Donald Trampın oğlunun toy şənliyindən; Baham adaları, may 2026 (foto: “ProPublica”)
Beynəlxalq Boks Assosiasiyasının (IBA) rəhbəri, Rusiya Prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan Umar Kremlyov Donald Trampın oğlunun Baham adalarında keçirilən toy xərcinin yüz minlərlə dollarlıq hissəsini öz üzərinə götürüb.
Bu barədə “ProPublica” məlumat yayıb.
Nəşrin əldə etdiyi sənədlərə və toyun təşkilindən xəbərdar olan şəxslərin dediklərinə görə, Kremlyov qonaqların qaldığı və ziyafətin keçirildiyi özəl adalardan birinin icarə haqqını ödəyib. Atəşfəşanlıq və başqa bahalı xidmətlərin pulu da onun hesabına ödənilib. Kremlyovun işçiləri toy hazırlıqlarına da kömək ediblər.
Pul Dubayda qeydiyyatdan keçmiş, IBA ilə əlaqəli “IB Challenger” şirkəti vasitəsilə köçürülüb. “ProPublica” həmin şirkətin IBA-nın maliyyə əməliyyatlarında istifadə olunduğunu yazır.
Oğul Donald Tramp və Bettina Andersonun may ayında iki özəl adada keçirilən toy məclisi üç gün davam edib. Məclisə təxminən 50 qonaq qatılıb. Onların arasında Tramp ailəsinin üzvləri, Cared Kuşner, Erik Tramp və Umar Kremlyov da olub.
Kremlyov toyun ilk günü cəmi 18 nəfərin iştirakı ilə keçirilən nikah mərasiminə qatılmayıb. O, sonrakı günlərdə təşkil olunan ziyafətlərdə iştirak edib.
Toyda rusiyalıların çoxluğu bəzi qonaqları təəccübləndirib. Şahidlərin sözlərinə görə, onlar başqalarına qoşulmayıblar və rus dilində danışıblar. Kremlyovla birlikdə məclisə rusiyalı iş adamı Aleksandr Laqutin və onun IBA-dakı yaxın əməkdaşı Yelena Sobol da qatılıb.
“ProPublica” yazır ki, toyun keçirildiyi adalardan birinin bir gecəlik icarəsi təxminən 100 min dollara başa gəlir. Atəşfəşanlığı təşkil edən şirkət isə belə nümayişlər üçün təxminən 70 min dollar tələb edir.
Kremlyovun niyə Trampın oğlunun toyuna bu qədər pul xərclədiyi məlum deyil. ABŞ mətbuatının hesablamalarına görə, oğul Donald Trampın var-dövləti təxminən 300 milyon dollardır və onun toy xərclərini ödəmək üçün kənar maliyyə yardımına ehtiyacı olmayıb.
Keçmiş FTB rəsmisi Frenk Montoya hesab edir ki, belə bahalı jestlər sonradan qarşılıq istəmək ehtimalını yaradır. O bildirib ki, prezident oğlunun xarici oliqarxdan bu miqyasda maddi dəstək qəbul etməsi təhlükəsizlik baxımından ciddi suallar doğurur.
Oğul Trampın sözçüsü Kremlyovun toyun təşkili üçün pul ödədiyini təkzib etməyib. O deyib ki, Kremlyov oğul Trampın şəxsi dostudur, amma onların arasında işgüzar münasibət yoxdur. Bildirilir ki, onlar ortaq tanışları vasitəsilə görüşüblər, ovçuluğa və boksa olan maraqları sayəsində yaxınlaşıblar.
Kremlyovun mətbuat xidməti onların bir neçə il əvvəl tanış olduqlarını və Kremlyovun amerikalı dostları ilə siyasi məsələləri müzakirə etmədiyini açıqlayıb.
Kremlyovun nümayəndələri IBA-nın toy üçün pul xərcləmədiyini desələr də, assosiasiya ilə əlaqəli “IB Challenger” şirkətindən edilən ödənişlər barədə açıqlama verməyiblər.
“ProPublica” Rusiyanın “Proyekt” nəşrinə istinadən yazır ki, Kremlyov Putinin mühafizə xidmətinin rəhbəri Aleksey Rubejnoyla yaxın münasibətdədir. “Proyekt”in məlumatına görə, Rubejnoy 2017-ci ildə Kremlyovun Rusiya Boks Federasiyasına rəhbər gətirilməsinə şəxsən vasitəçilik edib.
Umar Kremlyov Ukraynanın sanksiya siyahısındadır. Kiyev bunu onun Putinlə və Rusiyanın xüsusi xidmət orqanlarına yaxınlığıyla əsaslandırır. Amma ABŞ-nin açıq sanksiya siyahılarında onun adı yoxdur.
Əvvəllər IBA Rusiyanın dövlət şirkəti “Qazprom”dan on milyonlarla dollar maliyyə alıb. Beynəlxalq Olimpiya Komitəsi idarəçilik və maliyyə şəffaflığı ilə bağlı problemlərə görə 2023-cü ildə qurumu Olimpiya boks yarışlarını keçirmək hüququndan məhrum edib.
Cared Kuşner, Ağ Ev və Rusiya hökuməti “ProPublica”-nın sorğusuna cavab verməyib. Erik Trampın nümayəndəsi isə onun Umar Kremlyovu tanımadığını bildirib.
“Politfm”



