Pekin, Çin; 15 may 2026 (foto: “Reuters”)

 

Çin Xalq Respublikasının sədri Si Szinpin bu həftə Vaşinqtona planlaşdırılan rəsmi səfəri çərçivəsində ABŞ Prezidenti Donald Trampdan Tayvana silah satışını dayandırmağı tələb etməyə hazırlaşır. Məsələ ilə tanış olan mənbələrin verdiyi məlumata görə, Si Szinpin bu tələbi ABŞ Milli Arxivinə nəzərdə tutulan ziyarəti zamanı da gündəmə gətirə bilər (“Reuters”).

Pekin administrasiyası öz ərazisi hesab etdiyi Tayvan məsələsini xarici siyasətinin ən həssas və birinci dərəcəli mövzusu kimi qiymətləndirir və dəfələrlə Vaşinqtonu Taypeyə silah tədarükünü dayandırmağa çağırıb. Tayvan hökuməti isə Pekinin suverenlik iddialarını qətiyyətlə rədd edir.

Lakin Tayvanla rəsmi diplomatik əlaqələrinin olmamasına baxmayaraq ABŞ-nin demokratik yolla idarə edilən adanı özünümüdafiə vasitələri ilə təmin etmək öhdəliyi var.

1982-ci il kommunikesi və məxfi memorandum

Danışıqların gedişatı ilə tanış olan üç mənbə “Reuters” agentliyinə bildirib ki, Çin lideri Trampla görüşdə 1982-ci ildə imzalanmış “Birgə Kommunike”nin üçüncü hissəsinə istinad edəcək.
Bu sənəddə ABŞ Tayvana silah satışını tədricən azaltmaq niyyətində olduğunu və Taypeyə uzunmüddətli silah tədarükü siyasəti yürütmədiyini bəyan etmişdi.
ABŞ-nin ozamankı prezidenti Ronald Reyqan məxfi memorandumda vurğulamışdı ki, Vaşinqtonun silah satışını azaltması Çinin Tayvanla aralarındakı fikir ayrılıqlarını dinc yolla həll etmək öhdəliyinə sadiq qalmasından asılıdır.

Pekin isə raket sınaqları və irimiqyaslı hərbi təlimlər də daxil olmaqla, son beş ildə Tayvan ətrafında hərbi fəallığını kəskin şəkildə artırıb. Çin silahlı qüvvələri demək olar ki, hər gün adanın yaxınlığında əməliyyatlar həyata keçirirlər.

Çin Xarici İşlər Nazirliyi mövzu ilə bağlı şərh verməkdən imtina edib. Lakin Çinin rəsmi “People’s Daily” qəzeti çərşənbə günü dərc etdiyi məqalədə xəbərdarlıq edib ki, Tayvan məsələsi düzgün tənzimlənməzsə, bu, Çin-ABŞ münasibətlərini “çox təhlükəli bir vəziyyətə” sürəkləyə bilər.

Tramp Tayvana silah satışından vaz keçəcəkmi?

Si Szinpin Vaşinqtona çərşənbə günü gedəcək. Rəsmi danışıqlar çərşənbə axşamı, Milli Arxivə ziyarət isə cümə günü baş tutacaq.
Ağ Ev rəsmisinin bildirdiyinə görə, Prezident Tramp Tayvana yeni silah satışı paketi ilə bağlı qərarını yaxın zamanlarda verəcək.

O vurğulayıb ki, Trampın birinci prezidentliyi Tayvana ABŞ tarixində ən daha çox silah satılan dövrdür. İkinci müddətinin ilk ilində isə o, Co Baydenin dörd illik hakimiyyəti dövründə təsdiqlənəndən daha çox satışa icazə verib.

Tayvan Xarici İşlər Nazirliyi ABŞ ilə “sıx ünsiyyəti” qoruyub saxladıqlarını, Vaşinqton və Pekin arasındakı yüksək səviyyəli diplomatik təmasları diqqətlə izlədiyini bildirib.

Adlarının açıqlanmasını istəməyən mənbələr bildiriblər ki, Pekin ABŞ-dən təkcə yeni müqavilələri yox, həm də əvvəlki müqavilələr üzrə silah satışını dayandırmağı tələb edib.
Mənbənin bildirdiyinə görə, Si Szinpin Trampla görüşündə Tayvanı təxribatçı tərəf kimi təqdim edərək adanın regionda status-kvonu pozduğunu və ABŞ-Çin münasibətlərində gərginliyin yeganə mənbəyi olduğunu vurğulayacaq.

Bunun müqabilində Çin İrana təzyiq göstərmək üçün Vaşinqtona kömək təklif edə bilər.
ABŞ rəsmi olaraq “Vahid Çin” siyasətinə riayət edir. Bu siyasətə əsasən, Vaşinqton Tayvanın suverenliyini rəsmən tanımır, Pekinin adanı öz ərazisi saymasını nəzərə alır, lakin bunu açıq şəkildə təsdiqləmir.

Tramp administrasiyası keçən ilin dekabr ayında Tayvana 11 milyard dollar dəyərində – indiyə qədərki ən böyük silah paketini təsdiqləyib. Lakin təxminən 14 milyard dollarlıq ikinci paket aylardır dondurulmuş vəziyyətdə saxlanır. May ayında Pekində Si Szinpinlə görüşdən sonra Tramp həmin paketi təxirə saldığını bildirmiş və bunu “danışıqlar üçün çox yaxşı kozır” adlandırmışdı.

“Altı təminat” və Vaşinqtondakı etirazlar

1982-ci ildə qəbul edilmiş, lakin məxfiliyi yalnız 2020-ci ildə ləğv edilmiş “Altı Təminat” sənədinə əsasən, ABŞ Tayvana silah satışını bitirmək üçün konkret müddət təyin etməyib və bu satışlarla bağlı Pekinlə əvvəlcədən məsləhətləşmələr aparmaq öhdəliyi götürməyib.
ABŞ konqresmenləri və Respublikaçılar Partiyasının aparıcı simaları sammitdən əvvəl Tayvana dəstək bəyanatları səsləndirirlər.

ABŞ senatoru Pit Ricketts Hudson İnstitutundakı çıxışında Trampı Tayvan məsələsində qətiyyətli olmağa çağırıb: “Biz Pekinə açıq şəkildə bəyan etməliyik ki, Tayvanı hərbi yolla ələ keçirə bilməyəcək, bizim mövqeyimiz dəyişməz qalır, biz Tayvanı dəstəkləməyə davam edirik”.

Nümayəndələr Palatasının Çin üzrə xüsusi komitəsinin sədri Con Molenaar Trampa ünvanladığı məktubda Çinin təhlükəsizliklə bağlı ABŞ-Tayvan əməkdaşlığına etirazlarının “dərhal və qeyd-şərtsiz rədd edilməli olduğunu” bildirib.

Milli Təhlükəsizlik Müşavirinin keçmiş müavini Mett Pottinger Taypeydəki müdafiə forumunda çıxışı zamanı ABŞ və Çin liderlərinin görüşündən ciddi nəticə gözləmədiyini qdeyib: “Mərc gələrəm ki, Si Szinpin digər prezidentlərlə görüşlərində olduğu kimi, Trampa da Tayvan haqqında uzun bir leksiya oxuyacaq”.

“Politfm”