Foto: internet

 

 

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) fəaliyyət göstərdiyi 2005–2025-ci illərin hər birini mənfəətlə başa vurub və 20 il ərzində ümumilikdə 201 milyon manat xalis mənfəət əldə edib.

Bu barədə fondun baş meneceri Rasim Abdullayev məlumat verib.

Onun sözlərinə görə, 2026-cı il iyulun 1-nə İKZF-nin aktivləri 4,2 milyard manat, məcmu kapitalı isə 1,4 milyard manat təşkil edib.

“Beləliklə, İKZF-nin kapitalının aktivlərə nisbəti 30% təşkil edir ki, bu da onun yüksək kapitallaşma səviyyəsinə malik olduğunu göstərir. Fondun bütün fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübəyə əsaslanan vahid və təkmil standartlar tətbiq olunur” – Abdullayev belə deyib.

O qeyd edib ki, fondun dövriyyədə olan istiqrazlarının ümumi dəyəri 2,7 milyard manatdır.
“2009-cu ildən bu günədək 1,2 milyard manatlıq istiqrazlar üzrə öhdəliklər yerinə yetirilib, istiqraz sahiblərinə isə 389,4 milyon manat faiz ödənişi həyata keçirilib” deyə, Abdullayev əlavə edib.

Maliyyə uğuru sosial missiya ilə uzlaşırmı?

İKZF-nin maliyyə göstəriciləri kifayət qədər güclüdür. Fond 20 il ərzində fasiləsiz mənfəətlə işləyib, 4,2 milyard manatlıq aktivlər formalaşdırıb və yüksək kapitallaşmaya nail olub. Bu onun maliyyə dayanıqlığını göstərən əsas göstəricilərdəndir.

Amma İKZF kommersiya məqsədilə yaradılmış maliyyə institutu deyil. Fondun əsas vəzifəsi uzunmüddətli ipoteka kreditləşməsini maliyyələşdirmək və əhalinin mənzil təminatının yaxşılaşdırılmasına töhfə verməkdir. Başqa sözlə, onun fəaliyyətinin əsas qiymətləndirmə meyarı yalnız maliyyə nəticələri yox, həm də ipoteka kreditlərinin vətəndaşlar üçün nə dərəcədə əlçatan olmasıdır.

Fondun 20 ildə əldə etdiyi 201 milyon manat xalis mənfəət orta hesabla ildə təxminən 10 milyon manat təşkil edir. Bu göstərici 4,2 milyard manatlıq aktivlər fonunda yüksək gəlirlilikdən çox, konservativ maliyyə idarəçiliyindən xəbər verir. Bununla belə, sosial yönümlü dövlət qurumu üçün əsas sual mənfəətin həcmi deyil, bu maliyyə dayanıqlığının vətəndaşların mənzilə çıxış imkanlarını nə dərəcədə yaxşılaşdırdığıdır.

Fondun 2025-ci il üzrə maliyyə hesabatı göstərir ki, qurumun gəlirlərinin əsas hissəsi faiz gəlirlərindən formalaşır. Həmin il İKZF-nin faiz gəlirləri 115 milyon manatdan çox olub və əvvəlki illə müqayisədə artıb.

Güzəştli ipoteka hər 7 nəfərdən 1-nə verilərsə…

Hazırda standart ipoteka kreditləri üzrə illik faiz dərəcəsi 7–8% təşkil edir. 25–30 il müddətinə verilən kreditlər üzrə uzunmüddətli faiz ödənişləri bir çox hallarda vətəndaşın ödədiyi ümumi məbləği əhəmiyyətli dərəcədə artırır. Xüsusilə orta və aşağı gəlirli ailələr üçün bu, uzun illər davam edən ciddi maliyyə öhdəliyi deməkdir.

Digər tərəfdən, son illərdə mənzil qiymətlərinin yüksəlməsi ipoteka kreditlərinin əlçatanlığını daha da çətinləşdirib. Maksimum kredit məbləği və ilkin ödəniş tələbləri bir çox hallarda bazar qiymətləri ilə uyğun gəlmir. Nəticədə ipoteka mexanizmi mövcud olsa da, ondan istifadə imkanları bütün ailələr üçün eyni səviyyədə deyil.

