Ukrayna dronlarının hücumundan sonra Kuybışev NEZ-də yanğın (foto: “Supernova+”)

 

 

Rusiya və Ukrayna sentyabrın 21-dən 22-nə keçən gecə yenidən qarşılıqlı hava zərbələri endiriblər. Rusiya ordusu Ukraynaya müxtəlif tipli raketlər və 212 dron buraxıb. Dneprdə dörd nəfər ölüb, altı nəfər yaralanıb. Ukrayna dronları isə Rusiyanın Samara şəhərində yerləşən Kuybışev Neft Emalı Zavodunu hədəf alıb. Zavodda güclü yanğın başlayıb.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya Rostov vilayətindən “Oniks” raketləri, Kursk, Rostov və Voronej vilayətlərindən “İsgəndər-M”, S-400 və KN-23 ballistik raketləri buraxıb. Xəzər dənizindən dörd “Kalibr” qanadlı raketi, Belqorod vilayətinin hava məkanından isə səkkiz “Banderol/Dan-T” buraxılıb.

Hücumda reaktiv “Şahed”lər də daxil olmaqla 212 zərbə və imitasiya dronundan istifadə edilib. Əsas hədəflər Dnepropetrovsk, Kirovoqrad və Poltava vilayətləri olub. Ukrayna hava hücumundan müdafiə qüvvələri 186 hava hədəfinin vurulduğunu və ya radioelektron vasitələrlə sıradan çıxarıldığını bildirib. Raket və dronların 22 nöqtəyə dəydiyi, vurulan vasitələrin qalıqlarının isə daha dörd nöqtəyə düşdüyü açıqlanıb. Bu məlumatı “Ukrainska Pravda” Ukrayna Hərbi Hava Qüvvələrinə istinadla yayıb.

Dnepropetrovsk vilayətinin rəhbəri Aleksandr Qanjanın sözlərinə görə, Dnepr, Krivoy Roq və Pavloqradda sənaye müəssisələri eyni vaxtda hədəfə alınıb. Dneprdə müəssisə və anbar binaları ciddi dağılıb. Son məlumata əsasən, dörd nəfər ölüb, altı nəfər yaralanıb. Yaralılardan 25 yaşlı kişinin vəziyyəti ağırdır. Dağıntılar altında insanların qala biləcəyi bildirilib. “Reuters” axtarış-xilasetmə işlərinin davam etdiyini yazır.

Kiyevin Dnepr rayonunda beşmərtəbəli yaşayış binası qismən dağılıb. Son məlumata görə, beş nəfər xəsarət alıb. Onlardan üçü, o cümlədən yaşlı ər-arvad kəsik yaraları alıb, daha iki nəfərə kəskin stress reaksiyası diaqnozu qoyulub. Dörd çoxmərtəbəli binaya ziyan dəyib, binalardan birinin birinci mərtəbəsindəki mənzillər qismən dağılıb. Xilasedicilər 15 sakini binadan çıxarıblar. Məlumatı “Interfax-Ukrayna” Kiyev Şəhər Prokurorluğuna istinadla yayıb.

Nikolayev vilayətinin Baştanka rayonunda “Şahed”lərin zərbəsi nəticəsində 21, 26, 33 və 37 yaşlı dörd kişi yaralanıb. 21 yaşlı şəxsin vəziyyəti son dərəcə ağırdır.
Poltava vilayətinin Kremençuk rayonunda sənaye müəssisəsi və kritik infrastruktur obyekti vurulub. Poltava rayonunda isə dron özəl kənd təsərrüfatı müəssisəsinin ərazisinə düşərək yardımçı tikiliyə və texnikaya ziyan vurub. Rusiya Müdafiə Nazirliyi Kremençuk NEZ-in vurulduğunu iddia edib, lakin Ukrayna rəsmiləri zərbə alan müəssisənin adını açıqlamayıblar.

Çerniqov vilayətində enerji obyektinə zərbə təxminən 100 min abonentin elektrik enerjisiz qalmasına səbəb olub.

