Foto: skrinşot
Ukrayna Silahlı Qüvvələri iyulun 24-ü səhər saatlarında Rusiyanın Kirov şəhərində yerləşən və digər məhsullarla yanaşı, zenit-raket kompleksləri üçün raketlər istehsal edən iri müdafiə sənayesi müəssisəsinə – “Avitek” zavoduna zərbə endirib.
Bu barədə Ukraynanın monitorinq kanalları məlumat yayıb.
Şahidlərin yaydığı foto və videoları təhlil edən “Astra” nəşri də məlumatı təsdiqləyib.
Yayılan görüntülərə əsasən, güclü partlayışdan sonra müəssisədə yanğın başlayıb və alov şəhərin müxtəlif rayonlarından müşahidə olunub.
ABŞ, Ukrayna və bir sıra digər ölkələrin sanksiyaları altında olan zavod hərbi və ikili təyinatlı məhsullar, o cümlədən hava hücumundan müdafiə sistemləri, aviasiya komponentləri, pilotların xilasetmə vasitələri və digər avadanlıqlar istehsal edir.
Ukrayna mənbələrinin iddiasına görə, zərbə “Flaminqo” (FP-5) raketləri ilə endirilib. “Supernova” kanalının məlumatına əsasən, müəssisənin 2, 3, 4 və 5 saylı sexləri zədələnib.
Bildirilir ki, hücum nəticəsində çox sayda insan yaralanıb, hadisə yerinə onadək təcili tibbi yardım briqadası cəlb olunub.
Kirov vilayətinin qubernatoru Aleksandr Sokolov müəssisəyə hücum edildiyini və yaralıların olduğunu təsdiqləyib, amma hadisənin təfərrüatlarını açıqlamayıb.
Yerli sakinlər hücumdan əvvəl hava həyəcanı siqnalının və ya hər hansı xəbərdarlığın olmadığını bildiriblər.
Ukrayna mənbələrinin bildirdiyinə görə, cümə gününə keçən gecə Ukrayna dronları “Wildberries” şirkətinin Tver şəhərindəki logistika mərkəzinə də zərbə endiriblər.
Tver vilayətinin rəhbəri Vitali Korolyov bildirib ki, hücumdan sonra mərkəzin inzibati binasında yanğın baş verib.
Bundan başqa, Sankt-Peterburq yaxınlığında yerləşən daha bir “Wildberries” anbarı da dron hücumuna məruz qalıb. Yanğın nəticəsində 3 nəfər yaralanıb. Şirkət Leninqrad vilayətindəki iki logistika mərkəzinin fəaliyyətini dayandırıb, Krımdakı anbarlardan birinin əməkdaşlarını təxliyə edib.
Son günlərdə Ukrayna dronları “Wildberries”-in anbarlarına bir neçə dəfə hücum ediblər:
– 18 iyulda Ukrayna PUA-ları Tambov vilayətinin Kotovsk şəhərindəki və Moskva vilayətinin Elektrostal şəhərindəki anbarları vurulub. Kotovskda 7 əməkdaş həlak olub, 25 nəfər yaralanıb. Elektrostalda isə 24 nəfər xəsarət alıb.
– 20 iyulda Moskva vilayətinə genişmiqyaslı dron hücumu zamanı Domodedovo yaxınlığındakı “Wildberries” logistika mərkəzi təxliyə edilib.
– 22 iyulda Krasnodar və Nevinnomıssk şəhərlərindəki “Wildberries” anbarlarına zərbə endirib. Hər iki obyektdə yanğın baş verib, azı 15 nəfər xəsarət alıb (10-u Krasnodarda, 5-i Nevinnomısskda). Şirkət əməliyyatları müvəqqəti dayandırıb.
Ukrayna “Wildberries”-in logistika infrastrukturundan Rusiya ordusunun təchizatında istifadə olunduğunu bildirir. Kreml və şirkət özü bunu təkzib edirlər.
“Politfm”



