MSK sədri Ella Pamfilova parlament seçkisinin ilkin nəticələrini açıqlayır; Moskva, 21 sentyabr 2026 (foto: AP)
Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hücumu başlayandan sonra keçirilən ilk parlament seçkisi hakim “Vahid Rusiya” partiyasının rekord üstünlüyü ilə yekunlaşır. İlkin nəticələrə görə, partiya əvvəlki çağırışla müqayisədə daha 31 mandat qazanaraq parlamentdəki mövqeyini gücləndirib.
Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Ella Pamfilova bildirib ki, məntəqə protokollarının 95,18 faizi hesablandıqdan sonra “Vahid Rusiya” partiya siyahısı üzrə səslərin 57,83 faizini toplayıb. Partiyanın Dövlət Dumasındakı 450 yerdən 355-nə sahib olacağı gözlənilir. Bu, Duma tarixində “Vahid Rusiya”nın qazandığı ən yüksək mandat sayıdır. Yekun nəticələrin sentyabrın 25-də açıqlanacağı bildirilir (AP).
2021-ci il seçkisində hakim partiya 49,8 faiz səs və 324 mandat qazanmışdı. Beləliklə, onun səs payı təxminən 8 faiz bəndi (31 mandat) artıb. “Vahid Rusiya” yeni Dumadakı yerlərin 79 faizinə nəzarət edəcək. Bu, konstitusiyaya dəyişiklik də daxil olmaqla, mühüm qanunları digər partiyaların dəstəyi olmadan qəbul etmək üçün tələb olunan 300 mandatlıq həddən xeyli çoxdur (“Reuters”).
Mandatlar necə bölünüb?
İlkin hesablamaya görə, Dövlət Dumasında yerlər belə bölüşdürüləcək:
• “Vahid Rusiya” – 355 mandat;
• Rusiya Federasiyası Kommunist Partiyası – 40 mandat;
• Liberal-Demokrat Partiyası – 25 mandat;
• “Yeni insanlar” – 20 mandat;
• “Ədalətli Rusiya” – hələlik 4 mandat;
• “Rodina” – 1 mandat;
• müstəqil namizədlər – 4 mandat.
“Ədalətli Rusiya” partiya siyahısı üzrə 4,96 faiz səs toplayıb və beş faizlik həddi cüzi fərqlə keçə bilməyib. Lakin hesablamalar davam etdiyi üçün partiyanın həmin həddi aşmaq imkanı qalır. Onun dörd namizədi birmandatlı dairələrdə qalib gəldiyindən partiya istənilən halda Dumada təmsil olunacaq.
Rusiya seçki sistemində 225 deputat partiya siyahıları, digər 225 deputat isə birmandatlı dairələr üzrə seçilir. “Vahid Rusiya” birmandatlı dairələrin 208-də üstünlük əldə edib. Buna görə də partiyanın səs payı 58 faizə çatmasa da, parlamentdə yerlərin təxminən beşdə dördünü qazanır.
MSK-nın məlumatına görə, seçici fəallığı 59,3 faiz olub. 2021-ci ildə bu göstərici 51,7 faiz idi.
Seçki müharibəyə münasibətin göstəricisi sayıla bilərmi?
Vladimir Putin seçkiqabağı çıxışlarında səsverməni ölkənin tutduğu siyasi kursa münasibətin göstəricisi kimi təqdim edirdi. Hakimiyyətin təbliğatında yüksək fəallıq və “Vahid Rusiya”nın qələbəsi həm də Ukraynadakı müharibəyə ictimai dəstəyin təsdiqi kimi göstərilir.
Lakin seçkinin keçirildiyi şərait rəsmi nəticələrdən belə birbaşa nəticə çıxarmağa imkan vermir. Sülh istəyi və müharibənin dayandırılması mövqeyi ilə seçkiyə qatılmaq istəyən “Yabloko”nun ölkə üzrə vahid namizədlər siyahısı Ali Məhkəmənin qərarı ilə səsvermədən çıxarılmışdı. Partiyanın yalnız bir neçə nümayəndəsi ayrı-ayrı birmandatlı dairələrdə mübarizə apara bildi. Müharibəyə açıq etiraz edən başqa siyasətçilərin bir qismi həbsdədir, bir qismi ölkədən gedib, digərləri isə seçkidə iştirak imkanından məhrum edilib.
Səsvermə Rusiyanın işğal etdiyi Ukrayna ərazilərində də keçirilib. Bura 2014-cü ildə ilhaq olunmuş Krım, eləcə də Moskvanın 2022-ci ildə özünə birləşdirdiyini elan etdiyi Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin Rusiyanın nəzarətində olan hissələri daxildir. Kiyev həmin ərazilərdə keçirilən səsverməni qanunsuz adlandırıb. AP-nin müxbiri Donetskdəki məntəqələrdən birində silahlı rusiyalı hərbçinin səs verənləri izlədiyini yazıb.
