Almaniya kansleri Fridrix Merz, Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer Parisdəki Əlillər Evində Ukraynaya təhlükəsizlik zəmanətlərinə həsr olunmuş “İstəklilər koalisiyası” sammitindən sonra mətbuat konfransında çıxış edirlər, 13 iyul 2026 (foto: TERESA SUAREZ / POOL/EPA)





Ukrayna və onun əsas Qərb müttəfiqləri ABŞ-nin “Patriot” sisteminə alternativ və daha ucuz bir həll yolu barədə razılığa gəliblər.  Bazar ertəsi günü rəsmiləşən bu təşəbbüs yeni antiballistik raket sisteminin hazırlanmasını nəzərdə tutur.

Ukraynanın Rusiya ballistik raketləri qarşısında getdikcə daha müdafiəsiz qalması fonunda 10 ölkə və hərbi sənaye sektorundan olan onlarla şirkət dünənki Paris sammitində 12 ay ərzində istifadəyə verilə biləcək “Freyja” sisteminin detallarını müzakirə ediblər. 

“Avropanın müdafiəsi qlobal həll tələb edir”

Həmin sammitdə “İnteqrasiya olunmuş Antiballistik Raket Koalisiyası” yaratdıqlarını elan etmiş ölkələrin – Danimarka, Fransa, Almaniya, İtaliya, Niderland, Norveç, İspaniya, İsveç, Ukrayna və Böyük Britaniya liderlərinin imzaladığı birgə bəyanatda Avropanın təhlükəsizliyinə dair mühüm mesajlar yer alıb:
“Biz inanırıq ki, Avropanın müdafiəsi gələcək raket təhdidlərinin qarşısını almaq və onları dəf etmək üçün inteqrasiya olunmuş raketdən müdafiə arxitekturasının qlobal həllini tələb edir. Bu, iştirakçı ölkələr tərəfindən artıq alınmış və ya alınacaq suveren Avropa həlləri də daxil olmaqla, mövcud ballistik raketdən müdafiə sistemlərini tamamlayacaq”.

Rusiya Kiyevə hücumları sürətləndirib, Ukraynanın sursatı tükənir

Hazırda Ukraynanın öz hava hücumundan müdafiə sistemləri üçün sursatı kritik dərəcədə azdır. Ölkə son bir ay ərzində səs sürətindən bir neçə dəfə sürətlə hərəkət edən ballistik raketləri, demək olar ki, heç vura bilməyib. Bu səbəbdən Kiyev müttəfiqlərindən daha çox təchizat xahiş edib və Avropanı onunla birgə ballistik raketlərə qarşı hava hücumundan müdafiə sistemi üzərində işləməyə çağırıb.

Rusiyanın raket zərbələri artdıqca, Kiyev də müharibədə döyüş meydanındakı gedişatı dəyişdirərək Rusiya daxilindəki neft obyektlərini və silah istehsalını hədəf alan dron hücumlarını intensivləşdirib.

Rusiyaya təqdim edilə biləcək ortaq mövqeyin hazırlanması və yekun sülh sazişində yer alacaq təhlükəsizlik təminatlarının müzakirəsi üçün 25 liderin iştirak etdiyi “İstəklilər Koalisiyası”nın sammitinə Uktayna Prezidenti Volodimir Zelenski qoşulub. Bazar ertəsi keçirilən tədbir transatlantik birliyi və Ukraynaya uzunmüddətli dəstəyi nümayiş etdirməyi hədəfləyən NATO sammitindən cəmi bir neçə gün sonraya təsadüf edir.

Qeyd edək ki, Rusiya son həftələrdə Kiyevə və ətraf bölgəyə zərbələrini artıraraq onlarla insanın ölümünə səbəb olub. Rəsmi şəxslərin bildirdiyinə görə, şənbə günü raket və dron hücumları nəticəsində 8 nəfər ölüb, çox sayda insan yaralanıb. Moskva yalnız hərbi əhəmiyyət kəsb edən hədəflərə hücum etdiyini iddia edərək mülki şəxsləri hədəf aldığını təkzib edir.

