində yanğın başlayıb (“RBC-Ukrayna”).
Zelenski Rusiya hava məkanından istifadə edən aviaşirkətlərə xəbərdarlıq edib
Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 1-də xalqa müraciətində deyib ki, Rusiyanın başlatdığı müharibə təkcə Ukraynanın yox, Rusiyanın öz hava məkanını da təhlükəli vəziyyətə salıb.
O, Rusiya hava məkanından və ölkənin əsas hava limanlarından istifadə edən aviaşirkətlərə, sığorta şirkətlərinə və sərnişinlərə xəbərdarlıq edib. Zelenski vurğulayıb ki, Ukrayna mülki təyyarələri hədəf almır. Bununla belə, Rusiya səmasında dronların uçması səbəbindən həmin hava məkanı artıq təhlükəsiz sayıla bilməz. Zelenski Rusiya hakimiyyətini bu təhlükə barədə ictimaiyyətə lazımi məlumat verməməkdə günahlandırıb.
Ukrayna prezidentinin sözlərinə görə, ölkəsinin Xarici İşlər Nazirliyi və digər dövlət qurumları Rusiya hava məkanındakı təhlükələrlə bağlı beynəlxalq təşkilatlara ətraflı məlumat verəcək.
Zelenski həmçinin ABŞ-nin xahişi ilə 25-27 avqust tarixlərində Moskva və Sankt-Peterburq istiqamətində zərbələrə fasilə verdiklərini, amma Rusiyanın Ukraynaya zərbələri davam etdirdiyini deyib. O, başqa bir böyük dövlətin xahişi ilə Vladivostok istiqamətində də müvəqqəti fasiləyə razılaşdıqlarını bildirib.
Ukrayna prezidenti bildirib ki, Rusiya hava məkanının təhlükəsizliyi yalnız sülh istiqamətində həqiqi irəliləyiş başlayandan sonra bərpa oluna bilər (Ukrayna Prezidentinin rəsmi saytı).
Rusiya Prezidenti Vladimir Putin buna cavab olaraq deyib ki, ölkəsinin Silahlı Qüvvələrinə Ukraynanın enerji obyektlərinə qarşı kütləvi hücuma hazırlaşmaq və onu həyata keçirmək göstərişi verilib.
Putin bunu Bişkekdə keçirilniş Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitindən sonra – ordakı mətbuat konfransında deyib.
“Onlar bizim obyektlərimizi vururlar, cavablarını da alacaqlar” deyə, o əlavə edib.
“Politfm”