Rusiya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının müşahidəçilərini seçkiyə dəvət etməyib. Təşkilatın Parlament Assambleyasının sədri Pere Joan Pons bunu Rusiyanın üzərinə götürdüyü öhdəlikləri pozması kimi qiymətləndirib.
Ekspertlər nəticəni necə izah edirlər?
Karnegi Rusiya Avrasiya Mərkəzinin müəllifi Andrey Pertsevin fikrincə, Kremlin qarşısında duran başlıca vəzifə “Vahid Rusiya”nın ən azı 300 mandatla konstitusiya çoxluğunu qoruması idi. Hakimiyyət seçki kampaniyasını mümkün qədər sakit keçirməyə, cəmiyyətdə narazılıq yaradan mövzuların müzakirəsinə imkan verməməyə və ilk növbədə dövlətdən asılı seçici qruplarını məntəqələrə gətirməyə çalışıb (ceip-cas.ceip.org).
Viskonsin-Miluoki Universitetinin professoru Ora Con Royter Rusiyadakı quruluşu “seçkili avtoritar sistem” adlandırıb: seçkilər keçirilir, ancaq iştirakçıların və səsləndirilə biləcək fikirlərin sərhədini hakimiyyət müəyyənləşdirir. Onun sözlərinə görə, namizədlər bəzi sosial və iqtisadi məsələləri müzakirə edə bilərlər, lakin müharibənin dayandırılmasını açıq tələb etmək və Putinin hakimiyyətinə meydan oxumaq mümkün deyil.
Siyasi şərhçi Yekaterina Şulman hesab edir ki, “Vahid Rusiya”nın konstitusiya çoxluğu Kremlin parlament üzərində nəzarətinin əsas şərtidir. Digər parlament partiyalarına da məhdud yer ayrılır, amma həmin partiyalar mühüm məsələlərdə, adətən, prezident administrasiyasından və hökumətdən gələn təşəbbüslərə mane olmurlar.
“Seçki Atlası” layihəsinin eksperti Vadim Ternovoy isə siyasi seçim imkanlarının tədricən daraldığını vurğulayır. Onun hesablamasına görə, son on ildə Rusiyada qeydiyyata alınmış partiyaların sayı 75-dən 17-yə düşüb. 2022-ci ildən sonra müxtəlif səviyyəli seçkilərdə namizədliyini irəli sürənlərin sayı da təxminən 20 faiz azalıb. “Yabloko”nun siyahısının səsvermədən çıxarılmasından sonra sosial şəbəkələrdə partiyaya marağın 80 dəfə artması müharibə əleyhdarı seçicilərin təmsil olunmaq istəyinin tam itirilmədiyini göstərib (“themoscowtimes.com”).
Rəsmi məlumatlarla müşahidəçilərin qeydləri üst-üstə düşmür
MSK seçkidə ölkə üzrə yalnız iki yerdə topa bülleten atılması halı olduğunu bildirib. Krım və Mari El Respublikasında qeydə alınmış bu hallarla yanaşı, 12 regiondakı 20 məntəqədə 36 850 bülleten etibarsız sayılıb. Pamfilova nəticələrin bütövlükdə ləğvi üçün əsas görmədiyini deyib (“tvrain.tv”).
Müstəqil müşahidəçilər isə daha geniş pozuntu siyahısı təqdim ediblər. “Seçkilər 2026 – birlikdə müşahidə edirik” platformasına səsvermənin son günü Moskva vaxtı ilə saat 16:00-dək təxminən 850 şikayət daxil olub. Onların 282-si müşahidəçilərin hüquqlarının pozulması ilə bağlı olub.
Ufada iki müşahidəçi saxlanılıb, Buryatiyada kommunist müşahidəçiləri daşıyan avtomobilin təkərləri deşilib. Nijni Novqorodda “Yabloko”nun nümayəndəsi seçici fəallığına dair rəqəmlərlə məntəqədə gördükləri arasında fərq olduğunu dedikdən sonra təzyiqlə üzləşdiyini bildirib. Yakutiyada isə məntəqə komissiyasının sədri və müavininin bülletenlərin saxlandığı möhürlü paketləri səsvermə başa çatmamış açdığı MSK tərəfindən də təsdiqlənib(“meduza.io”).
“Le Monde” Perm şəhərində dövlət qulluqçularının, müəllimlərin, həkimlərin və iri müəssisələrin işçilərinin səsverməyə cəlb edilməsi üçün təzyiq göstərildiyinə dair məlumatlar yayıb. Nəşrin danışdığı müşahidəçilər bəzi məntəqələrə buraxılmadıqlarını, hədə və zorakılıqla üzləşdiklərini bildiriblər (“lemonde.fr”).
Sorğu nəticələri nəyi göstərir?
“ExtremeScan” araşdırma qrupu sentyabrın 20-də Rusiyanın müxtəlif bölgələrində 1.640 nəfər arasında telefon sorğusu keçirib. Tədqiqat klassik “exit-poll” deyil və rəsmi nəticəni hesablamaq məqsədi daşımır. Onun əsas məqsədi seçicilərin davranışını və səsverməyə münasibətini öyrənmək olub.
