Foto: “Reuters”

 

 

 

Konqo Demokratik Respublikasında Ebola epidemiyası getdikcə daha təhlükəli hal alır. Ölkənin səhiyyə qurumlarının açıqladığı məlumata görə, avqustun 31-dək ölkədə 6 186 yoluxma, 3 007 ölüm faktı qeydə alınıb. Epidemiyanın əsas ocaqları ölkənin şimal-şərqindədir (“Reuters”).

Ebolanın Bundibuqyo növünün törətdiyi hazırkı epidemiya 2018–2020-ci illərdəki böhranı geridə qoyub. Yoluxanların və ölənlərin sayına görə bu, Konqo Demokratik Respublikası tarixində qeydə alınmış ən ağır Ebola epidemiyasıdır.

Hazırkı epidemiya miqyasına görə yalnız 2014–2016-cı illərdə Qərbi Afrikada yaşanan böhrandan geri qalır. Həmin vaxt Qvineya, Liberiya və Syerra-Leonedə bu xəstəliyə 28 600-dən çox insan yoluxmuş, 11 mindən çox şəsx həyatını itirmişdi.

Epidemiya mayın 15-də İturi vilayətində rəsmən elan olunub. Lakin səhiyyə mütəxəssisləri virusun hələ yanvar ayından yayılmağa başladığını ehtimal edirlər. Xəstəlik artıq altı vilayətə yayılıb. ÜST-nin avqustun 28-də yaydığı hesabata əsasən, yoluxma halları 60 səhiyyə bölgəsində qeydə alınıb. Əsas epidemiya ocağı yenə də İturidir (ÜST).

Silahlı qarşıdurmalar, insanların yaşayış yerlərini tərk etməsi və səhiyyə xidmətlərinin zəifliyi epidemiyayla mübarizəni çətinləşdirir. Təhlükəsizlik baxımından tibb işçiləri bəzi ərazilərə gedə bilmirlər.

Xəstələrin gec aşkarlanması və bəzi icmalarda səhiyyə qurumlarına inamsızlıq da virusun yayılmasına şərait yaradır.

ÜST-nin hesablamasına görə, ölənlərin təxminən 60 faizi müalicə mərkəzlərinə çatdırılmadan həyatını itirir. Bu isə bir çox yoluxma halının çox gec aşkarlandığını göstərir. Nəticədə xəstənin təmasda olduğu şəxsləri müəyyənləşdirmək və yoluxma zəncirini qırmaq çətinləşir.

Hazırda bundibuqyo virusuna qarşı təsdiqlənmiş peyvənd və ya xüsusi dərman mövcud deyil. Oksford Universiteti və IAVI (QİÇS-ə qarşı Peyvənd üzrə Beynəlxalq Təşəbbüs) təşkilatı da daxil olmaqla, bir neçə qurum yeni peyvəndlər hazırlayırlar. IAVI -nin peyvəndi hələ klinikaöncəsi sınaq mərhələsindədir (IAVI).

Xəstəliyin erkən aşkarlanması və vaxtında müalicə edilməsi sağ qalmaq ehtimalını yüksəldə bilər.

Konqo səhiyyə qurumları avqustun 27-dən başlayaraq ön cəbhədə çalışan səhiyyə işçilərinə “Merck” şirkətinin “Ervebo” peyvəndini vurmağa başlayıblar. Bu peyvənd ebolanın zair növünə qarşı vurulur. Onun insanları bundibuqyo virusundan qoruyub-qorumadığı hələ məlum deyil. Ona görə də ÜST peyvəndin tətbiqi ilə yanaşı, klinik sınaqların da keçirilməsini vacib sayır.

Qurum təhlükə səviyyəsini Konqoda çox yüksək, qonşu ölkələrdə yüksək, dünyanın digər bölgələri üçün isə hələlik aşağı qiymətləndirir.

“Politfm”