Foto: Drew Angerer / “Getty Images”
Qrafik işləmə və mənbə: “The Guardian”
ABŞ-də noyabrda keçiriləcək aralıq seçkilər Donald Tramp üçün ağır məğlubiyyətlə nəticələnsə, prezidentin ölkə daxilində qərar vermək imkanları xeyli məhdudlaşa bilər. Konqresdə üstünlüyü demokratların ələ keçirməsi onun qanunvericilik təşəbbüslərinin qarşısını ala, Respublikaçılar Partiyasında isə Trampdan sonrakı dövrə hazırlıq başlaya bilər.
Ancaq Tramp hakimiyyətinin qalan hissəsini sakit keçirəcək siyasətçiyə oxşamır. ABŞ prezidentlərinin səlahiyyət müddətinin sonunda böyük xarici siyasət addımları atması da yeni hal deyil. Corc Buş İraqa əlavə qüvvə göndərmiş, Bill Klinton Çinin Dünya Ticarət Təşkilatına üzvlüyünə yol açmış, Ronald Reyqan isə Soyuq müharibənin başa çatmasında mühüm rol oynamışdı.
ABŞ-nin keçmiş dövlət katibi Hillari Klinton və Britaniyanın keçmiş xarici işlər naziri Devid Lemmi də hesab edirlər ki, Konqresdə manevr imkanları daralan Tramp diqqətini daha çox xarici siyasətə yönəldə bilər. Prezident bu sahədə Konqresdən daha az asılıdır. Buna görə də noyabr seçkilərindən sonra Vaşinqtonun dünyada daha kəskin və gözlənilməz qərarlar verməsi istisna edilmir.
BMT Baş Assambleyasınının toplantısına son dəfə baş katibi kimi qatılan Antonio Quterreş də daxil olmaqla, bir sıra siyasətçilər Trampı ABŞ-nin müttəfiqlərlə birlikdə daha yaxşı nəticələr əldə edə biləcəyinə inandırmağa çalışıblar. Lakin bu çağırışların Vaşinqtonun mövqeyini dəyişəcəyinə ümid azdır.
“The Guardian”-ın diplomatik məsələlər üzrə redaktoru Patrik Vinturun təhlilinə görə, ABŞ-nin davranışından narahat olan dövlətlər artıq özlərini mümkün təhlükələrdən qorumağa başlayıblar. Onlar nə Vaşinqtonun qərarlarının girovuna çevrilmək, nə də böhran anında ABŞ tərəfindən tək buraxılmaq istəyirlər.
Böyük ittifaqların yerini çevik əməkdaşlıq şəbəkələri tutur
Söhbət yalnız ABŞ ilə Çin arasında seçim etməkdən getmir. Kanada, Türkiyə, Səudiyyə Ərəbistanı, Cənubi Koreya və bir sıra Avropa dövlətləri kimi orta güclər eyni vaxtda bir neçə istiqamətdə əlaqələr qurmağa çalışırlar.
Bu ölkələr vahid siyasi və hərbi blok yaratmaq əvəzinə, ehtiyacdan asılı olaraq müxtəlif tərəfdaşlarla əməkdaşlığa üstünlük verirlər. Bir dövlətlə müdafiə, digəri ilə enerji, üçüncüsü ilə texnologiya və ticarət sahəsində razılığa gələ bilirlər. Beləliklə, formal ittifaqların yanında bir-birini tamamlayan kiçik birliklər və sazişlər meydana çıxır.
Britaniyanın keçmiş baş nazirlərinə xarici siyasət üzrə məsləhət vermiş Con Byu bunu böyük bloklardan kənarda yaranan yeni beynəlxalq nizam kimi qiymətləndirir.
Kanadanın Baş naziri Mark Karni də yanvarda Davosda bildirmişdi ki, orta güclər dəyişən şəraitə uyğunlaşaraq münasibətlərini yenidən qurmalıdırlar. Bu meyil xüsusilə uzun illər ABŞ-nin müttəfiqi olmuş ölkələrdə nəzərə çarpır.
Avropa Xarici Əlaqələr Şurasının direktoru Mark Leonardın fikrincə, həmin dövlətlər əvvəllər öz ordularını və xarici siyasətlərini ABŞ-nin ümumi strategiyasına uyğunlaşdırmağa çalışırdılar. İndi isə əsas məsələ başqadır: ABŞ köməyə gəlməsə, onlar özlərini necə müdafiə edəcəklər?