İpoteka kreditlərinin alınması üçün mənzilin dəyərinin 15–30%-i həcmində ilkin ödəniş tələb olunur. Bundan əlavə, kreditlər əsasən çıxarışı olan mənzillər üçün verilir. Tikintisi davam edən və ya çıxarışı olmayan yaşayış binalarında mənzil almaq istəyən vətəndaşlar isə bu imkanlardan yararlana bilmirlər.

Mövcud sistemdə ən çox müzakirə olunan məsələlərdən biri də müvəkkil banklara ayrılan limitlərdir. Xüsusilə güzəştli ipoteka üzrə limitlər bəzi hallarda dəqiqələr ərzində tükənir.
Rəsmi məlumatlara görə, 2026-cı ildə standart ipoteka üzrə daxil olan 9 019 müraciətdən cəmi 1 522-si (16,9%), güzəştli ipoteka üzrə isə 4 369 müraciətdən yalnız 643-ü (14,7%) qeydə alınıb. Bu isə ipoteka kreditlərinə tələbatın ayrılan limitləri əhəmiyyətli dərəcədə üstələdiyini göstərir.

Başqa sözlə, standart ipoteka üzrə müraciət edən hər 6 nəfərdən cəmi 1-i, güzəştli ipoteka üzrə isə təxminən hər 7 nəfərdən yalnız 1-i ayrılan limit çərçivəsində müraciətini rəsmiləşdirə bilib.

Mənzillər də bahalaşır, ipoteka kreditləri üzrə faiz dərəcələri də

Fondun fəaliyyəti nəticəsində indiyədək 59 mindən çox ailə ipoteka krediti hesabına mənzil şəraitini yaxşılaşdırıb. 2026-cı ilin ilk altı ayında isə 2 242 ailəyə 226,3 milyon manat məbləğində ipoteka krediti verilib. Bu, İKZF-nin sosial funksiyasını yerinə yetirdiyini göstərən mühüm göstəricilərdən biridir.

Amma bu rəqəmləri ipoteka kreditlərinə olan yüksək tələbat fonunda analiz etdikdə nəticələr çox da uğurlu görünmür. Bir tərəfdən fond maliyyə baxımından dayanıqlı və səmərəli fəaliyyət göstərir. Digər tərəfdənsə yüksək ilkin ödəniş tələbləri, bazar qiymətləri ilə tam uzlaşmayan kredit limitləri, çıxarış tələbi və məhdud limitlər ipoteka imkanlarının əhalinin daha geniş təbəqəsi üçün əlçatan olmasını məhdudlaşdırır.

Mərkəzi Bankın məlumatına görə, Azərbaycanda mənzil qiymətləri son beş ildə 46% artıb. Tənzimləyici qeyd edir ki, 2025-ci ilin ilk yarısında mənzil qiymətlərinin bahalaşması və yeni ipoteka kreditləri üzrə orta faiz dərəcələrinin yüksəlməsi mənzil əlçatanlığını müəyyən qədər azaldıb.

Nəticədə əsas sual açıq qalır: dövlət fondunun uğuru ilk növbədə əldə etdiyi mənfəətlə ölçülməlidir, yoxsa daha çox ailənin daha əlverişli şərtlərlə mənzil sahibi olmasıyla?
Doğrudur, fondun maliyyə baxımından uğurlu olması vacibdir. Ancaq sosial institut üçün əsas uğur göstəricisi əldə olunan mənfəət deyil. Daha vacib məqam daha çox vətəndaşın daha əlverişli şərtlərlə mənzil sahibi ola bilməsidir.

Əgər mövcud şərtlər və limitlər minlərlə vətəndaşı ipotekayla mənzil almaq imkanından məhrum edirsə, bu, fondun öz sosial missiyasını tam olaraq yerinə yetirə bilməməsindən xəbər verir.

“Politfm”