Ana Səhifə Dünya UKRAYNA ÜÇÜN QARANTİYA BÖHRANI

UKRAYNA ÜÇÜN QARANTİYA BÖHRANI

2

ABŞ prezidenti Donald Trampın Vladimir Putinlə görüşündən sonra Ukrayna lideri Vladimir Zelenski və Avropa liderləri ilə görüşü yenidən diqqəti Ukrayna üçün təhlükəsizlik qarantiyası məsələsinə çəkdi. Belə məlum oldu ki, avropalı liderlər də ABŞ-dakı həmkarları ilə Ukraynaya təhlükəsizlik qarantiyası məsələsi üzərində işləyirlər. Belə olan halda yenidən sual ortaya çıxır, bu qarantiya nədən ibarət olacaq, onu kimlər imzalayacaq və nə qədər qəribə səslənsə də onun bir qarantiya olmasına kimlər təminat verəcək? Bu sualın ortaya çıxması üçün əsas isə kifayət qədər ciddidir. Beləliklə biz bu yazıda Ukrayna məsələsində beynəlxalq birliyin ciddi bir böhran keçirdiyini, “qarantiya” anlayışının necə etibarsızlaşdığını və özündə güc tapacaqsa, Qərb cəbhəsinin yenidən necə toparlana biləcəyini gözdən keçirəcəyik.

Ukrayna nüvə dövləti idi

1991-ci ildə Ukrayna Sovet İttifaqından müstəqilliyini əldə edərkən 1900 strateji döyüş başlığı, 176 qitələrarası ballistik raket və 44 strateji bombardmançı təyyarə də daxil olmaqla dünyanın üçüncü ən böyük nüvə arsenalına sahib idi. 1996-cı ilə qədər Ukrayna iqtisadi yardım və təhlükəsizlik təminatları müqabilində bütün nüvə başlıqlarını Rusiyaya qaytardı və 1994-cü ilin dekabrında Ukrayna 1968-ci il Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə əsasən qeyri-nüvə dövlətinə çevrildi. 1991-ci il Strateji Silahların Azaldılması Müqaviləsinə (START) əsasən, Ukraynada sonuncu strateji nüvə daşıyıcısı 2001-ci ildə ləğv edilib. Ukraynadan silahların və nüvə infrastrukturunun çıxarılması üçün 1992-ci ildə Lissabon Protokolundan başlayaraq uzun illər siyasi manevr və diplomatik iş aparılıb. ABŞ-Rusiya və Ukraynanın apardığı bütün bu uzun danışıqlar, diplomatik iş və gərgin üçtərəfli prosesin son mərhələsi 1994-cü ilin payızında baş tutdu – Ukraynanın Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə nüvə silahına malik olmayan dövlət kimi qoşulması münasibəti ilə 5 dekabrda ABŞ Prezidenti Bill Klinton, Rusiya Prezidenti Boris Yeltsin və yeni seçilmiş Ukrayna Prezidenti Leonid Kuçma Budapeştdə Təhlükəsizlik və Əməkdaşlıq üzrə Avropa Konfransı sammiti çərçivəsində görüşdülər. Kuçma Ukraynanın NPT-yə qoşulma sənədini təqdim etdi, Strateji Silahların Azaldılması Müqaviləsi qüvvəyə mindi və ABŞ, Rusiya, həmçinin Böyük Britaniya Ukraynaya təhlükəsizlik zəmanətləri verdilər. Bu sənəd sonradan Budapeşt Təhlükəsizlik Zəmanətləri Memorandumu kimi tanındı.
Budapeşt Memorandumu: Kağız üzərində qalan təminatlar

1994-cü ilin dekabrında imzalanmış Budapeşt Memorandumu Ukraynanın nüvə silahından imtina etməsi müqabilində verilmiş “təhlükəsizlik zəmanəti” kimi tarixə düşdü. Sənədi o dövrün dörd lideri imzaladı: Leonid Kuçma (Ukrayna prezidenti), Boris Yeltsin (Rusiya prezidenti), Con Meycor (Böyük Britaniyanın baş naziri) və Bill Klinton (ABŞ prezidenti).

Kağız üzərində bu memorandum Ukraynaya çox şey vəd edirdi:

1. Müstəqillik və sərhədlərin toxunulmazlığına hörmət

2. Güc tətbiqindən və hərbi təhdiddən imtina

3. İqtisadi təzyiq və şantajdan çəkinmək

4. Nüvə hücumu təhlükəsi yaranarsa, BMT Təhlükəsizlik Şurasında müdafiə mexanizminin işə salınması

5. Nüvə silahından istifadə etməmək barədə rəsmi öhdəliklər

6. Hər hansı pozuntu baş verərsə, tərəflərin məsləhətləşmələr aparması

Amma tarix göstərdi ki, bu sənəd daha çox pozulmuş “əxlaqi öhdəlik”dən o tərəfə keçmədi. Çünki nə hüquqi mexanizmi, nə də icbari icrası vardı. Rusiya 2014-cü ildə Krımı ilhaq etməklə bu öhdəlikləri ilk pozan tərəf oldu. Qərbin reaksiyası isə əsasən bəyanat və sanksiya ilə məhdudlaşdı. Budapeşt Memorandumu Ukraynanın təhlükəsizlik zəmanəti yox, beynəlxalq nizamın vəziyyətinə rəsmi karikatura idi. İmzalanan kağız Kiyev üçün silah deyil, yalnız “kağız silah” oldu. Yeltsin, Klinton və Meycorun imzaları tarixi bir diplomatik ritual kimi qaldı, Kreml isə öz imzasını ayaq altına atmaqda heç bir tərəddüd etmədi. Bu gün Ukrayna öz suverenliyini tankla, qanla qorumağa çalışır – qarantiy bir insanı belə xilas etmək gücündə olmadı, nəinki ölkəni.

Başqa bir dramatik vəziyyət budur ki, burada Ukraynaya zəmanət verən dövlətlərdən biri- Rusiya onun ərazisinə soxulub, Krım yarmadasını və Dombas vilayətinin böyük hissəsini işğal edib, uşaqları, qadınarı, dinc insanları kütləvi qətlə yetirib. Digəri isə ABŞ hazırda Ukrayna ilə ərazi güzəşti məsələsini müzakirə edib, Ukraynanı buna razı salmaq istəyir. Yalnız Böyük Britaniya bu məsələdə sabit prinsipial mövqeyini qoruyur. Belə olan halda yuxarıda qaldırılan sual yenidən aktuallaşır. Yenidən veriləcək qarantiyanın bir qarantiya olacağına təminat haradandır? Bu gün bütün Qərb dünyasının, Ukraynanın və Avropanın gələcəyi üçün düşünən hər kəsin cavab verməli olduğu sual məhz budur. Bu suala cavab tapmadan, Ukraynaya veriləcək təminatın axasındakı real gücü formalaşdırmadan, ən əsası Rusiyanı Ukrayna ərazilərindən çıxarıb 1994-cü il Budapeşt anlaşmasını qüvvəyə mindirmədən əldə olunan bütün razılaşmalar etibarsız, müvəqqəti, və ən başlıcası da daha qanlı müharibəyə əsas mahiyyəti daşıyacaq.
SEYMUR HƏZİ