Kuybışev NEZ-də güclü yanğın başlayıb

Dünən gecə Ukrayna dronları Rusiyanın Samara vilayətinə də hücum edib. Yerli sakinlərin çəkdiyi görüntülərdə Kuybışev Neft Emalı Zavodunun ərazisində partlayış və ardınca güclü yanğın görünür. “ASTRA” görüntüləri coğrafi əlamətlər əsasında yoxlayaraq vurulan obyektin məhz Kuybışev NEZ olduğunu müəyyənləşdirib.

Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişşev bölgəyə “onlarla Ukrayna dronunun” hücum etdiyini bildirib. Onun sözlərinə görə, dronların hədəfi sənaye müəssisələri olub, lakin fərdi evlərə və avtomobillərə də ziyan dəyib. Vilayət üzrə bir nəfərin öldüyü, dörd nəfərin yaralandığı açıqlanıb. Ölüm və yaralanma hallarının birbaşa NEZ-də baş verib-vermədiyi dəqiqləşdirilməyib. Rusiya Müdafiə Nazirliyi gecə ərzində müxtəlif bölgələr üzərində 297 Ukrayna dronunun vurulduğunu iddia edib.

“Rosneft”ə məxsus Kuybışev NEZ-in layihə gücü ildə təxminən yeddi milyon ton neftdir. Müəssisə benzin, dizel yanacağı, aviasiya kerosini, mazut və bitum istehsal edir. Zavod əvvəlki dron hücumlarından sonra da fəaliyyətini müvəqqəti dayandırmışdı. Hadisə barədə “Ukrainska Pravda” və “The Moscow Times” məlumat yayıb. Kiyev hücuma görə məsuliyyəti hələ ki rəsmən üzərinə götürməyib.

Makron və Tramp Ukraynanın enerji obyektlərinə zərbələrin dayandırılmasını müzakirə ediblər

Fransa Prezidenti Emmanuel Makron sentyabrın 21-də Nyu-Yorkda ABŞ Prezidenti Donald Trampla görüşüb. Makronun sözlərinə görə, tərəflər Ukrayna müharibəsini, Kiyevə hava hücumundan müdafiə sistemləri üçün daha çox raket-tutucunun verilməsini və Rusiya ilə Ukrayna arasında enerji obyektlərinə zərbələrin qarşılıqlı dayandırılması imkanını müzakirə ediblər.

Makron danışıqları “çox yaxşı” və “çox konstruktiv” adlandırıb. O, Ukraynanın enerji sisteminin qorunmasını əsas prioritetlərdən biri hesab etdiyini və moratorium təklifini Volodimir Zelenski ilə də müzakirə edəcəyini bildirib. Məlumatı “Reuters” yayıb.
“Axios” daha əvvəl yazmışdı ki, Tramp bir neçə dəfə Zelenskidən Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmağı istəyib. Lakin tərəflərin enerji obyektləri ilə bağlı rəsmi və qüvvəyə minmiş razılaşma əldə etdiyinə dair məlumat yoxdur.

Zelenskinin ABŞ MKİ-nin direktoru ilə  görüşdüyü bildirilir

“Reuters”-in iki məlumatlı mənbəyə istinadla yaydığı xəbərə görə, Ukrayna Prezidenti Volodimir Zelenski İrlandiyanın Şannon hava limanında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru Con Retklifflə görüşüb.

Mənbələrdən biri görüşün bazar ertəsi olduğunu, digəri isə Zelenski və Retkliffin təyyarələrə yanacaq doldurulan vaxt qeyri-rəsmi söhbət etdiyini bildirib. Söhbətin məzmunu açıqlanmayıb və tərəflər görüş barədə rəsmi məlumat yaymayıblar.

Zelenski həmin vaxt BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka uçurmuş. Retkliff isə Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşdən qayıdırmış. MKİ direktoru bundan bir ay əvvəl Moskvada Rusiya xüsusi xidmətlərinin rəhbərləri ilə də qapalı görüş keçirmişdi. Həmin danışıqların Ukrayna müharibəsi ilə bağlı olduğu bildirilmişdi.

“Politfm”