Zelenski ilə Tramp arasında telefon danışığı baş tutub

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin enerji və digər mülki infrastruktur obyektlərinə qarşı hücumların qarşılıqlı şəkildə dayandırılmasına razılıq verdiyini təsdiqləyib.

“Prezident Tramp Putinlə söhbəti və müzakirə olunan əsas məsələlər barədə məlumat verdi. Müharibənin tamamilə dayandırılmasına aparan ilk addımlardan biri enerji və digər mülki infrastruktura hücumların dayandırılması ola bilər. Mən bu addımı dəstəklədim və Ukrayna onun həyata keçirilməsinə hazır olduğunu təsdiqlədi”, – Zelenski sosial şəbəkə X-də yazıb.

Onun sözlərinə görə, ABŞ tərəfi həmçinin “cəbhə xəttində qeyd-şərtsiz atəşkəs” təklif edib və Ukrayna bu təklifi qəbul edib.

Lakin Tramp və Putin arasındakı söhbətdə qeyd-şərtsiz atəşkəsdən danışılmayıb. Kremlin məlumatına görə, Putin yalnız 30 gün müddətinə enerji infrastrukturu obyektlərinə hücumlardan imtina etməyə razılaşıb və bununla bağlı hərbçilərə göstəriş verib.