Zəngəzur – Bülent Ecevit və Heydər Əliyev arasında tarixi söhbət
Tarix: May 1997. Yer: Türkiyə, Çankaya Köşkü.
O vaxt mən Azərbaycanda rəsmi vəzifədə idim. Heydər Əliyevin Türkiyəyə rəsmi səfəri nəzərdə tutulmuşdu. Aprel ayında bu səfərin reallaşması üçün səfirimiz Faruk Loğoğlu ilə iki gün öncədən Ankaraya getdik. Lakin hava limanında mərhum Alparslan Türkeşin vəfat etdiyini öyrəndik. Ertəsi gün yenidən Bakıya qayıtdıq.
May ayında, proqram üzrə, yenidən Faruk bəy ilə Türkiyəyə gəldik. Heydər Əliyevi hava limanında qarşıladıq və Çankaya Köşkünə yola saldıq. Mənim vəzifəm həm Azərbaycan, həm də Türkiyə mediasının işini asanlaşdırmaq, həm də müxalifət liderlərinin Heydər Əliyevlə görüşlərini təşkil etmək idi.
Bu çərçivədə mərhum Bülent Ecevit də köşkdən Heydər Əliyevlə görüşməyə gəlmişdi. Ondan öncə mərhum Mesut Yılmaz görüşüb çıxmışdı. Ecevit bəyin qoluna girərək onu Əliyevin qəbul otağına apardım. Heydər Əliyev yerindən qalxaraq qapıda onu qarşıladı. Qarşılıqlı əyləşdilər. Mən icazə almaq istəyəndə Əliyev “Turgut bəy, siz də qalın” dedi. Mən ayaq üstə söhbəti izlədim.
Söhbət regiondakı vəziyyətdən, dünyada baş verən proseslərdən, Azərbaycanın ərazi bütövlüyündən, işğal altındakı tarixi torpaqların qaytarılmasından gedirdi. Ancaq mənim üçün ən diqqətçəkən, indiyə qədər yazmadığım Zəngəzur məsələsi idi.
Bülent Ecevit söhbəti Zəngəzur üzərinə gətirərək, bu bölgənin Türkiyə–Azərbaycan birliyinə, Türk dünyasının və Qafqazın müstəqilliyinə, inkişafına, demokratikləşməsinə, bölgədə sülh, rifah və sabitlik gətirəcək bir həll yolu ilə gündəmə gətirilməsini təklif etdi. Heydər Əliyev böyük maraq və diqqətlə dinləyirdi.
Ecevit belə bir təklif irəli sürdü:
“Heydər bəy, mənim uzun illərdir daşıdığım bir idealım var. Zəhmət olmasa, siz bunu Türkiyə ilə birlikdə reallaşdıra bilərsiniz. Türkiyədən Naxçıvana doğru uzanan və Zəngəzur bölgəsindən keçən, təxminən 40 kilometr enində bir dəhliz Azərbaycana verilsin. Əgər lazım gələrsə, bunun qarşılığında Ermənistan həm Türkiyədən, həm də Azərbaycandan müəyyən miqdarda torpaq ala bilər. Xahiş edirəm, bu məsələni Türkiyə rəsmiləri ilə müzakirə edin. Bu, tarixi bir iş olar.”
Heydər Əliyev dərhal cavab verdi:
“Çox doğru deyirsiniz. Mən bunu Türkiyə rəsmiləri ilə müzakirə edər, eyni zamanda ermənilərlə danışmağa da cəhd edərəm. Sizin kimi böyük bir dövlət adamından bunu eşitmək mənim və Azərbaycan xalqı üçün böyük xoşbəxtlikdir.”
Bu mövzunu indiyə qədər heç vaxt açıqlamamışdım. Çünki hər iki dövlət başçısı bu barədə heç bir bəyanat verməmişdi. Ancaq bu gün Zəngəzur məsələsinin gəldiyi nöqtəni nəzərə alaraq, yeganə şahidi olduğum bu tarixi söhbəti ictimaiyyətlə bölüşməyi zəruri hesab etdim
Turqut Ər. Araşdırmaçı yazar, Türkiyənin Azərbaycandakı sabiq diplomatı