BRICS və ŞƏT əməkdaşlıq çərçivəsini genişləndirirlər
ABŞ-nin iştirak etmədiyi birliklər son dövrdə daha sürətlə böyüyür. BRICS və Şanxay Əməkdaşlıq Təşkilatı bunun ən bariz nümunələridir.
Dehlidə keçirilən son BRICS sammitinin yekun sənədində dövlətlərin iqtisadiyyatlarını, təchizat yollarını və ödəniş sistemlərini Qərbin maliyyə təzyiqindən necə qoruya biləcəyi geniş təsvir olunub. Məqsəd dolları dərhal dövriyyədən çıxarmaq deyil. BRICS ölkələri neft, qaz, kənd təsərrüfatı məhsulları və mühüm mineralların ticarətində ABŞ-nin nəzarət edə bilmədiyi alternativ ödəniş yolları yaratmağa çalışırlar.
Eyni zamanda birlik açıq şəkildə ABŞ-yə qarşı bloka çevrilmədən Qlobal Cənub ölkələrinin beynəlxalq qaydaların hazırlanmasında iştirak edə biləcəyini göstərmək istəyir.
Şanxay Əməkdaşlıq Təşkilatı da əvvəlki çərçivəsini çoxdan aşıb. Keçmiş sovet respublikaları arasındakı sərhəd mübahisələrini nizamlamaq üçün yaradılan qurum indi ticarət, sərmayə və nəqliyyat əlaqələri ilə də məşğul olur.
Çin Prezidenti Si Tszinpin sentyabrda Bişkekdə keçirilən toplantıda demişdi ki, ölkələr böyük dövlətlərin güc siyasətinə tabe olmaq istəmirlər, beynəlxalq münasibətlərdə bərabər mövqe qazanmağa çalışırlar.
ABŞ-nin əsas söz sahibi olduğu G7 və NATO toplantılarında isə mənzərə fərqlidir. Son dövrdə bu qurumlar üçün uğur göstəricisi yeni ortaq təşəbbüsdən daha çox, Trampın toplantını tərk etməməsi və Qərb dövlətləri arasındakı fikir ayrılıqlarının açıq qarşıdurmaya çevrilməməsidir.
Yeni əməkdaşlıq formalarının hamısı böyük siyasi ittifaqlar deyil. Bəziləri mühüm mineralların ticarəti, sualtı qayıqların və təyyarə mühərriklərinin birgə istehsalı, yaxud gömrük maneələrinin azaldılması üçün yaradılır. “Chatham House”-un hesablamasına görə, Britaniya yalnız bu sahələr üzrə altı ayrı kiçik birliyin iştirakçısı ola bilər.
Məkkə sazişi Yaxın Şərqdə qüvvələr nisbətini dəyişə bilər
Yeni düzənin ən diqqətçəkən nümunələrindən biri avqustun 7-də Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanmış Məkkə müdafiə sazişidir.
Sazişə münasibət birmənalı deyil. Bəziləri bunu ABŞ-nin təhlükəsizlik təminatından asılılığı azaltmaq cəhdi sayır. Digərlərinə görə isə əməkdaşlığın əsas məqsədi İranı cilovlamaqdır.
Hər iki halda bu birlik Yaxın Şərqin təhlükəsizlik sistemini dəyişə bilər.
Körfəz ölkələri uzun illər müdafiələrini ABŞ-nin hərbi varlığı üzərində qurublar. Ancaq son hadisələr bu təminata inamı sarsıdıb. Kvinsi İnstitutunun nümayəndəsi Trita Parsinin fikrincə, ABŞ bazaları rəqibləri hücumdan çəkindirməli idi. İranla müharibə zamanı isə həmin bazalar raket və dronların əsas hədəfinə çevrildi.
İsrailin Dohada HƏMAS rəhbərliyini öldürmək məqsədilə zərbə endirməsinə Vaşinqtonun mane olmaması da Körfəz dövlətlərinin hesablamalarını dəyişib. Bu, Körfəz Əməkdaşlıq Şurasının üzvü olan ölkənin paytaxtına ilk belə hücum idi. Bundan sonra regionda əsas təhlükənin İran, yoxsa İsrail olduğu barədə mübahisələr daha da güclənib.
Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari də Körfəz ölkələrinin təhlükəsizliklərini yalnız ABŞ-yə və başqa xarici ittifaqlara etibar edə bilməyəcəyini söyləyib. Onun fikrincə, region dövlətləri öz müdafiə imkanlarını yaratmalıdırlar.
Ancaq Məkkə sazişinin hansı istiqamətdə inkişaf edəcəyi hələ aydın deyil. Bu birlik regionda yeni rəqabət və qarşıdurma da yarada, Türkiyənin dediyi kimi, heç bir ölkəni hədəfə almayan ortaq təhlükəsizlik mexanizminə də çevrilə bilər.
Səudiyyə Ərəbistanı üçün davamlı müharibələrin iqtisadi qiyməti də var. “Vision 2030” proqramının həyata keçirilməsi sərmayə, turizm və təhlükəsiz enerji yolları tələb edir. İsrailin apardığı və ABŞ-nin qarşısını almadığı uzunmüddətli müharibələr Ər-Riyadın iqtisadi planlarına mane olur.
Yaxın Şərqdəki dəyişikliklər Hindistan üçün də mühüm əhəmiyyət daşıyır. Ölkə neft ehtiyacının təxminən 60 faizini, mayeləşdirilmiş təbii qazın isə 70 faizini bu regiondan alır. Buna görə də Dehli enerji yollarının qorunması üçün bölgədə yeni təhlükəsizlik tərəfdaşları axtarmağa məcbur qala bilər.
Avropa ABŞ-siz müdafiəyə hazırlaşır
Eyni suallar Avropada da səslənir. Qitədə NATO-nun daha çox Avropaya söykənən modelinin yaradılması müzakirə olunur.
Təklif olunan formata Avropanın əsas hərbi gücləri – Almaniya, Fransa, İtaliya, Polşa və Böyük Britaniya daxil ola bilər. Bu əməkdaşlıq Böyük Britaniyanın Aİ-dən çıxmasının yaratdığı siyasi maneəni də aradan qaldırar və həmin ölkələrin Rusiya təhlükəsinə qarşı birlikdə hərəkət etməsinə imkan verər.
Bu müzakirələrin iki əsas səbəbi var: Rusiyanın apardığı qarışıq müharibə və Vaşinqtonun Avropanın hərbi müdafiəsini tədricən avropalıların üzərinə qoymaq istəyi.
Trampın siyasi çevrəsində Avropa dövlətlərinə yalnız müttəfiq kimi baxılmır. Onlar həm də ABŞ-nin iqtisadi rəqibləri, bəzən isə fərqli dəyərləri təmsil edən qüvvə kimi təqdim olunurlar. Ona görə də Avropa paytaxtları Rusiyanın hücuma keçəcəyi təqdirdə ABŞ-nin mütləq köməyə gələcəyinə artıq əmin deyillər.
Bu narahatlıq müdafiə xərclərində də görünür. 2022-ci ildən bəri Polşanın müdafiə büdcəsi 71, Baltik ölkələrinin 134, Skandinaviya dövlətlərinin isə 126 faiz artıb. Silahların ABŞ-dən deyil, Avropa istehsalçılarından alınması çağırışları da güclənir.
Trampın Qrenlandiya ilə bağlı hədələri Avropadakı şübhələri daha da artırıb. Bəzi avropalı diplomatlar İran hakimiyyətinə rəğbət bəsləməsələr də, ABŞ-nin İranda asan hərbi üstünlük qazana bilməməsini Vaşinqtonun gücünə kor-koranə arxalanmağın təhlükəsili olduğunu göstərən xəbərdarlıq sayırlar.
Kanada ABŞ ilə münasibətləri “qırmağa” hazırlaşır
ABŞ siyasətindəki dəyişiklikdən ən çox təsirlənən ölkələrdən biri Kanadadır. Ottava özündən qat-qat böyük iqtisadi və hərbi gücə malik qonşusu ilə qeyri-bərabər ticarət qarşıdurmasına daxil olub.
Kanadanın BMT-dəki keçmiş səfiri Bob Rey hesab edir ki, ABŞ müqavilələri poza, beynəlxalq hüququ görməzliyə vura və öz maraqlarını güc yolu ilə qəbul etdirə bilən dövlətə çevrilib.
Lakin Kanadanın gələcəklə bağlı siyasi xətti hələ tam müəyyənləşməyib. Mark Karni yalnız ABŞ rüsumlarının bağladığı bazarları əvəz etmək istəyir, yoxsa oxşar siyasi dəyərləri bölüşən orta güclərdən ibarət üçüncü mərkəz yaratmağa çalışır?