Zelenski yeni birgə layihənin detallarını açıqlayıb: “Lego”ya bənzəyəcək

Ballistik koalisiyanın səyləri “Freyja” layihəsi ətrafında cəmləşəcək. Bu layihə “Patriot” sisteminə daha ucuz alternativ yaratmaq cəhdidir.

Birgə bəyanatdan sonra Zelenski layihənin əhəmiyyətini bu sözlərlə vurğulayıb:
“Ukraynanın Rusiya ballistik raketlərini vurmaq üçün nə qədər çox imkanı olsa, Putinin danışıqlar masasına oturma ehtimalı bir o qədər yüksək olar. Çünki onun bu müharibədəki son arqumenti artıq işə yaramayacaq. ‘Freyja’ üzərindəki işimiz mövcud sistemləri əvəz etmək məqsədi daşımır. Bu, müdafiəmizi tamamlamaq, bütün Avropa üzərində güclü qalxan yaratmaq və bütün bunları daha tez və daha ucuz qiymətə etmək üçün bir yoldur”.

Ukrayna lideri həmçinin əlavə edib ki, müxtəlif Avropa şirkətlərinin təcrübəsini birləşdirən və struktur baxımından “Lego”ya bənzəyəcək bu sistem 12 ay ərzində istifadəyə verilə bilər. Bu da bütün maraqlı tərəflərə sözügedən silahı sərbəst istehsal etmək imkanı yaradacaq.

Parisdəki görüşdə Avropanın dörd bir yanından onlarla nəhəng şirkət, o cümlədən “SAMP-T” istehsalçısı “Eurosam”, həmçinin “Leonardo”, “Thales”, “Saab” və Ukraynanın “Fire Point” şirkəti iştirak edib.
“Bu, həmçinin Avropadakı müdafiə sənayelərimizin bir-biri ilə daha sıx əməkdaşlıq etməsinə və bir-birindən öyrənməsinə kömək edəcək” – Almaniya kansleri Fridrix Merz belə deyib.

Fransa Ukraynaya raket istehsalı üçün lisenziya verir

Toplantıda ABŞ-nin daha çox “Patriot” sistemini necə təmin edə biləcəyi də müzakirə olunub. Eyni zamanda, Fransa-İtaliya birgə istehsalı olan “SAMP-T” hava hücumundan müdafiə sisteminin Ukraynada yerləşdirilməsinin sürətləndirilməsi qərara alınıb.
Zelenskiylə birlikdə media təmsilçilərinin qarşısına çıxan Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Ukrayna yeni nəsil “SAMP-T” sistemləri sifariş edib. Bu tədarük sistemin köhnə versiyasının və bir partiyalıq raketlərin göndərilməsindən sonra reallaşacaq.

Bundan əlavə, Paris Kiyev üçün tarixi bir addım atıb. Fransa Ukraynaya artıq istifadə etdiyi sistemlər üçün tutucu raketləri, yüksək dəqiqlikli idarəolunan bombaları və uzaqmənzilli “SCALP” qanadlı raketlərini istehsal etməyə icazə verib. Bu qərar Fransanın Ukraynaya ilk dəfə hərbi lisenziya verməsi baxımından əlamətdar hadisə hesab olunur.

Makron həmçinin ölkənin 2028-2029-cu illərə qədər 16 ədəd “Rafale” qırıcı təyyarəsi alacağını qeyd edib.
Fransa liderinin sözlərinə görə, qurulan koalisiya gələcəkdə Ukraynada çoxmillətli qüvvələrin (MNFU) yaradılması konsepsiyasını daha real müstəviyə keçirmək niyyətindədir. Bu məqsədlə yaxın gələcəkdə Ukraynayla həmsərhəd olan ölkələrdə birgə irimiqyaslı hərbi təlimlərin keçiriləcəyi də rəsmən elan edilib.

“Politfm”