ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) iyulun 23-də yayımladığı videodan skrinşotda İranın hərbi hədəflərinə zərbələr zamanı naməlum ərazidə olan bir qayıq əks olunub (foto: CENTCOM/”Reuters”)

 


Yəmən husiləri Qırmızı dənizdə Səudiyyə Ərəbistanına məxsus iki neft tankerinə hücum edəndən sonra ABŞ Prezidenti Donald Tramp onlara və İrana qarşı “ciddi hərbi cəza” tətbiq ediləcəyini bildirib.

Bu hücum Yaxın Şərqdə beş aydır davam edən münaqişənin daha bir strateji əhəmiyyətli dəniz marşrutuna sıçraması kimi qiymətləndirilir (“Reuters”).

Qırmızı dənizdə gəmiçiliyin daha ciddi şəkildə əngəllənəcəyi və daha bir mühüm dəniz yolunun bağlana biləcəyi ilə bağlı narahatlıqlar dünya bazarında neftin qiymətini kəskin artırıb. “Brent” markalı neft 6 faizdən çox bahalaşaraq may ayından bəri ilk dəfə bir barel üçün 100 dollar həddini keçib.

Müharibəni dayandırmaq məqsədi daşıyan müvəqqəti atəşkəs faktiki olaraq pozulandan iki həftə sonra ABŞ ordusu dünə gecə və bu gün səhər İrana növbəti hava zərbələri endirib. 13-cü günün hücumlarına cavab olaraq İran ABŞ hərbi bazaları yerləşən qonşu ərəb ölkələrinə raket zərbələri endirib.

İranın dövlət mediası ABŞ-nin Hörmüzdəki Keşm adasına raket zərbələri endirildiyini bildirib. Hazırda münaqişənin əsas ocaqlarından birinə çevrilən bu boğaz dünya enerji daşımaları üçün həyati əhəmiyyət daşıyır. Minlərlə insanın həyatına son qoyan və beşinci ayına daxil olan müharibə qlobal iqtisadiyyatla bağlı narahatlıqları da gücləndirib.

İranın dövlət televiziyası IRIB-in məlumatına görə, İranın Əhvaz şəhərində raket zərbələri nəticəsində dörd nəfər ölüb, beş nəfər yaralanıb.

Tramp: Onlar hələ kifayət qədər əzab çəkməyiblər

Husilər cümə axşamı iki neft tankerini vurduqlarını bəyan etdikdən sonra Tramp bildirib ki, qruplaşmanın gələcəkdə həyata keçirəcəyi istənilən hücuma görə məsuliyyət İranın üzərinə düşəcək.

Yəmənin şimal və qərb hissəsinə nəzarət edən husilər Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan etdiklərini açıqlayıblar. Bu ölkə hər gün milyonlarla barel nefti boru kəməri vasitəsilə Qırmızı dənizə nəql edir.

“Əgər onlar bunu yenidən etsələr, ABŞ İranı məsuliyyətə cəlb edəcək. Husilər İranın kuklaları və ya əlaltılarıdır. Buna görə də həm İrana, həm də husilərə qarşı ciddi hərbi tədbirlər görüləcək” – Tramp sosial şəbəkədə belə yazıb.

O, “Axios” nəşrinə müsahibəsində İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpasını nəzərdən keçirdiyini və qərar verməyə çox yaxın olduğunu bildirib; deyib ki, “Onlar hələ kifayət qədər əziyyət çəkməyiblər”.

“Zərər İranın puluyla ödənəcək”

ABŞ prezidenti sosial şəbəkədə həmçinin yazıb ki, yük gəmilərinə dəyən istənilən zərərin əvəzi “İranın pulu” ilə ödəniləcək. O, ABŞ-nin nəzarətində olan dondurulmuş İran aktivlərini nəzərdə tutub, amma bunun hansı mexanizmlə həyata keçiriləcəyini açıqlamayıb.

İranın xarici işlər naziri Abbas Əraqçi Trampın sözlərinə sərt reaksiya verib.
“Başqa bir dövlətin aktivlərini bu məsələylə əlaqəsi olmayan iddiaların ödənilməsi üçün müsadirə etmək son dərəcə təhlükəli presedentdir” deyən Əraqçi əlavə edib ki, əgər dövlətlər belə addımları normal praktikaya çevirsələr, artıq heç kimin əmlakı təhlükəsiz olmayacaq.
“Reuters” agentliyinin İran və Yəməndəki mənbələrinin məlumatına görə, husilər blokada elan etməzdən bir neçə gün əvvəl İran Yəmənə İslam İnqilabı Keşikçiləri Korpusunun komandirlərini, hərbi müşavirlərini, həmçinin raketlər və dronlar göndərib. Husilər bu məlumatı təkzib ediblər.

“Politfm”