Bob Reyə görə, Kanada ikinci yolu seçirsə, hansı prinsipləri müdafiə etdiyini daha aydın göstərməlidir. Bu, yalnız öz iqtisadiyyatını qorumaqla bitməməlidir. Ottava eyni təzyiqlərlə üzləşən ölkələrə iqtisadi, siyasi və lazım gəldikdə hərbi dəstək verməyə də hazır olmalıdır.
Karni Avropa Parlamentində çıxışı zamanı Kanada ilə Aİ arasındakı yaxınlaşmanı yalnız ticarətlə izah etməyib. O, tərəfləri ortaq siyasi dəyərlərin birləşdirdiyini bildirib. Bu sözlər Kanadanın artıq ABŞ ilə əvvəlki dərəcədə dəyər yaxınlığı görmədiyinə işarədir.
Ancaq bu siyasi niyyətin gerçəkləşməsi asan olmayacaq. Aİ öz bazarına çıxışı sərt qaydalarla tənzimləyir. Ona görə də böyük geosiyasi layihə Brüsselin uzun hüquqi və texniki prosedurlarında ilişib qala bilər.
Cənubi Koreya və Yaponiya nüvə silahını müzakirə edirlər
ABŞ-yə inam böhranı yalnız Avropa və Kanada ilə məhdudlaşmır. Cənubi Koreya da oxşar vəziyyətlə üzləşib.
ABŞ və Cənubi Koreya Şimali Koreya təhlükəsinə qarşı hər il “Ulchi Freedom Shield” adlı birgə hərbi təlim keçirirlər. Avqust ayında Vaşinqton təlimin müddətini son anda 11 gündən beş günə endirdi.
Tramp qərarını təlimlərin baha başa gəlməsi, Kim Çen Inla münasibətləri yaxşılaşdırmaq istəyi və Seulun ABŞ-nin İran müharibəsinə dəstək verməməsi ilə əsaslandırdı. İran müharibəsinin ABŞ-nin silah ehtiyatlarını azaltması da qərara təsir göstərib.
Bu addım Cənubi Koreya və Yaponiyada müstəqil nüvə silahının yaradılması ilə bağlı müzakirələri intensivləşdirib. Şimali Koreyanın nüvə proqramı genişləndiyi halda ABŞ-nin və beynəlxalq ictimaiyyətin buna yetərincə sərt cavab vermədiyini düşünənlərin sayı artır.
Yaranmış vəziyyət Çin üçün də əlverişli imkan açır. Si Tszinpin Pekini Cənubi Koreyaya və ümumilikdə Asiya ölkələrinə ABŞ-dən daha sabit tərəfdaş kimi təqdim edə bilər.
Əvvəlki dünya düzəni bərpa olunacaqmı?
Co Baydenin prezidentliyi dövründə ABŞ-nin Asiyadakı ittifaqlarının yenidən qurulmasında mühüm rol oynamış Kurt Kempbell nikbindir. O hesab edir ki, qarşıdakı aylarda ABŞ-nin gələcəyi ilə bağlı ümid və müzakirələr yenidən arta bilər.
Avropanın Çinin himayəçilik siyasətindən narazılığı və ABŞ-nin süni intellekt sahəsində üstünlüyü də Vaşinqtonun əvvəlki mövqeyini müəyyən qədər bərpa etməsinə kömək edə bilər.
Ancaq başqa ehtimal daha ciddi görünür: Trampın hakimiyyəti dövründə baş verənlər müvəqqəti böhran deyil, dünya düzənində əsaslı dəyişiklikdir. ABŞ tərəfindən bir dəfə tək buraxılan və ya təzyiqə məruz qalan dövlətlər Vaşinqtona əvvəlki kimi arxayın olmayacaqlar.
Beləliklə, köhnə transatlantik sistemin yerində yeni vahid blok yaranmır; müdafiə, enerji, ticarət və texnologiya maraqlarına görə bir-biri ilə kəsişən çoxsaylı əməkdaşlıq şəbəkələri qurulur. Bu dünya əvvəlkindən daha parçalanmış və daha çətin proqnozlaşdırılan olacaq. ABŞ gücünü qorusa da, artıq bütün yolların keçdiyi yeganə mərkəz kimi qəbul edilməyəcək.
“Politfm”



