Run ap İorvert, Con Suinni, Meri Lu Makdonald və Mişel O’Nil; Kardiff, 14 sentyabr 2026 (foto: “The Journal”)

 

 

 

Şotlandiya, Uels və Şimali İrlandiyanın müstəqillik tərəfdarı siyasi qüvvələri Böyük Britaniyanın gələcəyi ilə bağlı səylərini əlaqələndirmək qərarına gəliblər. Şotlandiya Milli Partiyasının rəhbəri Con Suinni, Uelsdə hakim “Plaid Cymru” partiyasınını lideri Run ap İorvert, “Sinn Fein” sədrinin müavini Mişel O’Nil və partiyanın rəhbəri Meri Lu Makdonald sentyabrın 14-də Kardiffdə görüşərək əməkdaşlıq memorandumu imzalayıblar.

Suinni Şotlandiyanın, ap İorvert isə Uelsin hökumətinə rəhbərlik edir. O’Nil isə Şimali İrlandiya hökumətinin iki bərabərhüquqlu rəhbərindən biridir. Bununla belə, onlar sənədi təmsil etdikləri hökumətlər adından yox, partiya rəhbərləri kimi imzalayıblar. Buna görə memorandum nə Böyük Britaniyadan ayrılma prosesini başladır, nə də referendumların keçirilməsi üçün hüquqi əsas yaradır. Sənəd ilk növbədə üç millətçi hərəkatın siyasi əməkdaşlıq niyyətini ifadə edir (“The Guardian”).

Memorandumda Şotlandiya, Uels və İrlandiyanın fərqli tarixə, siyasi ənənələrə və milli kimliyə malik olduğu bildirilir. Sənədi imzalayan partiyalar hər bir xalqın gələcəyini demokratik yolla müəyyənləşdirmək hüququnu müdafiə edirlər. Onlar Britaniya hökumətini konstitusiya dəyişikliklərinə hazırlaşmağa və bu prosesə mane olmamağa çağırırlar.
Sənəddə yalnız müstəqillik məsələsində yox, digər sahələrdə də əməkdaşlıq niyyəti qeyd olurur. Tərəflər iqtisadi siyasət, gəlir bərabərsizliyi, yeni iş yerləri, bərpa olunan enerji, Avropa ilə münasibətlər və beynəlxalq əməkdaşlıq sahələrində də birgə fəaliyyət göstərmək istəyirlər. Onların fikrincə, “Brexit” iqtisadi imkanları məhdudlaşdırıb və onların ölkələrinin gələcəyi Avropa İttifaqı ilə bağlıdır.

Memorandumun ən sərt cümləsi budur: “Vestminsterin vaxtının başa çatdığına bundan aydın sübut ola bilməz” (Vestminster dedikdə Britaniya parlamenti və mərkəzi hakimiyyət nəzərdə tutulur).

Sənədi imzalayan partiyalar öz məqsədləri arasındakı fərqləri də gizlətmirlər. Şotlandiya və Uels ayrıca dövlət olmaq istəyir. “Sinn Féin” isə Şimali İrlandiyanın Böyük Britaniyadan ayrılaraq İrlandiya Respublikasına birləşməsini hədəfləyir. Memorandumda hər bir ölkənin öz yolu və siyasi təqvimi olduğu etiraf edilir.

Amma Şimali İrlandiyada yaranmış mübahisə təşəbbüsün məhdudiyyətlərini üzə çıxarıb. O’Nil hökumətə Britaniya ilə birlik tərəfdarı olan Demokratik Unionist Partiyasından Emma Littl-Pengelli ilə birlikdə rəhbərlik edir. Littl-Pengelli bildirib ki, O’Nil Kardiff görüşündə Şimali İrlandiya hökumətini təmsil etmək üçün onun razılığını almayıb. Şimali İrlandiyada hökumətin iki rəhbəri hüquqi baxımdan bərabər səlahiyyət daşıdığı üçün O’Nil sənədi yalnız “Sinn Féin” adından imzalaya bilər (“The Journal”).

Britaniyanın baş naziri Endi Börnhamın mövqeyi də qeyri-müəyyənlik yaradıb. O, əvvəlcə deyib ki, Şotlandiyada müstəqilliyə aydın ictimai dəstək yaranarsa, yeni referendum keçirilə bilər. Baş nazir daha sonra Suinniyə ünvanladığı məktubda müstəqillik referendumunun hazırda gündəmdə olmadığını bildirib. Millətçilər ilk açıqlamanı Londonun öz müqəddəratını təyinetmə prinsipini qəbul etməsi kimi təqdim etsələr də, hökumət siyasətinin dəyişmədiyini vurğulayıb.

