Yürüş iştirakçıları Osmanlı İmperiyasında 1915-ci il erməni soyqırımının xatirəsinə “Ermənilər ədalət tələb edir” və “İsrail 20-ci əsrdə törədilən erməni soyqırımı cinayətini tanımalıdır” yazılı lövhələr qaldırıblar, Qüds, 23 aprel 2018 (Foto: “24NEWS”)


İsrail parlamenti (Knesset) Osmanlı İmperiyası dövründə baş vermiş hadisələrin “erməni soyqırımı” kimi rəsmən tanınmasını nəzərdə tutan qanun layihəsinin səsverməsini qeyri-müəyyən müddətə təxirə salıb.

Regional gərginliyin artması fonunda qəbul edilən bu qərar İsrailin xarici siyasətində Türkiyə və Azərbaycanla münasibətlərin hələ də həlledici rol oynadığını göstərir.


Keçən ay İsrail hökuməti tərəfindən yekdilliklə dəstəklənən və yekun parlament təsdiqi gözlənilən qanun layihəsi gözlənilmədən donduruldu. İsrailli rəsmilərin verdiyi məlumata görə, layihə hazırkı parlament sessiyasının sonuna qədər müzakirəyə çıxarılmayacaq.
Bu həftənin sonundan deputatlar yay tətilinə çıxırlar. 27 oktyabr 2026-cı il tarixinə təyin edilmiş parlament seçkilərindən əvvəl onların yenidən toplanması gözlənilmir. Bu isə o deməkdir ki, məsələ ən azı bir neçə ay dondurulmuş qalacaq.

Onilliklər boyu bir-birini əvəzləyən İsrail hökumətləri həm Türkiyə, həm də Azərbaycanla strateji tərəfdaşlığa xələl gətirməmək üçün bu layihəni rəsmi şəkildə tanımaqdan çəkiniblər. Netanyahu hökumətinin keçən ay layihəyə yaşıl işıq yandırması Təl-Əvivlə Ankara arasında pisləşən münasibətlərin bir göstəricisi idi.
Türkiyə bu təşəbbüsü “siyasi motivli” adlandıraraq kəskin şəkildə pislədi. Azərbaycan isə rəsmi şəkildə qərara etiraz edərək İsraili bu mövqedən tamamilə daşınmağa çağırdı.

Qərarın təxirə salınması bölgədə son dərəcə mürəkkəb diplomatik proseslərin getdiyi bir vaxta təsadüf edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qəzza müharibəsinə görə İsraili sərt tənqid etməsi iki ölkə arasında gərginliyi pik həddə çatdırmışdı. Amma regionda İranla bağlı yenidən alovlanan qeyri-sabitlik İsraili müttəfiqləriylə münasibətlərdə daha ehtiyatlı olmağa vadar edir.

Keçən həftə Türkiyədə baş tutan NATO sammitində Ankaranın ABŞ Prezidenti Trampa “F-35” qırıcılarının satışı üçün lobbiçilik etməsi diplomatik tarazlıqları yenidən dəyişdi. İsrail hökuməti simvolik bir qərar naminə regionun mühüm gücü olan Türkiyəylə və yaxşı münasibətləri Azərbaycanla körpüləri tamamilə yandırmağa risk etmədi.

“Politfm”