Sorğuya qatılanların:
• 47 faizi yaşadığı bölgədə səslərin düzgün hesablanacağını düşündüyünü deyib;
• 29 faizi nəticələrə az və ya çox dərəcədə əlavə səslər yazılacağına inanıb;
• 21 faizi suala cavab verməkdə çətinlik çəkib;
• səs verdiyini deyənlərin 53 faizi hansı partiyanı seçdiyini açıqlamayıb.
Dövlət müəssisələrində çalışanların 79 faizi səs verdiyini deyib. Özəl sektorda bu göstərici 50, sahibkarlar və fərdi çalışanlar arasında 48 faiz olub. Dövlət işçilərinin 58 faizi cümə günü – səsvermənin ilk günündə məntəqəyə gedib. Elektron səsvermənin tətbiq edildiyi bölgələrdə dövlət sektorunda çalışan hər beş nəfərdən biri rəhbərliyin onlara bu sistemdə qeydiyyatdan keçməyi ciddi şəkildə tövsiyə etdiyini bildirib.
Araşdırmaçılar belə nəticəyə gəliblər ki, üç gün ərzində sanki iki fərqli seçici qrupu səs verib: cümə günü dövlət müəssisələrinin işçiləri və elektron səsvermədən istifadə edənlər, bazar günü isə daha çox özəl sektorda çalışanlar, fərdi sahibkarlar və hakim partiyanı dəstəkləməyənlər məntəqələrə gediblər (“extremescan.eu”).
Seçicilər sosial şəbəkələrdə nə yazırlar?
Yerli xəbər saytlarının şərh bölmələrində və sosial şəbəkələrdə seçkiyə münasibət kəskin şəkildə bölünüb. Bu yazılar anonimdir, müəlliflərinin həqiqətən səs verib-vermədiyini yoxlamaq mümkün deyil və həmin rəylər bütün Rusiya cəmiyyətini təmsil etmir. Bununla belə, onlar seçki ətrafındakı müxtəlif əhvali-ruhiyyəni göstərir.
Moskvanın xəbər saytlarından birində özünü “Vahid Rusiya” seçicisi kimi təqdim edən istifadəçi şəhərdə yeni velosiped yollarının, metro stansiyalarının tikildiyini və maaşının artdığını yazaraq seçimini bununla əsaslandırıb. Başqa bir istifadəçi isə yaşlı qohumlarının bahalaşmadan və aşağı pensiyadan narazı olmalarına baxmayaraq Qərbin Rusiyaya qarşı olduğu və ölkənin Putinlə “Vahid Rusiya” sayəsində ayaqda qaldığı düşüncəsi ilə hakim partiyaya səs verdiyini bildirib.
Tənqidi rəylərdə isə rəsmi nəticə ilə gündəlik həyatdakı narazılıq arasındakı fərq qabardılır. İstifadəçilərdən biri “Hamı narazıdırsa, 60 faiz haradan yaranır?” yazaraq elektron səsvermənin, dövlət işçilərinin kütləvi şəkildə məntəqələrə aparılmasının və inzibati imkanların nəticəyə təsir etdiyini iddia edib.
“Fontanka”nın şərh bölməsində ilk dəfə seçkiyə qatıldığını yazan bir gənc “Vahid Rusiya”nın səslərini azaltmaq üçün Kommunist Partiyasına və ya “Yeni insanlar”a səs verməyin vacib olduğunu bildirib: “Az da olsa, şans var”. Başqa bir istifadəçi isə seçkiyə getməyənlərin nəticədən şikayət etməsini tənqid edib. Digər rəylərdə rəsmi fəallıq göstəricisinə inamsızlıq ifadə olunub: bəzi seçicilər getdikləri məntəqədə qutuların və seçici siyahılarının, demək olar ki, boş olduğunu yazıblar (“fontanka.ru”).
Rəsmi nəticə Kremlin qarşısına qoyduğu əsas məqsədə çatdığını göstərir: “Vahid Rusiya” konstitusiya çoxluğunu qorumaqla yanaşı, mandatlarının sayını artırıb. Lakin müharibə əleyhdarı əsas siyasi qüvvənin ümumi siyahıdan çıxarılması, müstəqil müşahidənin məhdudlaşdırılması, dövlət işçilərinin səfərbər edilməsi və elektron səsverməyə dair şübhələr bu nəticəni cəmiyyətin müharibəyə münasibətinin dəqiq ölçüsü kimi qiymətləndirməyə imkan vermir.
Hakim partiyanın real tərəfdarlarının olduğunu inkar etmək üçün əsas yoxdur. Ancaq belə şəraitdə həmin dəstəyin miqyasını dövlətin seçiciləri səfərbər etmək, siyasi rəqabəti məhdudlaşdırmaq və nəticəyə nəzarət etmək imkanından ayırmaq mümkün deyil. Bu baxımdan 355 mandat yalnız “Vahid Rusiya”nın populyarlığını yox, Kremlin seçki sisteminə nə dərəcədə hakim olduğunu da göstərir.
“Politfm”