Kardiff görüşünün siyasi əhəmiyyətini vurğulayanlar olsa da, mümkün nəticələri barədə fərqli fikirlər var. “The Guardian” bunu müstəqillik tərəfdarı olan qüvvələrin ilk dəfə Şotlandiya, Uels və Şimali İrlandiyada eyni vaxtda hökumətdə olması ilə əlaqələndirir. Qəzet yazır ki, yeni vəziyyət Börnham hökumətini yalnız müstəqillik məsələsində yox, səlahiyyətlərin və maliyyə vəsaitlərinin bölgüsündə də təzyiq altında saxlaya bilər.

Britaniyanın mühafizəkar mediasında isə daha sərt ifadələr yer alıb. “The Telegraph” sazişi Böyük Britaniyanın parçalanmasına yönəlmiş pakt kimi təqdim edib. Unionist mövqedən yazan “The Intelligent” nəşri görüşü ölkənin parçalanmasının siyasi məşqi adlandırıb.
İspaniyanın “El País” qəzeti isə sənədin rəmzi əhəmiyyətinin praktiki təsirindən daha böyük olduğuna diqqət çəkir. Nəşr xatırladır ki, Şotlandiya Milli Partiyası 2024-cü il seçkisində ciddi itkilərlə üzləşib – Şotlandiyadakı son parlamenti seçkisində az fərqlə də olsa, çoxluğu əldə edə bilməyib. Uelsdə “Plaid Cymru” hakimiyyətə gəlsə də, yaxın illərdə müstəqillik referendumu keçirmək barədə konkret plan açıqlamayıb.

Bu ölkələrdə ictimai rəy də eyni deyil. “The Guardian”-ın istinad etdiyi son sorğulara görə, Şotlandiyada müstəqilliyi dəstəkləyənlər 47 faizdir. Uelsdə bu göstərici 32 faiz təşkil edir. Şimali İrlandiyada İrlandiya Respublikası ilə birləşmək istəyənlərin payı isə 36 faizdir. Bu nəticələr Britaniyadan ayrılmaq istəyənlərin siyasi baxımdan ciddi qüvvəyə çevrildiyini göstərir, amma hələ ki heç bir ölkədə dəyişiklik üçün sabit əksəriyyət yaranmayıb.
Hüquqi şərait də fərqlidir. Britaniya Ali Məhkəməsi 2022-ci ildə Şotlandiya parlamentinin Londonun razılığı olmadan müstəqillik referendumu keçirə bilməyəcəyinə qərar verib. Uelsin də birtərəfli qaydada belə səsvermə keçirmək səlahiyyəti yoxdur. Hər iki halda Britaniya parlamentinin razılığı lazımdır.

Şimali İrlandiyanın vəziyyəti fərqlidir. 1998-ci il Belfast sazişinə görə, əhalinin əksəriyyəti istədiyi halda bu ölkə İrlandiya Respublikasına birləşə bilər. Amma səsvermə keçirilməsi barədə qərarı Britaniya hökumətinin Şimali İrlandiya üzrə naziri verməlidir. Hazırkı sorğular hələ birləşmə tərəfdarlarının əksəriyyət təşkil etmədiyini göstərir.

Avropa İttifaqına qayıdış vədi də müxtəlif nəticələr doğura bilər. Müstəqil Şotlandiya və Uels üzvlük üçün müraciət etməli, danışıqlardan keçməli və bütün üzv dövlətlərin razılığını almalıdırlar. Şimali İrlandiya isə İrlandiya Respublikasına birləşəcəyi təqdirdə artıq Aİ üzvü olan dövlətin tərkibinə daxil olmuş olacaq.

Beləliklə, Kardiff memorandumu Böyük Britaniyanın yaxın vaxtlarda parçalanacağı anlamına gəlmir. Sənəddə valyuta, sərhədlər, dövlət borcunun bölüşdürülməsi, büdcə gəlirləri və gələcək ticarət münasibətləri kimi çətin məsələlərə toxunulmur.

Bununla belə, görüşü əhəmiyyətsiz siyasi hadisə saymaq da doğru olmaz. Şotlandiya, Uels və İrlandiya millətçiləri ilk dəfə ortaq siyasi proqram ətrafında davamlı əməkdaşlıq qurmağa çalışırlar. Bu əməkdaşlığın əsas nəticəsi dərhal müstəqillik olmasa da, Böyük Britaniyanın necə idarə edilməsi barədə mübahisələri daha da gücləndirə bilər.

“Politfm”