Foto: “Reuters”
Vladimir Putinin Qərblə əlaqələri kəsməsi sayəsində Rusiya tamamən Çinin kiçik tərəfdaşına çevrilib. Çin ehtiyatla və qeyri-publik şəkildə Rusiyadan öz maraqları üçün istifadə edir.
“The Wall Street Journal” (WSJ) nəşri bunu hər iki ölkənin rəsmiləri və analitikləriylə söhbətlərinə əsasən yazıb.
Putin və onun ən yaxın çevrəsiylə kifayətlənməyən Pekin Rusiyanın bütün hakim elitasıyla gizli münasibətlər qurur. WSJ qeyd edir ki, Çin Putinin gedişindən sonra Rusiyanın gələcəyini müəyyən edəcək məmurlar və elita nümayəndələriylə əlaqələrini gücləndirir.
Ölkədə Çin kəşfiyyatı və orta səviyyəli məmurların bu ölkəylə əməkdaşlığa cəlb edilməsi halları getdikcə daha çox üzə çıxır. Amma Rusiya xüsusi xidmət orqanlarına yaxın mənbənin nəşrə dediyinə görə, Moskva Çinlə münasibətlərin pisləşməsindən ehtiyat edərək bu məlumatları açıqlamağa və ya Pekinlə müzakirə etməyə tələsmir. Bəzi analitiklərin fikrincə, anti-Qərb ovqatı Rusiya cəmiyyətində və dövlət institutlarında o qədər dərin kök salıb ki, belə vəziyyət bu ovqatı hər vasitəylə qızışdıran ölkə başçısı hakimiyyətdən gedəndən sonra da davam edəcək.
Çin üzrə mütəxəssis, Rusiya və Avrasiyanı öyrənmək üzrə Berlin Karnegi Mərkəzinin direktoru Aleksandr Qabuyev deyir ki, “Çin Rusiyanı bir növ nəhəng Laosa, nəhəng Pakistana çevirmək üçün həqiqətən əla fürsət qazanıb – Çindən daha çox asılı və ona daha sıx bağlı olan, onu müasirlik haqqında təsəvvür və nümunə mənbəyi kimi daha çox qəbul edən bir ölkəyə”.
Pekin ehtiyatla, lakin israrla Moskvanı öz maraqlarına uyğun hərəkət etməyə sövq edir və onilliklər boyu işlək olacaq münasibətlər və strukturlar formalaşdırır. Putin keçmiş SSRİ ölkələrinin yerləşdiyi və hələ də yalnız Rusiyanın maraq dairəsi hesab etdiyi “yaxın xaric”dəki vəziyyətə təsir etmək cəhdlərinə son dərəcə həssas yanaşsa da, ölkənin Mərkəzi Asiyadakı mövqelərini tədricən Çinə güzəştə gedir.
Çin təsirinin güclənməsindən ehtiyat edən Putin yuanın Mərkəzi Asiyadakı layihələri maliyyələşdirməli olan Şanxay Əməkdaşlıq Təşkilatının İnkişaf Bankında əsas valyutaya çevrilməsi ideyasına on ildən artıqdır ki, qarşı çıxır.
Amma Çin hökumətinin müşaviri və bir neçə diplomat WSJ-yə deyiblər ki, son bir il ərzində Si Tzinpin Putindən bu mühüm güzəşti əldə edə bilib. Onların sözlərinə görə, maliyyə təcridi Rusiyanı öz mövqeyinə yenidən baxmağa məcbur edib. İndi Rusiya banka üzv olmağa hazırdır və bunun müqabilində bankın fəaliyyətinin Qərb sanksiyalarıyla məhdudlaşdırılmayacağına dair təminatlar əldə etməyə çalışır.
“Politfm”



